Oktyabrın 16-da Bakı Apellyasiya Məhkəməsi “Müsəlman Birliyi” Hərəkatının üzvü, Nardaran hadisələri ilə bağlı məhkəmələrin fəal iştirakçısı olan Əhsən Nuruzadənin şikayətinə baxıb. Bu haqda vəkil Yalçın İmanov bildirib.
Arannews-Onun sözlərinə görə, şikayət Nərimanov Rayon Məhkəməsinin Ə.Nuruzadə ilə bağlı oktyabrın 9-da verdiyi həbs qətimkan qərarından olub. Belə ki, müdafiə tərəfi bu qərarı əsassız sayıb. Şikayət oktyabrın 11-də verilib və şikayətə bu gün baxılıb: “Proses zamanı Ə.Nuruzadənin inzibati həbs edilməsi, DİN-in Mütəşəkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparılması haqda məlumat verdim və dindar fəalın qurama ittihamlarla həbs edildiyini bildiridim”.
Y.İmanov hakim Abid Abdinbəyovun sədrlik etdiyi məhkəmə heyətinin şikayəti təmin etmədiyini söyləyib.
Vəkil Ə.Nuruzadənin müdafiəsi ilə bağlı hüquqi prosedurların davam etdiriləcəyini, yaxın günlərdə Avropa Məhkəməsinə şikayət edəcəklərini, dindar fəalın ev dustaqlığına buraxılması üçün vəsatət verəcəklərini də qeyd edib.
Xatırladaq ki, həbsdəki ilahiyyatçı Taleh Bağırovun tərəfdarı olan Ə.Nuruzadə ilk dəfə 2017-ci il yanvarın 24-də evinin yaxınlığında tutulub, 10 sutka inzibati cəza alıb, daha sonra sentyabr ayında saxlanıb.
Sonuncu dəfə oktyabrın 6-da tutulan Ə.Nuruzadə barəsində Nərimanov Rayon Məhkəməsi narkotik maddə satışı ittihamı ilə oktyabrın 9-da istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçib və o, BMCMİ-dən Kürdəxanı təcridxanasına aparılıb.