Tarix : 2017 Oct 16
Kod 53035

İran və Azərbaycanda mərsiyə ədəbiyyatı mövzusunda konfrans keçirilib - Foto

Qafqaz Mədəniyyət Mərkəzi və Azərbaycan Mədəniyyət Araşdırmaları Mərkəzinin təşəbbüsü ilə “İran və Azərbaycan Respublikasında mərsiyə ədəbiyyatı” ilə bağlı konfrans keçirilib. Mühəqqiq Ərdəbili Universitetinin “Bəsirət” salonunda baş tutan konfransda universitet müəllimləri, tələbələr və mərsiyə ədəbiyyatının fəalları iştirak edib.

Qafqaz Mədəniyyət Mərkəzi və Azərbaycan Mədəniyyət Araşdırmaları Mərkəzinin təşəbbüsü ilə “İran və Azərbaycan Respublikasında mərsiyə ədəbiyyatı” ilə bağlı konfrans keçirilib. Mühəqqiq Ərdəbili Universitetinin “Bəsirət” salonunda baş tutan konfransda universitet müəllimləri, tələbələr və mərsiyə ədəbiyyatının fəalları iştirak edib.

Konfransda Vəliyyi-fəqihin Mühəqqiq Ərdəbili Universitetində nümayəndəliyik ofisinin rəhbəri Peyğəmbəri-əkrəmin (s) dövründə mərsiyə mövzusu, Aşura hadisəsindən sonra onun davamı və Səfəvilər dövründə mərsiyə ədəbiyyatına aid bir sıra açıqlamalar verib və qeyd edib ki, hər kəs məsum imamlara (ə) aid mərsiyələr söyləsə, Allah yanında onun böyük savab və mükafatı olacaq.

Konfransın davamında Aran radiosunun xaricə yayım üzrə məsulu doktor Məhəmməd Qazidehi deyib: “İslamda mərsiyə mövzusu Aşura hadisəsindən sonra çox önəmli bir kateqoriyalar sırasına daxil olmuşdur”.

O, İmam Hüseyn (ə) barədə söylənən mərsiyələr barədə deyib: “İmam Hüseyn (ə) barədə ilk mərsiyəni həzrətin özü oxumuşdur. İmam (ə) bir neçə beyt şerlə öz qızı Səkinəyə xitab edir, öz matəmində ona səbirli olmağı tapşırır. Habelə, Aşura günü İmam Hüseynin (ə) ikinci Zeynəb adı ilə tanınan, təqva və fəzilətdə yüksək məqama sahib olan bacısı Ümm Gülsümün (ə) mərsiyələrinə rast gəlirik. İmam Hüseynin (ə) mübarək başının nizəyə vurulduğunu görən həzrət Zeynəb (ə) ərəbcə bir neçə beyt şer oxuyur. Bu şerlər çox dəyərlidir”.

Qazidehi əlavə edib: “Aşura hadisəsindən sonra da ərəb dünyasında Əbül-Əsəd Duəli, Kümeyt bin Zeyd Əsədi, Seyid İsmayıl Hümeyri, Dəbəl Xəzayi kimi böyük şairlər tarixin qəhrəmanı İmam Hüseynin (ə) rəşadətləri haqqında çox qəmli şerlər yazıblar. Bu şerlərin hamısı dini şerin dəyərli mirası hesab edilir”.

O xatırladıb: “Fars dilində söylənən mərsiyənin də qədim tarixi vardır. Fars dilində mərsiyə ədəbiyyatını 6 qismə bölmək olar. Onlardan ən mühümləri məsum imamlar (ə) və həzrət Rəsuli-əkrəmlə (ə) bağlı söylənən dini mərsiyələrdir. Doktor Zibhullah Səfa “Ədəbiyyat tarixi” kitabında (fars dilində) ilk mərsiyənin dördüncü əsrdə yaşamış böyük şair Qivami Raziyə aid olduğunu bildirir. Ondan sonra çoxlu mərsiyə şerlər söylənib. Bu şerlərin ən məşhurları Möhtəşəm Kaşani, Səbahi Bigdili və Seyf Fürqaninin yazdığı tərkibbəndlərdir”.

Doktor Məhəmməd Qazidehi Azərbaycan Respublikasında mərsiyə ədəbiyyatı haqqında deyib: “Hamı bilir ki, Azərbaycan Respublikası dünyanın ikinci şiə ölkəsidir və bu ölkənin əhalisinin 85 faizdən çoxu şiədir. İrandan ayrıldıqdan sonra müxtəlif dövrlərdə hakimiyyətə gəlmiş dövlətlər bu diyarın əhalisini qorxu və təzyiq altında saxlanmış, dini kimliklərindən uzaqlaşdırmağa cəhd etmişdir. Gülüstan və Türkmənçay müqavilələrindən sonra Qafqazın 17 şəhəri İrandan qoparıldı və çar hökuməti bu məntəqələrin əhalisinə qarşı bərk təzyiqlər göstərdi ki, onları öz dini və şiə kimliyindən uzaqlaşdırsın. Sonra Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Demokratik Cumhuriyyətini yaratdı. Onun hökuməti davamlı ola bilmədiyi üçün dini məsələlərlə birbaşa müxalifət edə bilmirdi. Amma dini mövzularla o qədər də arası yox idi. Üçüncü mərhələ 70 il sürən ateist və dinsiz kommunist hökuməti idi. Bu ölkənin müsəlmanları öz dinlərinə görə çoxlu zəhmətlərə düşmüş, işgəncələrə məruz qalmışdır. Çox heyiflər olsun ki, onların 70 il boyu məruz qaldığı təzyiqlər lazımınca yazılmayıb”.

Aran radiosunun xaricə yayım üzrə məsulu Azərbaycan islamçılarının mərhum rəhbəri Hacı Əlikramdan bir xatirəyə işarə edərək deyib: “Hacı Əlikram mənə danışırdı ki, kommunistlərin hakimiyyəti zamanı biz heç vaxt məhərrəm və səfər aylarının əzadarlığını tərk etmədik. Biz müxtəlif yollarla əzadarlıq keçirirdik. İllərin birində əzadarlıq etmək üçün bir bəhanə tapa bilmirdik. Ağsaqqallar bir yerə toplaşdı və bu nəticəyə gəldik ki, ölmək ehtimalı olan 40 nəfər qoca kişi və qadının adını yazaq, onların öldüyünü elan edərək mərasim saxlayaq. Beləliklə, o adla 40 gün İmam Hüseynə (ə) matəm saxladıq”.

Doktor Qazidehi kommunistlərin dövründə Azərbaycan Respublikasında xalqın təzyiq altında olmasına işarə edərək deyib ki, bütün təzyiqlərə baxmayaraq bu ölkənin şairləri İmam Hüseyn (ə) barədə mərsiyə şeri söyləyib, məqtəllər yazılıb, hətta onların bəziləri fars dilində yazılmışdır.

Kommunistlərin 70 illik hakimiyyəti dövründə Azərbaycanda əlifbanı dəyişməklə xalqın klassik ədəbiyyatla əlaqəsini kəsdilər, xalqı öz əsli kimliklərindən uzaqlaşdırdılar, qorxulu və anti-İran bir sfera yaratdılar. Bu gedişlə hamı dindən və fars dilindən ayrılmalı idi. Ancaq mövcud olan mətnlərə diqqət etməklə görürük ki, kommunistlər öz istəklərini həyata keçirə bilməyib və xalqı öz əsli kimliyi olan şiəlikdən ayıra bilməyib.

Azərbaycanın klassik ədəbiyyatında Məhəmməd Füzulinin məqtəl mövzusunda çox gözəl mərsiyələri vardır.

Doktor Qazidehi əlavə edib: “İmam Hüseyn (ə) haqqında Azərbaycanın böyük şairləri Seyid Əli İmadəddin Nəsimi, Seyid Əzim Şirvani və Mirzə Əli Əkbər Sabirin çoxlu şerləri vardır. Çox maraqlıdır ki, hətta təqribən dinə qarşı çıxmış kimi tanınan Möcüz Şəbüstəri (Mirzə Əli Möcüz) kimi bəzi şairlərin də mərsiyə şerləri vardır. Habelə, Azərbaycanın klassik ədəbiyyatında mərsiyə mövzusunda şer yazanlardan biri də böyük şair və qəzəlxan Haşim bəy Saqibdir. Kommunistlərin dövründə yaşayan şair azəri və fars dillərində şerlər yazmışdır”.

Qarabağda mərsiyə ədəbiyyatı ilə bağlı açıqlama verən doktor Qazidehi deyib: “Biz Qarabağda çox gözəl ədəbiyyat mühitini müşahidə edirik. Qarabağ şairlərindən qalmış şerlər göstərir ki, onlar şerlə yanaşı fəlsəfə, astranomiya və öz zamanlarında yayılmış digər elmləri də yaxşı mənimsəyiblər. Cavanşir sülaləsinin hakimiyyəti dövründə Qarabağda üç əncümən fəaliyyət göstərib. Bu əncümənlər ədəbiyyatla yanaşı şairlərə musiqi də öyrədib. Bu şairlərdən biri də Mir Möhsün Nəvvab olmuşdur. Mir Möhsün musiqi sahəsinin görkəmli simalarından olmuşdur. Onun musiqi ilə bağlı yazdığı kitab bir sıra universitetlərdə qaynaq kitablardan sayılır.

Qarabağın digər məşhur şairlərindən biri də Molla Pənah Vaqifdir. Azərilər yaşayan bölgələrdə onun şerləri çox oxunur.

Habelə, Qasım bəy Zakir, Abdullah bəy Asi, Xurşidbanu Natəvan və digər tanınmış Qarabağ şairləri mərsiyə şerləri yazmışdır”.

Doktor Qazidehi mərsiyə sahəsində şer yazmış Nardaran şairləri barədə deyib: “Nardaran Azərbaycan Respublikasının şiəlik mərkəzi olduğu üçün mərsiyə ədəbiyyatı bu məntəqədə çox güclü olmuşdur. Nardaranda böyük şairlər yaşamışdır və mərsiyə sahəsində öz məharətlərini göstəriblər.

Nardaranlılar, Azərbaycan Respublikasının bütün dövrlərində öz din və məzhəblərinə sadiq olublar. Bu üzdən də dövrün hökumətlərinin təzyiqləri ilə üzləşiblər. Bu təzyiqlər hələ də davam etməkdədir.

Nardaranda çox yaxşı şairlərimiz olmuşdur. O cümlədən Şeyx Əli Tuti, Hacı Mayıl Əliyev. Hacı Mayıl dünya səviyyəsində tanınmış bir şairdir, hətta İraq şairləri onun şerlərindən istifadə edirlər. Habelə, son illərdə dünyasını dəyişmiş Ələmdar Mahir”.

Məhəmməd Qazidehi Naxçıvanın mərsiyə və qəzəl yazan şairlərindən də söz açaraq deyib: “Naxçıvanda da yüksək məqamlı şairlər olmuşdur və onlar İmam Hüseynin (ə) şənində bir çox şerlər söyləmişlər”.

Konfransın davamında türk dili ədəbiyyatı ustadı İbad Məmizadə çıxış edərək deyib: “Mövcud olan sənədlərə görə Azərbaycan şairləri mərsiyə sahəsində çoxlu dəyərli şerlər yazıblar. Bu şerlər Azərbaycan xalqının məsum imamlara (ə) sevgi-məhəbbətinin göstərir”.

İbad Məmizadə əlavə edib. “Azərbaycanda (Ərdəbil) oxunan azan və növhə üslubu nümunə olmuşdur və İslam aləminin heç yerində bu üslubları tapmaq olmaz”./qafqaz.ir/az/

           

 


  • Yazılıb
  • da (də) 2017 Oct 16
  • Göndərən مدير سايت Aran News