Tarix : 2017 Oct 18
Kod 53075

Ərbəin ziyarətinin əhəmiyyətinin səbəbləri

Peyğəmbər (s) və Əhli-beytin (ə) rəvayətlərinə nəzər saldıqda görürük ki, şiənin xalis mədəniyyəti baxımından İmam Hüseyni (ə) ziyarət etmək, onun müsibətlərinə ağlamaq, həzrətin şəhadət günlərini uca tutmağın böyük əhəmiyyəti vardır. Mötəbər rəvayətlər Kərbəla şəhidlərinin xatirəsini və onların fədakarlıqlarını diri saxlamağa təkid edir. Rəvayətlərimizdə bu əməllər üçün verilən savablar da çox heyrətləndiricidir.

İmam Sadiq (ə) buyurub: “Allah hər kimin xeyrini istəsə, onun qəlbinə İmam Huseynin (ə) və onu ziyarət etməyin sevgisini salar. Hər kimin pisliyini istərsə, onun qəlbinə İmam Huseynə (ə) və onu ziyarət etməyə nifrət salar”.

İmam Rza (ə) buyurub: “Hər kəs Fərat çayının kənarında Hüseynin (ə) qəbrini ziyarət etsə, sanki, ərşdə Allahı ziyarət etmişdir”.

Məhəmməd ibn Müslim rəvayət edir ki, İmam Baqir (ə) buyurdu: “Əgər camaat İmam Hüseynin (ə) ziyarətində hansı bərəkətlər qoyulduğunu bilsəydilər, onu ziyarət etməyə iştiyaqdan ölərdilər və nəfəsləri həsrətdən dayanardı”. Soruşdum: İmam Hüseynin (ə) ziyarətində hansı bərəkətlər qoyulmuşdur? İmam buyurdu: “Hər kəs İmam Hüseyni (ə) sevgi üzündən ziyarət etsə, Allah ona qəbul olmuş min həcc, min ümrə ziyarətinin, Bədr şəhidləri kimi min şəhidin, min orucun, min qəbul olmuş sədəqənin, Allah yolunda min qul azad etməyin savabını verər”.

İmam Hüseyni (ə) yaxından və uzaqdan ziyarət etməyin fəziləti haqqında Əhli-beyt (ə) mənəvi təvatür və müstəfiz (sayı üçdən çox olub, lakin təvatür həddinə çatmayan rəvayətlərə müstəfiz deyilir) rəvayətlər mövcuddur. Bu məsələ İmam Hüseyni (ə) ziyarət etməyin insanı Allaha yaxınlaşdıran ən böyük və təsirli bir vasitə olmasına əminlik yaradır. Həmçinin, göstərir ki, heç bir müstəhəb əməl İmam Hüseyni (ə) ziyarət etmək qədər fəzilətli ola bilməz. Məsum imamlar (ə) həm sözdə, həm də əməldə bu mühüm mövzuya təkid ediblər, yaranan hər bir imkandan istifadə edərək həzrət Seyyidüş-şühədanın (ə) və onun səhabələrinin xatirəsini diri saxlamağa təlaş ediblər.

Piyada Ərbəin yürüşünün əhəmiyyətinə diqqət etməklə, Qum Elmi Hövzəsinin Araşdırmalar və Şübhələrə Cavab Mərkəzinin şübhəşünaslıq qrupunun müdiri höccətül-islam vəl-müslimin Əhmədrza Dərdmənişlə söhbət etdik. Müsahibəni sizə təqdim edirik:

- Ərbəin dini və mədəni qaynaqlarda hansı mənanı ifadə edir?

- “Ərbəin” sözü qırx mənasına olaraq, İslam mədəniyyətində xüsusi əhəmiyyətə malikdir. Ərbəin (qırx) ədədinin Qurani-kərimdə də xüsusi yerini görürük. Mütəal Allah həzrət Musaya (ə) Tövratın lövhlərini alması üçün ona 40 gün münacat və ibadət etməyi tapşırır. Əvvəl 30 gecə, sonra isə 10 gecə əlavə etməklə onu kamilləşdirir. Yəni, həzrət Musa (ə) 40 gün münacat etdikdən sonra Tövratın lövhlərini Allahdan alır. Quranda bu barədə buyurulur: “Musa ilə otuz gecə barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) təyin etdiyi müddət tam qırx gecə oldu”.

Qurani-kərimin digər bir ayəsində qırx yaş insanın əqli kamal və mənəvi inkişaf dövrü kimi göstərilir: “Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Çünki anası onu (bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır. Nəhayət, (insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən (günahlardan) Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam!”

Hədislərdə də qırx rəqəminin xüsusi yeri və sirri vardır. Bu rəvayətlərə diqqət edin. İmam Sadiq (ə) buyurur: “Hər kəs bizim hədislərimizdən 40 hədis əzbərləsə, Allah Qiyamət günü onu fəqih alim kimi gətirər”.

Peyğəmbəri-əkrəm (s) buyurdu: “Hər kəs 40 gün halal yesə, Allah onun qəlbini nurlandırar”.

Bilməyimiz maraqlı olar ki, Peyğəmbəri-əkrəm (s) 40 yaşında peyğəmbərliyə seçildi. Adəm 40 gün ağladıqdan sonra onun tövbəsi Allah dərgahında qəbul edildi. Şərab içən kəsin 40 gün namazı qəbul olunmaz. Hər kəs 40 gün ət yeməsə, zehni zəifləyər və s.

Sayı çox olan bu qəbil rəvayərlər qırx ədədinin əhəmiyyəti və onda olan sirlərdən xəbər verir.

- Şiə mədəniyyətində İmam Hüseynə (ə) Ərbəin saxlamağın əhəmiyyətinin səbəbi nədir?

- Əhli-beyt (ə) sevərlər arasında İmam Hüseyn (ə) ərbəininin əhəmiyyət kəsb etməsinin səbəblərindən biri kimi İmam Həsən Əskəridən (ə) nəql olunmuş məşhur rəvayəti bilmək olar. Rəvayətdə deyilir: “Möminin beş əlaməti vardır:

1. Hər gün əlli bir rəkət (on yeddi rükət vacib və otuz dörd rükət nafilə) namaz qılmaq;

2. Sağ ələ üzük taxmaq;

3. Namazda “Bisillahir-Rəhmanir-Rəhim”i ucadan demək;

4. Ərbəin günü İmam Hüseyni (ə) ziyarət etmək;

5. Səcdə edən zaman alını torpağa qoymaq”.

Bu rəvayətdə İmam Həsən Əskəri (ə) Ərbəin ziyarətini Əhli-beyt (ə) şiələrinin əlamətlərindən biri kimi tanıdır.

- Şiə təlimlərində şiənin əlaməti kimi sayılan bir çox əməl və etiqada diqqət etməklə Ərbəin ziyarətinə təkid edilməsinin sirri nədir?

- Aşura günündən Ərbəin gününədək baş verən hadisələrə ətraflı və dərin diqqət etmək bu sirri müəyyən qədər aça bilər. Ərbəin, Əhli-beytin (ə) əsirliyinin sona çatdığı, həzrət Zeynəbin (ə) risalətinin təkmil olduğu, İmam Səccadın (ə) yezidçiləri rüsvay etdiyi, İmam Hüseynin (ə) qanının mesajını Kufə və Şam nadanlarına çatdırdığı bir zamandır. İstər Ərbəini onların Şamdan hərəkətinin başlanması bilək, istərsə də onların Kərbəlaya çatdığı zaman.

Digər tərəfdən Ərbəin, İmam Hüseyn (ə) mədəniyyətinin təbliğ və tərvicinin coşqun və tükənməyən hərəkətinin başlanğıcıdır. Ərbəindən sonra Əhli-beyt (ə), şiələr və onların dostları İmam Hüseynin (ə) xatirəsini canlı saxlamaq üçün bütün gücləri ilə təlaş etdilər və həmin mədəniyyət ilə Əməvilər, Abbasilər və tarixin digər zülmkar hökumətləri ilə mübarizəyə qalxdılar.

Ərbəinin mesajı haqqın batilə, qanın qılınca qalib gəlməsi, zəmanənin tağutu ilə mədəni müharibənin yeni modelinin başlanmasıdır. Aşura hadisəsi, İmam Hüseyn (ə) və qəhrəman səhabələrinin pak qanlarının yerə axıdılması Qiyamət gününə qədər davam edə biləcək tükənməyən bir sərmayə və enerjidir.

Ərbəin ziyarətnaməsini oxumaq, İmam Hüseyni (ə) Ərbəin günündə ziyarət etmək və belə bir günü şiələr arasında qorumaq şiə kimliyini gücləndirən ən əsas amillərdən biridir. Şiə kimliyi Ərbəindən faydalanaraq canlanır, Aşuranın heyrətli qüvvəsindən kömək alaraq siyasi, mədəni və hərbi sahələrdə özünün qüdrətli zühurunu göstərir. Ərbəin bu ilahi təfəkkürü öyrədir ki, batil su üzərində köpük kimi olsa da, az bir zamanda hərəkətə gələrək şişər, ümumi fikrə nəzarəti öz əlinə keçirər, haqqsevərləri qətlə, əsirliyə və müxtəlif bəlalara düçar edə bilər, ancaq sonda yaxşı aqibət və qələbə həmişə haqla və haqqsevərlərlə olacaqdır.

Yezid hökuməti bütün gücünü işə salaraq İmam Hüseynin (ə) ədalət ardınca olan hərəkatını məhv etməyə çalışdı. Lakin Ərbəində məğlub olduğunu etiraf etdi, Əhli-beyti (ə) hörmətlə Mədinəyə yola saldı. Bu hadisədən sonra İmam Hüseynin (ə) qiyamaından ilham alaraq Əməvi hökumətinə qarşı qalxan, tədricən onları məhvinə zəminə yaradan qiyam və hadisələrin şahidi oluruq. Təvvabin hərəkatının qiyamı, Mədinə əhalisinin qiyamı, Muxtar ibn Əbi Übeyd Səqəfinin qiyamı Aşura və Ərbəin hadisələrinin davamında baş vermişdir və zülmkar Əməvi hökumətinin canına qorxu salmışdır.

Şiə Ərbəini qorumaqla, İmam Hüseynin (ə) və onun səhabələrinin qələbəsini fəryad edir, Aşurada İmam Hüseyn (ə) və onun vəfalı əshabının müsibətlərinə, Əhli-beytə (ə) qarşı olan cinayətlərə göz yaşı axıdır, amma Ərbəində İmam Hüseyn və onun Əhli-beytinin (ə) fədakarlığının nəticəsinə tamaşa edir.

Ərbəin uca tutulmağa layiqdir. Çünki Ərbəin Aşuranın səmərəsidir. İmam Hüseynin (ə) Aşura günü başladığı məqsəd Ərbəində səmərə verir.

- Şiənin həyəcan simvolu olan piyada Ərbəin yürüşü nə vaxtdan ənənəyə çevrilmişdir?

- Piyada Ərbəin ziyarətinin bir ənənəyə çevrilməsi tarixini və bu ənənənin kim tərəfindən qoyulmasını dəqiq demək mümkün deyil. Amma əminliklə demək olar ki, piyada Ərbəin ziyarəti ilahi təzahürlərin və Ərbəinin uca tutulması mərasimidir. Əlbəttə, bizim rəvayətlərimizdə İmam Hüseyninin (ə) ziyarətinə piyada getmək açıq-aşkar qeyd olunmuş və bu əməl üçün böyük savablar vədəsi verilmişdir. Hədislərə əsasən, İmam Hüseynin (ə) ziyarətinə gedən zəvvara çəkdiyi əziyyət onu ilahi savaba yetişdirir. Əli ibn Məymun Saiğ rəvayət edir ki, İmam Sadiq (ə) buyurdu: “Ey Əli! İmam Hüseynin (ə) ziyarətinə get və bu işdən keçmə!” Dedim: Onu ziyarət etməyin savabı nədir? Həzrət buyurdu: “Hər kəs İmam Hüseynin (ə) ziyarətinə piyada getsə, Allah onun atdığı hər bir addıma görə, ona bir savab yazar, bir günahını silər və məqamını bir dərəcə qaldırar; ziyarətə getdiyi zaman Allah-taala iki mələyi ona məmur edər ki, onun ağzından çıxan hər bir xeyri yazar və şər və pis sözü yazmazlar; ziyarətdən qayıdan zaman onunla vidalaşar və ona deyərlər: -Ey Allahın vəlisi! Günahın bağışlandı. Sən Allahın, Onun peyğəmbərinin (s) və Onun peyğəmbərinin Əhli-beytinin (ə) dəstəsindənsən. And olsun Allaha! Heç vaxt sən odu gözünlə görməyəcəksən, od da heç vaxt səni görməyəcək və səni heç vaxt öz yemi etməyəcək”.

Cabir Məkfuf Əbu Samittən nəql edir ki, İmam Sadiq (ə) buyurdu: “Hər kəs piyada İmam Hüseynin (ə) ziyarətinə getsə, Allah onun hər addımına görə onun üçün bir savab yazar, bir günahını silər və məqamını min dərəcə artırar”.

Nəcəfdən Kərbəlaya qədər piyada Ərbəin ziyarətinə getmək İraq xalqı və məsum imamların (ə) hərəmlərinin yaxınlığında yaşayan əhalinin qədimdən bəri davam etdirdiyi adət-ənənəsidir. Amma piyada Ərbəin ziyarətinin xüsusi ab-havası vardır. Bir neçə ildir ki, şiələr, Əhli-beyt (ə) dostları dünyanın hər tərəfindən, xüsusilə də İran İslam Respublikasından axışaraq İraq şiələri ilə birlikdə əzəmətli Ərbəin yürüşünə qatılırlar. Bu yürüşün əzəmət və təsiri hər il artmaqdadır.

Təbii ki, belə bir sadə, lakin əzəmətli bir mərasimin müxtəlif cəhətlərdən təsir və bərəkətləri vardır. Nəcəfdən Kərbəlaya qədər olan uzun yolda İmam Hüseyn (ə) zəvvarı çoxlu məşəqqətlərə dözür, habelə zəvvarların təhlükəsizliyinin və rifahının təmini üçün çoxlu xərclər sərf olunur.

- Bəziləri bu məsələyə müxtəlif aspektlərdən yanaşır və belə bir mərasimin genişlənməsini qəbul etmirlər. Onlar deyir ki, piyada Ərbəin yürüşünü nə üçün ənənəyə və onu şiə hərəkatına çevrilər? Bu məsələ İslam məzhəbləri arasında birliyə zərər vura bilər və İslam ümmətinin vəhdətinə mane ola bilər. Habelə, Nəcəfdən Kərbəlaya qədər uzaq bir yolu piyada getmək çoxlu zəhmət və məşəqqətlərə səbəb olur. Halbuki, İslam şəriəti bədənin belə məşəqqətə düşməsini düzgün saymır. Bu barədə nə deyə bilərsiniz?

- Bu fikri səsləndirən adamlar qafildirlər. Birincisi sadə, xalisanə və İmam Hüseyni (ə) ziyarət etmək məqsədilə piyada yürüşü şiələrə məxsus deyil, bir çox əhli-sünnə ardıcılları da bu yürüşdə iştirak edir. Piyada Ərbəin yürüşü şiənin digər məzhəblər qarşısında iqtidar nümaşiy etdirməsi olmayıb və deyil. Bu yürüş haqq cəbhəsinin dünya zalımları qarşısında iqtidarının nümayişidir. İkincisi, İslam şəriətində bədənin məşəqqətə düşməsinə yol verməyin icazəli, yaxud icazəsiz olması mömin şəxsin nəzərdə tutduğu hədəfə bağlıdır və şəxs öz əməli ilə o hədəfi həyata keçirir. Əgər şəxsin hədəfi maddi və dünyəvi olarsa, sözsüz ki, bədənin taqətindən artıq ona məşəqqət vermək caiz deyil.

Amma əgər hədəf uca və məqsəd mənəvi olarsa, şəxs və camiə üçün həyati bir əhəmiyyət daşıyarsa, bədənin məşəqqətinə dözmək caiz, hətta, bəzən vacibdir. Bu məsələni daha yaxşı dərk etmək üçün İslam mədəniyyətindəki cihad və şəhadət məsələsinə diqqət etmək yetər. Allah yolunda müharibə və cihad etmək insanın bədəninin dözdüyü ən ağır məşəqqət və əzab-əziyyətdir. Bununla belə, ölümə qədər Allah yolunda cihad etmək vacibdir (istər müdafiə cihadı olsun, istərsə də ibtidai cihad).

- Piyada Ərbəin yürüşünün hansı funksiyaları vardır?

- Ərbəin yürüşünün necə keçirilməsi barədə bir sıra tənqid və problemlər öz həllini tapmalıdır ki, bu mərasim öz müqəddəs və dəyərli hədəfinə yetişsin. Bunlara baxmayaraq, Ərbəin yürüşünün mühüm və dəyərli faydaları vardır. Onlardan bir neçəsinə işarə edək:

1. Allahın höccətinə tərəf simvolik hicrət

İmam Hüseyn (ə) Allahın rəhmət, hidayət və nicat məzhəridir. İmam, Allahın yer üzündə xəlifəsi və möminlərin rəhbəridir. İmamın məhzərində olmaq, onunla beyət etmək, onun hədəf və dəyərlərinə vəfadarlıq bildirmək Allahın vilayət və iman dərgahına yol tapmaqdır. Nəcəfdən Kərbəlaya qədər piyada getmək və səfərini İmamın (ə) qəbrinə çatdırmaqla bitirmək İmamla (ə) beyət etməkdir. Həqiqətdə bu bir növ İmama (ə) tərəf simvolik mühacirəti nümayiş etdirməkdir. İmam Hüseynin (ə) hərəminə tərəf piyada getmək insanın xudxahlıqdan hicrət etməsi, Allahın höccətinə beyət və itaət əlini uzatmasının simvoludur.

Zəvvar öz simvolik hərəkəti ilə vücudunun dərinliyindən Allahın höccətinə tərəf hicrət simvolunu formalaşdırır və bu onun vücudunda hiss və əməl baxımından heyrətamiz təsirlər qoyur, onu Allah yolunda könüllü itaətə, fədakarlığa hazırlayır. Dini əməllərin zahir və mənası göstərir ki, bizim dini əməllərimizin böyük hissəsinin simvolik aspektləri vardır. Namazda yerinə yetirdiyimiz hərəkətlər, həcc əməlləri və bir çox dini hərəkətlər Allahın əmrlərinə tabe olmaqlıq və xüzunun nişanələri olaraq simvolik xarakter daşıyır.

İmam Hüseynin (ə) zəvvarı hərəmə tərəf piyada yürüşündə əməlinin bu cəhətlərinə diqqət etsə, onun səfəri və çəkdiyi çətinliklər onu ruhi və mənəvi baxımdan Allahın höccətinin vilayətinin hüzurunda olmağa hazırlayar, onun fikir, hiss və əməli İmama (ə) itaətə, onun hidayətindən kamil surətdə faydalanmağa yönələr.

2. Şiə kimliyinin güclənməsi

Şiə Peyğəmbərin (s) həyatı zamanında formalaşdığı ilk dövrdən indiyədək enişli-yoxuşlu, qanlı və çətin bir tarix yaşamışdır. Şiə daim zülmə məruz qalmış azlıq olmuşdur. Hökumətlər onları məhv etməyə cəhd ediblər. Bugünləri İslam və şiəliklə düşmənçilik daha da təhlükəli bir mərtəbəyə çatdığı, düşmənin şiə məktəbini məhv etmək, Əhli-beyt (ə) nurunu söndürmək üçün müxtəlif siyasi, mədəni və hərbi alətlərdən istifadə etdiyi bir dövrdə dünyanın zalım gücləri qarşısında şiə məzhəbinin kimliyinin güclənməsi, məzhəb daxilində birliyin möhkəmlənməsi, iqtidar və müqavimətini nümayiş etdirməsi mühüm və zəruri bir vəzifədir.

Bizim övladlarımız müxtəlif yollarla öz şiə məzhəbinin kimliyi ilə tanış olmalı, onu öz daxilində kök atdırmalıdır. Həzrət Əbu Abdullah Hüseynə (ə) matəm saxlamaq İslam maarifini tərvic və bəyan edən, Əhli-beyt (ə) mədəniyyətinin təməllərini möhkəmlədən ən təsirli bir ənənədir.

Əhli-beyt (ə) aşiqlərinin icra etdiyi heç bir millət və dil onda rol oynamayan piyada Ərbəin yürüşü dünya şiələri ilə mənəvi, siyasi və mədəni əlaqələri dərinləşdirmək üçün ən yaxşı fürsətdir.

Ərbəin mərasimi sadə, mülayim, yumşaq şəkildə, hər növ zorakılıq və digər məzhəblərə toxunmadan şiələri qüdrətli bir ümmətə çevirir, güclü ümmət kimi tanıdır. Bundan əlavə, şiənin dini əməllərini nümayiş etdirir, düşmən və bədxahlar qarşısında vəhdət, birlik və ayıq-sayıqlıq mesajını hayqırır.

Əlbəttə, bu mühüm məsələ o vaxt öz kamalına yetişər ki, İmam Hüseynin (ə) zəvvarları bu mərasimdə müqəddəs coşqunluq və həyəcan göstərdikləri kimi onun mərifət və tanıma cəhətlərinə də diqqət yetirməklə Ərbəin mərasimində iştirak etsinlər. Ona görə də din alimlərinin, xüsusilə də din mərcələri orqanlarının şiələrin mərifətini artırmaq, zəvvarları Aşuranın xalis mədəniyyəti ilə tanış etmək üçün qarşılarında dayanan vəzifələri çox mühüm sayılır. Ərbəin mərasiminin böyük potensiallarına diqqət etmək, ona zərər yetirə biləcək və müsbət cəhətlərinə kölgə sala biləcək məsələləri tanıyıb aradan qaldırmaq zəruridir.

Qaynaq: Fars News 

  • Yazılıb
  • da (də) 2017 Oct 18
  • Göndərən مدير سايت Aran News