Arannews- Ölkə rəhbərliyinin atdığı sonuncu "humanist" addımlar çox "təsirli" oldu. Belə ki, onsuz da cəzaları yüngül olan bir neçə Nardaran məhbusunu həbs müddətlərinin bitməsinə bir neçə ay qalmış buraxmaqla hakimiyyət "humanist" olduğu göstərmək istəsə də, bu, çox süni alındı.
Mən isə baş verənləri izlədikcə öz-özümə sual verdim: "Görəsən, bu bədbəxtlər kənardan özlərinə baxırlar?! Həqiqətən gülünc vəziyyətə düşmüş bu iqtidar yürütdüyü bu "siyasətə" bir ad qoya bilir?! Bu hərəkətləri ilə nəyə nail olacaqlarını ümid edirlər?!"
Hakimiyyət bu cür siyasətlə kimlərinsə "gözünə kül üfürə" bilər, amma bizləri aldatmağı mümkün deyil, çünki bizim örnək götürdüyümüz şəxsiyyətlər belə mənfur siyasətçilərin əsl simalarını əsrlər öncə ifşa ediblər. Tarixi sənədlərdə qeyd olunur ki, ilk Əməvi xəlifəsi Muaviyyə gündüzlər qoyun-quzu paylamaqla özünü fəqir-füqaraya sevdirirmiş, öz əsgərlərinə isə tapşırırmış ki, gecələr üzübağlı şəkildə gedib Əlinin əsgərləri olduqlarını, qoyunların hökumətə aid olduğunu deyib, həmin qoyunları kasıbların əlindən alsınlar. Avam camaat da bu hiyləyə aldanıb Muaviyyəyə səxavətli, həzrət Əliyə isə qəsbkar kimi baxırmış.
Bəli, həmin siyasətlə bu gün də insanları aldatmaq istəyənlər var. Belələri hakimiyyətdə qalmaq üçün istənilən hiyləyə əl atmağa hazırdılar, günahsız insanları həbs etməkdən, evlərindən çıxartmaqdan, öldürməkdən belə çəkinməzlər. Bu insanlar unudublar ki, hakimiyyət hədəf yox, xalqa xidmət üçün vasitə olmalıdır.
Bunu da unutmayaq ki, humanizm günahsız insanları həbs edib, öldürüb, haqlarını qəsb edəndən, ailələrinə illərlə ağrı-acı yaşadandan sonra onları bağışlamaq demək deyil. Humanizm edilən cinayətləri etiraf edəndən, haqsız yerə həbs olunan şəxsləri azad edəndən sonra ictimaiyyət önündə bu səhvlərin təkrarlanmayacağına söz verməkdir.
İmam Səccadla xanım Zeynəb Yezidi zülm sarayında rüsvay etdikdən sonra Yezid qorxuya düşmüş halda imam Səccaddan "əgər tövbə etsəm, Allah məni bağışlayar?" deyə soruşdu. İmam "bəli" cavabını verdikdə Yezid o zaman tövbə etdiyini bildirdi. İmam isə bu zaman ona tövbənin şərtlərini açıqladı: "Tövbən o zaman düzgün sayılar ki, çıxıb camaat qarşısında cinayəti etiraf edəsən, peyğəmbər kürsüsünü qəsb etdiyini deyib, bu kürsünu həqiqi sahibinə qaytarasan, ondan sonra iki rükət tövbə namazı qılasan, Allah səni bağışlayar".
Bu, imamımızın qəsbkar və zalım hökmdarlara göstərdiyi tövbə qapısı və humanizim prinsipidir. Əgər bu gün kimlərsə də, öz səhvini başa düşüb, humanist addım atmaq istəyirsə, gərək imam Səccadın buyurduğu şərtlərə riayət etsin. Əks halda bu, humanizim yox, çirkin siyasətin davamı olacaq. Nardaran hadisələri zamanı həbs olunan kənd camaatının bəzilərinə az iş verib, 3-5 ay cəza müddətinin bitməsinə qalmış şərti azadlığa buraxmaq, digər yandan da Hacı Zülfüqar, Seyyid Elman, Hacı Elxan və digər qardaşlarımıza dövlət ittihamçısının ağır cəza istəməsi iqtidarın yürütdüyü siyasətin çirkinliyini göstərir.
Bizim tariximiz və milli kimliyimiz Kərbəla məktəbinə söykənir.
Bu məktəbdən öyrəndiyimiz budur ki, nə qədər zalım hakimlər və zülm var, bizim üçün "Hər yer Kərbəla, hər gün Aşuradır!"