Arannews-Maide.Az "leader.ir" saytına istinadən xəbər verir ki, mərasimin əvvəlində Ayətullah Xamenei şəhidlərin xatirəsinin yad edildiyi məkanı ziyarət edib, ruhlarına “Fatihə” surəsini oxuyaraq onlar üçün Allah dərgahında uca məqamlar diləyib.
Daha sonra Ali Rəhbər meydanda düzülmüş hərbi birləşmələrin təntənəli paradını izləyib.
Ayətullah Xamenei çıxış edərək ölkənin Silahlı Qüvvələrinin ən önəmli məsuliyyət və vəzifəsinin təhlükəsizliyin təmini olduğunu vurğulayıb. “Ölkədə müxtəlif sahələrdə o cümlədən elmi, sənaye və iqtisadi cəhətdən inkişafın olması təhlükəsizliyin təminindən asılıdır. Təhlükəsizlik bütün güc ünsürlərinin və inkişafın artması üçün bünövrədir. Ona görə ki, qeyri-sabitlik olarsa zehinlərdə olan parlaq və böyük məqsədlər unudular.”
Ayətullah Xamenei əlavə edib ki, hazırda ölkənin ən önəmli məsələsi iqtisad və əhalinin güzəranı məsələsidir. “Ölkənin iqtisadiyyatının bünövrəsi neft gəlirlərindən asılı olduğu üçün stabil deyil. İqtisadiyyatın neftdən asılılığı tarixi problemdir və İnqilabdan öncədən miras qalmış məsələdir. Bu isə bizim müxtəlif dövrlərdə neft satışı və onun gəliri ilə bağlı narahatçılığımıza səbəb olub. Ölkə iqtisadiyyatı neftdən asılılıqdan uzaqlaşdırılmadıqca bünövrəsi sabit ola bilməz. Bu məsələnin hərbiçilər qarşısında bildirilməsi təhlükəsizlik məsələsinin bütün sahələrdən nə qədər önəmli olmasını göstərmək üçündür.”
Ayətullah Xamenei deyib ki, bir vaxtlar İran ABŞ, ingilis və sionist müşavirlərinin ayaqları altında başı aşağı idi. “Amma bu gün hegemonlar İranın regionda gücə sahib olmasını qəbul edə bilmir. İndi bizim milli iqtidarımız düşmənlərimizin düşüncəsinə görə onlara mane olandır. Ona görə də bizimlə mübarizə aparırlar.”
Ali Rəhbər ölkənin ballistik raketlər və digər müdafiə proqramının müzakirə obyektində olmayacağı barədə də qəti xəbərdarlıq edib. "Bizim müdafiə gücümüz müzakirə obyekti ola bilməz. Bundan öncə də, indi də deyirik ki, ölkənin müdafiə imkanlarının müzakirə edilməsi haqda danışıqlar aparılmayacaq. Düşmən, “filankəslərin niyə müdafiə vasitələri var?”, “niyə istehsal edirlər?”, “niyə araşdırırsınız?” deyirlər. Amma bilməlidirlər ki, biz milli gücümüzü təmin edirik və bu barədə heç kimlə də müzakirə aparmırıq.”