Tarix : 2017 Oct 21
Kod 53099

Ombudsmanın Milli Preventiv Qrupu həbsdəki NİDA-çılarla görüşüb

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri 13 saylı cəzaçəkmə müəssisəsində olub.

Arannews-MPQ üzvləri məhkumlarla, o cümlədən NİDA Hərəkatının həbsdə olan üzvləri Bayram Məmmədov, İlkin Rüstəmzadə və Elgiz Qəhrəmanlı ilə görüşüblər.
Bu barədə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) mətbuat xidməti məlumat yayıb.
"Adı çəkilən şəxslərin yeməkdən imtina etmədikləri, normal qaydada qidalandıqları məlum olub, eyni zamanda, Bayram Məmmədovun yataq yerinin dəyişməsi ilə bağlı Ombudsmana ünvanlanmış ərizəsi qəbul olunub", -deyə xəbərdə qeyd olunur.
Mətbuat xidməti bildirir ki, yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla həyata keçirilən işlər çərçivəsində məhkumların saxlanma şəraiti və hüquqlarının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.
D18 Hərəkatı isə oktyabrın 20-də siyasi məhbuslarla bağlı bəyanat yayıb.
Hərəkat bəyan edir ki, Azərbaycanda siyasi məhbuslar problemi ölkə rəhbərliyinin insan haqlarına sayğısız münasibəti üzündən həll olunmamış qalır:
“Azərbaycanda 150 nəfərdən çox siyasi məhbus var. Hakimiyyət artıq həbs etməklə kifayətlənmir, həbs edilənlərin vəkillərinə zorakılıq tətbiq edir. Məhbusun ailəsi və vəkili ilə görüşməyə mane olur. Məhbuslara həbsxanalarda işgəncələr verilir. Son günlər həbsxana rəhbərliyi tərəfindən siyasi məhbuslar Bayram Məmmədovun, Qiyas İbrahimovun və İlkin Rüstəmzadənin işgəncəyə məruz qalması, hətta ölümlə hədələnmələri haqda məlumatlar alırıq. Hakimiyyət siyasi məhbuslara təzyiq etməklə, işgəncəyə məruz qoymaqla insan haqlarını kobud şəkildə pozur. Siyasi məhbusların sağlamlığında yarana biləcək hər hansı bir təhlükəyə görə hakimiyyət birbaşa məsuliyyət daşıyır. D18 Hərəkatı yerli və beynəlxalq ictimaiyyəti siyasi məhbuslar probleminə diqqətdə saxlamağa, onlara qarşı edilən işgəncələrə səssiz qalmamağa çağırır”.
NİDA üzvü İlkin Rüstəmzadə 2013-cü ilin mayında həbs olunub və Cinayət Məcəlləsinin bir neçə şəxsdən ibarət qrupun tərkibində törədilmiş xuliqanlıq və ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədilmiş xuliqanlıq maddələri ilə ittiham edilib. 2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə NİDA hərəkatı fəalı İlkin Rüstəmzadə 8 il həbs cəzası alıb.
E.Qəhrəman 2016-cı il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onun üzərindən 3.315 qram heroin tapıldığı iddia olunur. Gənc fəalı bir həftə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayaraq, vəkilini yanına buraxmayıblar. NİDA-çı gənc yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib.
Bayram Məmmədov digər fəal Qiyas İbrahimlə birgə ötən il mayın 10-da saxlanıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Q.İbrahimdən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir. Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.

  • Yazılıb
  • da (də) 2017 Oct 21
  • Göndərən مدير سايت Aran News