Tarix : 2017 Oct 18
Kod 53072

İran və Türkiyə birliyi baş tutarsa, Kərkük kimi Qarabağ da azad olunar

Akif Nağı: “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli həm İranın, həm də Türkiyənin maraqları ilə üst-üstə düşür”

 

İraq ordusunun Kərkükü Peşmərgə qüvvələrindən azad etməsi dünyanın gündəminə ən çox müzakirə olunan xəbər kimi düşüb. Belə ki, bir çox siyasilər bu hadisəyə müxtəlif aspektlərdən yanaşaraq şərh verməyə çalışıblar. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının bu məsələyə öz Facebook səhifəsində yazdığı şərh maraqla qarşılanıb və insanları düşünməyə vadar edib. QAT sədri bildirib ki, İraq aparıcı müsəlman dövlətlərinə, xüsusən də İran və Türkiyəyə arxalanaraq Kərkükü azad etməyi bacarıb. Bu cür İslam həmrəyliyi Qarabağ münaqişəsinin həllində də həlledici rol oynaya bilər.

 

Bəs görəsən Qarabağ problemini kökündən həll etmək üçün niyə İslam həmrəyliyindən, qonşu ölkələrin yardımından yararlanmırıq?. Münaqişənin həllini Avropa dövlətlərindən gözləyirik? Qarabağ probleminin Kərkük variantında həll olunmamasında maraqlı olanlar kimlərdir?

 

“İslaminsesi” nin ünvanladığı sualları Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı cavablandırıb.  Akif Nağı bildirib ki, 10 ildən çoxdur bu cür mövqe sərgiləyirlər. Yəni Qərb-xristian dövlətlərinin vasitəçiliyi ilə Qarabağ münaqişəsinin həllinin olmadığını bildirirlər: “ Çünki Qərb dövlətləri məsələyə qərəzli mövqedən yanaşırlar. Üstəlik müxtəlif obyektiv və subyektiv səbəblər də mövcuddur. Təbii ki, biz heç kimi qınamırıq. Onların öz maraqları var və bu aspektdən yanaşaraq Qarabağ problemini həll etməyə çalışırlar. Bu isə ermənistanın maraqları ilə üst-üstə düşür. Münaqişənin həlli vaxtının uzadılması da, düşmənin maraqlarına cavab verir.  Onların bu planlarını isə yalnız Azərbaycan poza bilər. Bunun üçün isə Azərbaycan, İslam ölkələri arasında öz müttəfiqlərini tapmalıdır. Bu dövlətlərin içərisində isə ən önəmliləri İran, Pakistan və Türkiyədir”.

 

Akif Nağının sözlərinə görə, İran və Türkiyə bir mövqedən çıxış edərlərsə, o zaman problemi ciddi şəkildə həll etmək mümkündür. Bunu biz beynəlxalq səviyyəli bir neçə münaqişənin həllində görmüşük.  Son olaraq isə, ABŞ və İsrailin maraqlarına xidmət edən Kürdüstan dövlətinin müstəqilliyi ilə bağlı keçirilən referenduma İran-Türkiyə birliyinin etirazı, İraq hökumətinin qəti addım atmasında böyük rol oynadı.  Hesab edirəm ki, İslam həmrəyliyi ilə yanaşı digər maraqlar da uzlaşmalıdır ki, Qarabağ münaqişəsi həllini tapsın”.

 

QAT sədri bildirib ki, hələlik maraqların uzlaşmaması, yaxud nəhəng dövlətlərin Dağlıq Qarabağ problemi ilə bağlı müqavimətinin güclü olması, Türkiyə və İranın birgə hərəkətinə mane olur: “ Dağlıq Qarabağ  münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli həm İranın, həm də Türkiyənin maraqları ilə üst-üstə düşür. Hesab edirəm ki, İran və Türkiyə kifayət qədər güclənib. Ümid edirik ki, bu Qarabağ probleminin həllində özünü göstərəcək”. 


  • Yazılıb
  • da (də) 2017 Oct 18
  • Göndərən مدير سايت Aran News