"Zülfüqar Mikayılzadə tək Lənkəranda deyil, bütün Azərbaycanda həqiqi ruhani kimi qəbul edilmiş şəxs idi.
Arannews-O, mənə demişdi ki, mən bütün həyatımı Qurana uyğun yaşamağa çalışmışam. Belə bir şəxsin terrorçuluqla məşğul olması mümkün idi mi? "youtube"da çıxışlarına baxmışam. Tək " - bu sözləri oktyabrın 16-da keçirilən "Nardaran işi 3" məhkəməsində vəkil Akif Əliyev deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Rakurs TV-nin məlumatına görə, məhkəmə prosesi təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışları ilə davam edib. Vəkil Zibeydə Sadıqova hüquqlarını müdafiə etdiyi Mehman Məmmədov və Əli Hüseynov barədə bəraət hökmünün verilməsini istəyib:
"Nardaranda əməliyyat keçiriləndən sonra kənd 3 gün blokadada qaldı. Mənim müdafiə etdiyim Mehman Məmmədov və Əli Hüseynov cinayətkar olsaydılar, 3 gün ərzində qaçıb, gizlənərdilər. Əgər onlarda silah da olmuş olsaydı, silahı da gizlədərdilər. Mehmanın evində axtarış yox, baxış aparılıb, ən azından belə protokollaşdırılıb, amma guya baxış zamanı evdən silah, F-1 qumbarası və patron çıxıb, özü də uşağın beşiyinin altından. Axtarış zamanı polislər özləri ilə birlikdə Nardarana hal şahidi gətiriblər, əgər həqiqətən də onlarda silah var idisə, yaxınlıqdan hər hansı bir nəfər də hal şahidi ola bilərdi. Bu işdə hal şahidi kimi ifadə verən Quliyev Məsim və Yusifov Ağaməsimi biz başqa işlərdə də dəfələrlə görmüşük. Mən DİN-ə də, Narkoloji Dispanserə də sorğu göndərdim ki, bu adamların narkotikdən asılılığı varmı, ya məhkumluq yaşayıblarmı. Məlum oldu ki, 234-cü maddə ilə məhkum olunublar. "Bandotdel" də belə adamlardan istifadə edir. Həm Mehman, həm də Hüseynov Əli dedi ki, evlərinə 20-ədək qaramaskalı girib. "Bandotdel"in işçiləri gələndə soruşduq ki, Mehmanı hara apardız, dedilər ki, idarəyə. Amma Mehman burda dedi ki, onu Sabunçu rayon polis idarəsinə aparıblar. Orada saatlarla işgəncə veriblər, ifadəni yazdırıb-pozdurublar. 3 "Bandotdel" əməkdaşının ifadəsi də nöqtə-vergülünə kimi eynidir, 3 ifadə də Həsən Quliyev adlı şəxsdən söhbət gedir, demək bunu özləri yazmayıblar. Müstəntiq İlyas Seyidov olub, vəsatət verdik ki, gəlsin, amma vəsatətimiz təmin olunmadı. İstintaq zamanı Əli Hüseynovun oğlu dindirilib. Xatırladım ki, Konstitusiyaya görə onun yaxın qohumlarına qarşı ifadə verməmək hüququ var idi. Ona görə onun ifadələri sübutlar siyahısından çıxarılmasını xahiş edirəm.
Xahiş edirəm ki, müdafiə etdiyim şəxslər barəsində bəraət hökmü verilsin, təqsirsizlik prezumpsiyasını pozan şəxslər barədə cinayət işi açılsın, bu insanlara işgəncə verən şəxslər həbs edilsin"
Zibeydə Sadıqovadan sonra Zülfüqar Mikayılzadənin vəkili Akif Əliyev müdafiə çıxışı edib:
"Zülfüqar Mikayılzadə ilə bağlı ilk öncə Cinayət Məcəlləsinin 228.1-ci maddəsiylə cinayət başlanıb, sonradan onun işi Tale Bağırzadənin işiylə birləşdirilib, daha sonra isə hazırkı maddələr əlavə olunub. Onunla bağlı ifadə verən şahidlər bir neçə gün polisdə saxlanıldıqdan sonra ifadə veriblər, çoxusu da burda ifadəsindən imtina edib. Məsələ burasındadır ki, istintaq şər-böhtanla dolu, heç bir əsası olmayan işi məhkəməyə verib, biz də guya burda bunu araşdırırıq. Nardaran işi 3 qrupda gedir. Qanunverciliyin tələbinə görə, əslində bu insanların məhkəmə prosesi bir yerdə keçirilməliydi, çünki eyni işə görə ittiham olunurlar. Zülfqar Mikayılzadənin həbsinin əsl səbəbi isə qanunu yox, qırmızı xətləri pozmasıydı. Digərlərinin həbsi zamanı yalançı hal şahidləri də olsa, iştirak etmişdi, ona görə məhkəməyə gəldilər. Amma biz Z.Mikayılzadənin hal şahidlərinin məhkəməyə gəlməsiylə bağlı nə qədər vəsatət versək də, məhkəmə qəbul etmədi. Çünki belə şahidlər olmayıb.
Zülfiqar Mikayılzadəni ləkələmək niyə lazım idi? Mən onun "youtube" kanalında çıxışlarını izləmişəm. Tək Türkiyədəki çıxışına 199 min adam baxıb, digər çıxışlarını da 10 minlərlə insan izləyib. O, tək Lənkəranda deyil, bütün Azərbaycanda həqiqi ruhani kimi qəbul edilən şəxs idi. O, mənə demişdi ki, mən bütün həyatımı Qurana uyğun yaşamağa çalışmışam. Belə bir adamın terrorçuluqla məşğul olması mümkündürmü? Xahiş edirəm onun haqqında bəraət hökmü çıxarılsın"
Bundan sonra məhkəmə fasilə elan edib. Növbəti məhkəmə prosesi oktyabrın 23-ə təyin olunub.