Oktyabrın 11-də "Məhbus Ailələrinin Kordinasiya Mərkəzi" siyasi fəal, narkotiklə ittiham edilən Müsəlman Birliyi Hərəkatının üzvü Əhsən Nuruzadənin həbsi ilə bağlı mətbuat konfransı keçirib. Konfransın açılışında yazıçı Zümrüd Yağmur çıxış edərək, Əhsən Nuruzadənin bundan əvvəl də 2 dəfə həbs edildiyinə diqqət çəkib:
Aran Agentiliyi: "Birinci dəfə həbs olunanda yeri bilinməmişdi, sonra məlum oldu ki, "Bandotdel"dədir. Sonradan yenə həbs olundu, çıxandan 4-5 gün sonra oğurlandı, 5 gün sonra da yeri məlum oldu. Mən son dövrlər Azərbaycan hakimiyyətinin həbs siyasətinəd ağılsızlıq müşahidə edirəm. Deyirlər, zor gələndə, məntiqə yer qalmaz. Əgər Əhsən Nuruzadə həqiqətən narkomandırsa, onu əvvəl niyə saxlayanda buraxırdılar? Mən son zamanlar elə fikirləşirdim ki, Azərbaycan hakimiyyəti ağıllı davranacaq. Oğurlanan 3 milyardla bağlı yaranmış vəziyyətdən sonra yumşalma siyasəti yürüdəcək. Amma bunlar pul oğurluğundan sonra adam oğurluğuna keçdilər"
Zümrüd Yağmurdan sonra jurnalist Əvəz Zeynallı məlum həbsdən danışıb:
"Aralıqsız və ardıcıl olaraq repressiya aparatı işləyir. Doğrusu, əvvəl Mehman Əliyevin və Faiq Əmirlinin azadlığa buraxılmasından sonra bir az ümidləndik. ABŞ konqresindəki qərarlar da bir az bunları silkələmişdi. Amma artıq deyirlər ki, AŞ-dan filan çıxmaq istəyirlər. Əhsən Nuruzadənin həbsi də bu dalğanın davamıdır. Mitinqə icazə verirlər, eyni zamanda mitinq iştirakçılarına cəza verirlər. Sanki xalqa demək istəyirlər ki, biz icazə verəcəyik, amma siz gəlməyin. Məhsul stadionunun kənarındakı evlərə tapşırıblar ki, mitinq zamanı pencərədən, balkondan baxmasınlar. Bir fakt mənə dəqiq məlumdur ki, SOCAR-da işçilərə "facebook"a girmək qəti qadağan olunub, post paylaşan, şəkil çəkdirib paylaşan insanları işdən çıxarırlar. Tək yol var, hamımız mübarizəyə davam etməli, etiraz etməliyik".
Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev isə siyasi məhbusların divardan asılmış fotoların göstərərək, bu həbslərin hər birinin absurd ittihamlarla həyata keçirildiyini söyləyib:
"Amma bir nüans var, bu insanlar həbs olunanda Azərbaycan cəmiyyəti biabır oldu. Bu gün isə vəziyyət fərqlidir. Bu həbslər dövlətçiliyimiz üçün təhlükəyə çevrilib. Bu gün insanlar artıq həbslərdən qorxumurlar, həbslər aidləşib. Əhsən Nuruzadəni nəylə də olsa, narkotiklə tutmaq olmazdı. Çünki o, əxlaqlı, dindar biri idi. Əvəz (Əvəz Zeynallı) deyir ki, etiraz etməliyik, amma məncə biz etiraz yox, haqq sözü deməliyik. Amma paradoks bundadır ki, haq sözü demək bu ölkədə etiraz etmək deməkdir"
Həbsdə olan AXCP üzvü Fuad Əhmədlinin atası Zəfər Əhmədov deyib ki, hakimiyyət artıq bütün qırmızı xətləri keçib:
"Gözəl Bayramlının həbsi zamanı bizdə belə təəssürat yarandı ki, cəmiyyətdə bunun xüsusi təsiri olacaq, amma olmadı. Nədə olsa, o, Azərbaycanın azsaylı qadın siyasətçilərindən idi. Sonra Əfqan Muxtarlını sərhədin o tayından oğurlayıb gətirdilər. Dünən Əziz Orucuovun məhkəməsindəydik. Tamamilə absurd ittihamlar, bu adamın həbsinin heç o maddələrə dəxli yoxdur. İttiham olunduğu madələr də Cinayət Məcəlləsindən çıxarılıb. Əhsənin cibinə niyə narkotik atdılar? Tamamilə absurddur".
Zümrüd Yağmur: "Faiq Əmirli nə qədər imam, Fuad Əhmədli nə qədər gülənçi idisə, Əhsən Nuruzadə də o qədər narkomandır"
Konfransda Əhsən Nuruzadənin anası Zeynəb Nuruzadə də iştirak edib. O, bir müddət qəhərləndiyindən danışa bilməyib, daha sonra fikirlərini bölüşüb:
"Mənim oğlum o vaxtı bayrağı özü mənə tikdirib, evin üstündən asıb. Həmişə deyirdi ki, Azərbaycan müstəqil olmalıdır, amma bu gün onu hansı adla tutublar. Mən Sovet dövrünün adamıyam, o dövr xoşuma da gəlirdi. Əhsən isə deyirdi ki, yox, biz müstəqil olmalıyıq. Buna görə mitinqlərə gedirdi, döyülürdü, söyülürdü. İndi ona demək istəyirəm ki, sənin istədiyin azadlıq bu idi? Buna görə çalışıb, vuruşurdun? 9-cü sinifdə oxuyanda Qarabağa döyüşməyə gedib. Ona deyirdim ki, sən hələ balacasan, amma o mənə deyirdi ki, məgər mən yaralı əsgəri dartıb meydandan da çıxarda bilmərəm? Kiməsə su da verə bilmərəm? O, həmişə bizə qarşı olub, həqiqət istəyib. Onu oğurlamağa ehtiyac yox idi, evdən də çağırsaydılar, gedəcəkdi. Əhsən qorxaq insan deyildi".
Son olaraq azadlıq hərəkatının fəallarından biri Nemət Kərimli danışıb:
"Artıq sözün bitdiyi yerdi. Azərbaycan xalqı həmişə dostluğunu da, düşmənçiliyini də kişi kimi edib. Amma bu hakimiyyət belə davranmır, insanları şərləməklə məşğuldur. Zeynəb xanım dedi ki, Əhsən Qarabağa gedib, evinin üstündən bayraq asıb. Hakimiyyət onun kimi insanları həbs etməklə əslində bu xalqdan qisas alır. Nə qədər ki, bunlar hakimiyyətdədir ki, xalqın heç bir problemi həll olmayacaq".
Xatırladaq ki, Əhsən Nuruzadə oktyabrın 6-ı saat 13:00 radələrində yaşadığı binanın qarşısından qara rəngli "cip" markalı maşın tərəfindən naməlum istiqamətə aparılıb. Bundan sonra onun barəsində məlumat almaq mümkün olmayıb.
O, bu ilin yanvar ayında da naməlum şəxslər tərəfindən oğurlanıb. Fəalın sonradan Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldığı və 10 sutka həbs cəzası aldığı məlum olub. Eyni hadisə sentyabrın 19-u da təkrarlanıb. Əhsən Nuruzadə bir neçə gün Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanıldıqdan sonra məhkəmənin qərarı ilə 10 sutka azadlıqdan məhrum edilib. Cəzasını çəkdikdən sonra, oktyabrın 2-i sərbəst buraxılıb.