Arannews-Apelyasiya Məhkəməsi oktyabrın 13-də AXCP sədrinin müavini Gözəl Bayramlının həbs qətimkan tədbirinin uzadılması ilə bağlı Nəsimi Rayon Məhkəməsinin qərarından verilən şikayətə baxıb.
Məluimatı vəkil Elçin Sadıqov “Facebook” səhifəsində yayıb.
Vəkil qərarın qüvvədə saxlanıldığı deyib.
Elçin Sadıqov jurnalist Əfqan Muxtarlının ev dustaqlığına buraxılması haqda Nəsimi Rayon Məhkəməsinin qərarından verdikləri şikayətə də baxıldığını söyləyib. Bu şikayət də təmin olunmayıb.
Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Ə.Muxtarlı mayın 29-da saxlanılıb. Onunla bağlı yayılan rəsmi məlumatda Ə.Muxtarlının Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı deyilir.
Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.
G.Bayramlı və Ə.Muxtarlı ittihamları qəbul etmir. Ə.Muxtarlı Gürcüstanda oğurlanaraq Azərbaycana gətirildiyini deyir. Onun cinayət işi Meydan TV ilə bağlı cinayət işinə birləşdirilib.
Vəkil Əfqan Muxtarlı haqda həbsin müddətinin dekabrın 20-nə qədər uzadıldığını deyib:
“Meydan TV ilə bağlı qaldırılan cinayət işi 2017-ci ilin dekabrıbn 20-də başa çatır. Biz qərardan narazı olduğumuzdan apellyasiya şikayəti verəcəyik. Əfqan Muxtarlı da dedi ki, onun ölkədən qaçmaq niyyəti yoxdur. Qalıb öz təqsirsizliyini sübut etmək istəyir və onu Gürcüstandan oğurlayıb gətirən vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir”.