Tarix : 2017 Oct 19
Kod 53087

''Həbsdəki fəallar ölümlə hədələnir''

Oktyabrın 18-də NİDA vətəndaş hərəkatı həbsdə olan üzvlərinin təzyiqlərə məruz qaldığını işıqlandırmaq üçün tədbir keçirib. Tədbirdə həbsdəki gənclərin ailələri, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti fəalları və siyasi partiya üvzləri iştirak edib.

“Vəziyyət o həddə çatıb ki, biz artıq üçüncü tədbirimizi siyasi məhbuslar məsələsinə həsr edirik. Bizi buna o məcbur edir ki, vəziyyət əvvəlkindən fərqlidir. Əvvəl həbs edirdilər, indi həbs edib, ölümlə hədələyirlər. Avqust ayında İlkini ölümlə hədəsi olub. Daha sonra Qiyasa deyiblər ki, daha ağır şəraitli Qobustan təcridxanasına göndəriləcək. İndi də, açıq şəkildə, Bayrama deyirlər ki, səni vərəm xəstəliyinə yoluxdurub öldürəcəyik”- NİDA vətəndaş hərəkatının idarə heyətinin üzvü Əbülfəz Qurbanlı bildirib.

Övladlarının həbsdə təzyiq görməsilə bağlı keçirilən tədbirdə, valideynlər də narahatlıqlarını ifadə edib.

“Əgər bu gün biz Bayramı qorumasaq, digər övladlarımızn da həyatını təhlükəyə atmış olarıq. Biz, demək olar ki, bi həftədir çox narahatıq. Dünən də Bayramla danışmışam. Hər şeyi açıq şəkildə deyə bilməsə də, bildirib ki, vəziyyət ürək açan deyil”-Bayram Məmmədovun anası Sevinc Məmmədova deyib.

“Keçən ayın 25-də rəis müavini Elçin Əlicanov İlkinə demişdi ki, dava salıb səni aradan götürəcəyik. Şəxsən mən öldürtdürəcəm səni. İlkin soruşub ki, niyə? Deyib, sən rejimin qaydalarını pozubsan. Bunların hamısı bəhanədir. İqtisadi vəziyyət ağırlaşdıqca, ictimaiyyətin gözün qırmaq üçün siyasi liderlərə, hərəkatçılara təzyiqi artırırlar”- İlkin Rüstəmzadənin atası Bəkir Rüstəmzadə söyləyib.

Vəkil Elçin Sadıqov deyib ki, Bayram Məmmədov qanunsuz olaraq karsa salınıb. İndi də bəhanə edirlər ki, o, cəzaçəkmə müəssisəsinin icazəsi olmadan yataq yerini dəyişib:

“Biz may ayında Bayrama qarşı münasibətdən şikayət verdik. Həmin şikayətlərdən sonra cəzaçəkmə müəssisənin rəhbərliyi mənə Bayramın yerinin dəyişdirilməsinə qərr verdiyini bildirib. İndi onu yenidən saxlamlığa zəzər vura bilən yerə qaytarıblar. Hansı ki, həmin əraziyə daima külək vurur. Ayaq yolunun yaxınlığıdır deyə, üfunətdən orada yatmaq mümkün deyil”.

Tədbirdə çıxış edənlər müstəqillik günündə siyasi məhbus mövzusundan danışmalarına görə təəssüf hisslərini bildiriblər.

“Əgər gənclərə təzyiqlər bu qədər artıbsa, bu hakimiyyətin gənclərdən, xalqdan qorxmasının və onları həbsdən buraxmağa məcbur olacaqlarının əlamətidir”-Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib.

10 illik azadlıqdan məhrum edilən Bayram Məmmədov digər fəal Qiyas İbrahimlə birgə ötən il mayın 10-da narkotik ittihamı ilə həbs olunub. Gənclər ittihamları qəbul etməyərək eks-prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs edildiklərini bəyan edirlər.

Digər fəal İlkin Rüstəmzadə 2013-cü ildə saxlanıb. O, kütləvi iğtişaşların təşkilində suçlanaraq 8 il azadlıqdan məhrum edilib. 2016-cı ildə saxlanan Elgiz Qəhrəman da narkotikdə ittiham olunub, 5 il 6 ay azadlıqdan məhrum edilib. Hər iki gənc də ittihamları qəbul etmir, həbslərini siyasi sifariş sayır. Beynəlxalq təşkilatlar onları siyasi məhbus sayır.

  • Yazılıb
  • da (də) 2017 Oct 19
  • Göndərən مدير سايت Aran News