Tarix : 2017 Oct 25
Kod 53150

Əhsən Nuruzadə ev dustaqlığına buraxılmayıb -

Oktyabrın 24-də Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə Müsəlman Birliyi Hərəkatının (MHB) koordinatoru Əhsən Nuruzadənin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair məhkəmə prosesi keçirilib. Proses qapalı keçirilib,məhkəmədə Əhsən Nuruzadənin özü və vəkili Yalçın İmanov iştirak ediblər.
Arannews-Vəkil Yalçın İmanov məhkəməyə təqdim olunmuş şikayətin təmin edilmədiyini bildirdi:
“Bizə qərar təqdim olunmadığından ev dustaqlığı ilə bağlı vəsatətin hansı səbəbdən təmin olunmaması aydın olmadı. Qərar əldə olunduqdan sonra məhkəmənin motivlərini biləcəyik. Əhsən Nuruzadənin əhval-ruhiyyəsi yaxşı idi. Məndən xahişi bundan ibarət oldu ki, dostlarına və əqidədaşlarına salamlarını çatdırım və onların daha mübariz bir şəkildə yollarına davam etmələrini onun adından deyim. Üç gün ərzində apellyasiya şikayəti vermək hüququmuz var və biz bu hüquqdan istifadə edib Bakı apelllyasiya məhkəməsinə şikayət verəcəyik”.
Qeyd edək ki, Müsəlman Birliyi Hərəkatının (MHB) kordinatoru Əhsən Nuruzadə oktyabrın 6-sı saat Səməd Vurğun bağınınn yaxınlığında qara rəngli "JEEP" markalı maşın tərəfindən naməlum istiqamətə aparılıb. Sonradan onun Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldığı məlum olub. Oktyabrın 10-da ona qarşı cinayət işi açılıb. Ə. Nuruzadənin vəkili Yalçın İmanov onun Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunması barədə məlumat verib. Yaxınları onun ictimai fəaliyyətinə görə həbs edildiyini bildirir. Hal - hazırda Ə. Nuruzadə Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasındadır.

 
  • Yazılıb
  • da (də) 2017 Oct 25
  • Göndərən مدير سايت Aran News