Arannews-“Belə tezliklə bu müəssisəyə təkrar getməyimin səbəbi həmin siyasi məhbusların vəziyyəti barədə narahatedici xəbərlərin gəlməsidir”.
13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbuslar vəkil vasitəsi ilə bir sıra mesajlarını ictimaiyyətin diqqətinə çatdırıb.
“Bayram karsda (cərimə kamerasında 10 gün saxlanılıb) cəzasını çəkib qutarıb. Lakin onun tezliklə yenidən karsa qaytarılması ehtimalı vardır. Bundan ötrü bəhanə kimi güya Bayramın yataq yerini özbaşına dəyişdirməsi göstərilir. Halbuki, Bayramın yataq yerini müəssisə rəbərliyi dəyişib. Keçən həftə müəssənin rəhbərliyi qəflətən Bayrama bildirib ki, o, yerini özbaşına dəyişib, bu səbəbdəb təzədən əvvəlki yatağına qayıtmalıdır. Qarşıdan soyuq havalar gəlir və belə əmr yalnız Bayramın həyatını təhlükəyə məruz qoymaq məqsədi daşıya bilər. Çünki onun əvvəlki yataq yeri daim yelçəkəndir”.
Vəkilin yazdığına görə, Bayramın özbaşına yerdəyişmə ittihamı sadəcə bəhanədir.
“Əsas məqsəd onu intizamsız dustaq qismində rəsmiləşdirməklə gələcəkdə saxlanma rejimini sərtləşdirmək, həbsxanaya göndərməkdir. Bayram həmçinin hesab edir ki, ona qarşı belə sərt və qərəzli tədbirlərin görülməsi müəssisə rəhbərliyinin təşəbbüsü deyildir. Onun fikrincə bu barədə tapşırıq digər dövlət qurumlarından verilib”.
Vəkil bildirir ki, həmin müsəsisədə saxlanılan İlkin Rüstəmzadə və Elgiz Qəhrəmanlı Bayrama qarşı edilən haqsızlıqlara qarşı etiraz olaraq aclıq aksiyası elan edib.
“Bayramın özü də bu aksiyaya qoşulub. Onlar bu aksiyanı rəsmi qaydalar çərçivəsində keçirmək istəyirlər. Bununla əlaqədar rəhbərliyə ərizə ilə müraciət edərək bu aksiyanın qeydə alınmasını, aclıq zamanı onların digər dustaqlardan ayrı saxlanmaqlarını xahiş ediblər. Lakin müdiriyyət onların müraciətini qeydə almaqdan imtina edib. Bu səbəbdən onlar hələ də aksiyaya başlaya bilməyiblər. Lakin onlar bu aksiyanı keçirməkdə israrlı olduqlarını, aksiya tezliklə qeydiyyata alınmadığı halda da keçirəcəklərini bildirdilər”.
Vəkil Bayram Məmmədova qarşı olan təhdidlərin hüquqi müstəvidə çözülməsi üçün lazımi tədbirlər görəcəyini bildirib.
Bayram Məmmədov Heydər Əliyevin abidəsinə 2016-cı ilin mayında siyasi şüar yazdıqdan sonra narkotik ittihamı ilə 10 il azadlıqdan məhrum edilib.
İlkin Rüstəmzadə “Azad Gənclik” Təşkilatının fəalıdır. 2013-cü ilin mayında saxlaınılıb, iğtişaşların təşkili və başqa ittihamlarla 8 il həbs edilib. Elgiz Qəhrəman NİDA Vətəndaş Hərəkatının fəalıdır. O, facebook səhifəsində referendumla bağlı tənqidi status yazdıqdan sonra narkotik ittihamı ilə 5 il 6 ay azadlıqdan məhrum edilib.