Arannews-Maide.Az xəbər verir ki, Bəhreynin hüquq müdafiə təşkilatları yayımladığı bəyanatda beynəlxalq təşkilatlardan bu ölkənin həbsxanalarında məhbusların vəziyyəti ilə maraqlanmalarını tələb edib və bəhreynli məhbusların düşdüyü çətin və əzablı duruma son qoyulmasını və məhbusların hüquqlarının bərpasını istəyib. Bəyanatda BMT-nin insan hüquqları şurasına üvz olan ölkələrdən tələb olunur ki, bəhreynli məhbusların vəziyyətinin yaxşılaşdırılması üçün ciddi tədbirlər görsünlər, bəhreynli məhbuslar ilə görüşüb danışsınlar və Bəhreynin həbsxanalarına baxış keçirsinlər.
Hüquq müdafə təşkilatları Bəhreyn rejimindən məhbusların, xüsusi ilə də siyasi məhbusların hüquqlarına hörmət etməsini, məhbuslara əzab və işkəncə verilməsinin dayandırılmasını tələb edib.
Bəyanatda deyilir ki, Bəhreyndə 2011-ci ildən indiyədək 330 nəfəri qadın və 968 nəfəri uşaq olmaqla 12 min nəfərdən çox insan gülünc bəhanələr ilə günahsız olaraq həbs edilib. Hazırda isə 4000 günahsız insan Bəhreyn rejimi ilə müxalif olduğu üçün həbsdədir ki, onlardan 12 nəfəri qadındır.
Bundan başqa Bəhreyn həbsxanalarında olan məhbusların sayı həmin həbsxanaların tutumundan 50% çoxdur. Həmçinin məhbusların mülkiyyəti müsadirə edilməklə yanaşı şəxsiyyətləri də təhqir olunur və vətəndaşlıq hüquqlarından məhrum edilir.
Qeyd edək ki, bəhreynli məhbuslar keçən həftədən aclıq aksiyası keçirir və hüquqlarının bərpa edilməsini, onlar üçün tibbi imkanların yaradılmasını, namazxana və məscidlərinin olmasını, dini mərasimlərini azad keçirmək və yaxınları ilə görüşmək üçün gözləmə otaqlarının düzəldilməsini tələb edirlər.