Tarix : 2017 Oct 18
Kod 53076

''Polislər qardaşımı döyüb xəstəxanalıq ediblər''

“Polislər qardaşımı döyüb, meşənin içinə atmışdılar. Biz onu tapanda vəziyyəti ağır idi. İndi xəstəxanadadır”.
Arannews-Bunu Qusar sakini Nəvahi Abdullayev deyib. 
O, meşə gözətçisi işləyən qardaşı Səbuhi Abdullayevin oktyabrın 13-ü, axşam saat 4 radələrində döyüldüyünü deyir:
“Qardaşım xidməti vəzifəsini yerinə yetirərkən, rayon Polis Şöbəsinin iki əməkdaşı, Ədalət və Əsman tərəfindən vəhşicəsinə döyülüb. Sonra onu meşəyə atıb qaçıblar. Axşam evə gəlmədi, narahat olduq. Bütün meşəni ələk-vələk etdik. Onu huşsuz, üzü-gözü qanın içində tapdıq. Elə həmin gündən də rayon xəstəxanasında yatır”.
Meydan TV məlumatın doğruluğunu yoxlamaq üçün Qusar Mərkəzi Rayon Xəstəxanasını ilə əlaqə saxlayıb. Baş həkim Mübariz Tağıyev Səbuhi Abdullayevin oktyabrın 13-də ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirildiyini təsdiqləyib:
“Üç gündür ciddi nəzarət altındadır. O, xəstəxanaya gətiriləndə ağır kəllə-beyin travması almışdı. Burun sümükləri sınmışdı. İndi durumu normaldır. Evə buraxmağa hazırlaşırıq”.
Onu kimin döyməsinə gəlincə, Mübariz Tağıyev bilmədiyini söylədi:
“Bu, bizim işimiz olmadığı üçün maraqlanmamışıq. Bu vəziyyətə düşmə səbəbini bilmirik”.
Səbuhi Abdullayev
Səbuhi Abdullayev.
Xaçmazda yaşayan müstəqil jurnalist Cəmil Məmmədli də hadisə ilə bağlı “Facebook” sosial şəbəkəsindəki hesabında yazıb. Deyir ki, Səbuhi Abdullayev Qusarda indiyəcən döyülən ilk meşə gözətçisi deyil. Daha öncə bu vəzifəni həyata keçirən şəxsi də döyüblər:
“Bir müddət öncə də qeyd etmişdim. Qusar rayon Polis Şöbəsinin rəisi Meşə Fonduna aid topraqlarda özünə qanunsuz villa tikdirir. Villanın qanunsuz tikildiyini görən Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları polis rəisini 65 min manat cərimələyib. Bundan hiddətlənən polis rəisi Zaur Bədəlov şəhərdə və şəhər ətrafında xidmət aparan polisləri meşələrə tökərək, onların “xidməti dislokasiyasını” dəyişmişdi. Hətta bundan əvvəl də bir nəfər meşəbəyini polislər döyüb, xəstəxanalıq etmişdilər. Görünən budur ki, polis rəisi Ekologiya nazirinin cərimə qərarından necə əsəbiləşibsə, öz əməkdaşlarına “dağlarda döyüş” əmrini verib. Öz rəisinə yarınmaq istəyən polis nəfərləri və zabitləri isə camaatla artıq üz-göz olublar. Bir müddət əvvəl rayon sakinləri də baş verənlərə etiraz etmişdi. Onlar rayon icra hakimiyyətinin, Meşə İdarəsi və Polis Şöbəsinin qarşısında toplaşmışdılar. O zaman sakinləri şirin dilə tutaraq, onları sakitləşdirən rayon rəhbərliyi iki gündür ki, bu hadisəyə münasibət bildirmir”.
Qusar Rayon İcra Hakimiyyəti baş verənlərdən xəbərsizdir. Onlar Meydan TV-yə bu barədə məlumatsız olduqlarını bildiriblər:
“Bu, polisin işidir. Bizim xəbərimiz yoxdur. Harada, kimi, nə səbəbə döyüblər. Ümumiyyətlə bu barədə eşitməmişik”.
Qusar Rayon Polis Şöbəsindən də Meydan TV-yə məlumatsız olduqlarını söyləyiblər:
“Hələlik, bu barədə məlumatımız yoxdur”.
Qusar Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən isə bildirdilər ki, hadisə ilə bağlı yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qusar Rayon Polis Şöbəsi açıqlama verəndən sonra danışa bilərlər:
“Əks halda, biz açıqlama verə bilmirik. Polis şöbəsindən xəbərimiz yoxdur deyirlərsə, nazirliklə əlaqə saxlayın”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə münasibət öyrənmək mümkün olmayıb.
  • Yazılıb
  • da (də) 2017 Oct 18
  • Göndərən مدير سايت Aran News