“Turan” Vergilər Nazirliyinin əməllərini agentliyin və onun direktoru Mehman Əliyevin cinayət təqibinin uzadılması və kollektivin jurnalist fəaliyyətinə maneə yaradılması üçün qərəzli addımlar kimi qiymətləndirir.
1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində oktyabrın 11-də Müseyib Bayramovun sədrliyi ilə “Turan” agentliyinin Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Departamentinə və Vergi Cinayətlərinin İlkin Araşdırılması Departamentinə qarşı iddiaları üzrə dinləmələr keçirilib.
Agentlik 7 avqust tarixli 2014-2016-cı illər üçün əlavə vergi borcunun hesablanması haqqında qərarın ləğvini, habelə agentlikdə növbədənkənar səyyar vergi yoxlaması haqqında qərarın qanunsuz və etibarsız hesab olunmasını xahiş edirdi.
Amma agentliyin iddianı verdiyi tarixdən təxminən bir ay sonra, sentyabrın 11-də Lokal Vergilər Departamenti 7 avqust tarixli vergi hesablanması haqqında qərarlarını ləğv edib, amma bu, həmin departamentin sentyabrın 15-də yenidən agentliyin eyni ölçüdə eyni vergi borcunu hesablamasına mane olmayıb.
Bu departamentin nümayəndələri 7 avqust tarixli qərarların sentyabrın 11-də ləğvi ilə əlaqədar işə xitam verilməsi barədə vəsatət qaldırıblar, buna cavab olaraq agentlik 7 avqust qərarlarının faktiki olaraq ləğv edilmədiyini, eyni məbləğin 7 avqust tarixli qərardan 15 sentyabr tarixli qərara köçürüldüyünü qeyd edib.
Vergi Cinayətlərinin İbtidari Araşdırması Departamentinin nümayəndəsi növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın etibarsız hesab olunması haqqında iddianın yolverilməz olduğu barədə vəsatət qaldırıb. O, öz tələbini bu cür yoxlamalar haqqında qərarların inzibati akt olmaması və onlardan şikayət verilə bilməməsi ilə əsaslandırmağa çalışıb.
Amma “Turan”-ın nümayəndəsi Fuad Ağayev buna etiraz edərək, səyyar vergi yoxlamasının təyin edilməsi haqqında qərarın özündə 30 gün ərzində məhkəməyə şikayət vermək hüququ nəzərdə tutulur.
Fuad Ağayev həmçinin Vergilər Nazirliyinin 07 sentyabr 2016-cı il tarixində təsdiq edilmiş və 23 sentyabr 2016-cı il tarixində Dövlət Normativ Aktlar Reyestrinə daxil edilmiş Səyyar Vergi Yoxlamalarının Həyata Keçirilməsi Qaydalarına istinad edərək, bu qaydaların 2 saylı əlavəsini, daha dəqiq isə Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş səyyar vergi yoxlamasının təyin edilməsi haqqında qərar formasını göstərib. Bu formanın 4-cü bəndində vergi ödəyicisinin şikayət hüququ yer alır.
Məhkəmə “Turan” agentliyində növbədənkənar vergi yoxlaması haqqında qərarın qanuniliyi və etibarlılığı haqqında məsələyə baxılmasını 13 oktyabr saat 11.55-ə keçirib, ikinci iş isə dekabrın 5-nə qədər təxirə salınıb.
“Turan” Vergilər Nazirliyinin əməllərini agentliyin və onun direktoru Mehman Əliyevin cinayət təqibinin uzadılması və kollektivin jurnalist fəaliyyətinə maneə yaradılması üçün qərəzli addımlar kimi qiymətləndirir.
* Lokal Vergilər Departamenti mayda "Turan" agentliyinə qarşı 2016-cı il üçün 5 min manat ölçüsündə cəza təyin edib. Amma Turan-ın inzibati şikayətindən sonra Vergilər Nazirliyinin yuxarı instansiyası araşdırma apardıqdan sonra, iyunun 30-da bu qərarı ləğv edib. Sonradan, avqustun 7-də elə həmin departament 2016-cı il üçün bu dəfə 9 min manat, 2014-2016-cı illər üçün isə 37 min manat vergi hesablayıb. Agentliyə qarşı cinayət işi açılıb.
Avqustun 25-də agentliyin direktoru Mehman Əliyev həbs edilib. Amma sentyabrın 11-də o, Bakı şəhərindən çıxmamaq haqqında iltizam alınaraq azad edilib.