Tarix : 2017 Oct 27
Kod 53177

"Təzəpir məscidində Şeyx həzrətləri ilə çox səmimi söhbətimiz oldu..."

"Turqut Ozalla təkbətək görüşdə ona söylədim ki, biz bir “böyük qardaş”ı digər “böyük qardaş”la əvəzləmək istəmirik"
Aran Agentiliyi:  Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Moderator.az - ın əməkdaşına verdiyi növbəti müsahibədə əsasən sovet dövründə belə, xalqın qəlbindən çxarılması mümkün olmayan  İslamın Azərbaycan xalqı və dövləti üçün mühüm rolundan, bəzi dövlətlərin ölkəmizə, Qarabağ məsələsinə məhz dini prizmadan yanaşmasından, müasir dövlətin dindən müsbət mənada yararlanmasının vacibliyindən bəhs edib...
(Müsahibənin əvvəlini bu linkdən oxuya bilərsiniz: moderator.az/news/196327.html)
- Ayaz müəllim, İslam haqqında söhbətimiz yarımçıq qaldı. Konkret olaraq sizin rəhbər olduğunuz dövrdə Azərbaycanda dinə münasibətdən danışaq. Qafqaz Müsəlmanları İdarəsi ilə münasibətlər necə qurulurdu? Aşura, Məhərrəmlik mərasimlərinə basqı-filan yox idi ki? 
- Azərbaycanın rəhbəri olduğum illərdə, hətta sovet dövründə belə, dindarlarla hakimiyyətin münasibəti çox normal idi. Müsəlmanlar öz dini mərasimlərini, o cümlədən Aşura və Məhərrəmlik əzadarlıqlarını sərbəst şəkildə icra edirdilər. Onu da deyim ki, mən 1990-cı ilin yazında ilk Azərbaycan rəhbəri olaraq Təzəpir məscidində şeyxülislam həzrətlərini ziyarət etdim. Allahşükür Paşazadə ilə din-dövlət münasibətləri haqda çox səmimi söhbətimiz oldu. Və mən vurğuladım ki, kommunist bir rəhbər olmağıma baxmayaraq din xadimləri və dindarlarla daim xoş bir münasibətin tərəfdarıyam. Çünki əqidəmiz müxtəlif ola bilər, amma unutmaq olmaz ki, biz  hamımız Azərbaycan xalqının nümayəndələriyik. Söhbət zamanı şeyxülislam respublikada məscidlərin bərpası və yenilərinin, eləcə də mədrəsələrin tikilməsi istiqamətində işlər görülməsinin zəruriliyi ilə bağlı müraciət etdi. Və mən o vaxtkı gərgin ictimai-siyasi vəziyyətə rəğmən bu yöndə mümkün işlər görəcəyimizi söylədim...
- Sizcə, bu gün xarici güclərin Azərbaycanda İslam faktorundan yararlanmaqla sabitliyi poza biləcəyi ehtimalı nə dərəcədə realdır?
- Hazırda, əlbəttə, İslam adı altında maskalanmış qrupların əksər ölkələrə olduğu kimi, bizə qarşı da real təhlükəsi var.  Bunun qarşısının alınması üçün dövlətimiz mümkün tədbirləri görür. Ancaq bir gerçəklik də var ki, biz regionumuzda beynəlxalq terrorçuluqla mübarizədə Rusiya prezidenti Vladimir Putinə də minnətdar olmalıyıq. O, öz sinəsini qabağa verərərək bu regionu Yaxın Şərqdən gələn  “İŞİD” təhlükəsindən qorudu. Xəzərdən, Aralıq dənizindən Suriyadakı terrorçulara qarşı atılan raketlər boş yerə buraxılmırdı... Və onu da nəzərə alsaq ki, həmin “İŞİD”in tərkibinə Qazaxıstan, Tacikistan, Özbəkistanla yanaşı, Azərbaycandan da yüzlərlə adam qoşulub, Rusiyanın Suriyada məsələyə müdaxilə etməyəcəyi halda o terrorçular bizim başımızı bir-bir kəsərdilər...
Bütün bunlarla belə Azərbaycanda dini-siyasi duruma həssaslıqla yanaşmaq gərəkdir. Son Aşura günündə mən Bakıda İmam Hüseyn(s) əzadarlarının izdihamını, onların kişilər, qadınlar ayrı şəkildə olmaqla necə təşkilatlanmış formada hərəkət etdiklərini görəndə düşündüm ki, birdən kimsə bu “ordu”nun  istiqamətini yanlış bir tərəfə yönəltsə, onda ölkədə nələr baş verər, hansı ordu bunun qarşısını alar. Ona görə də bu gün ölkədə nəinki xarici, daxili siyasət də böyük rol oynayır. İlk növbədə Azərbaycan xalqının rufah halının yaxşılaşdırılması üçün təcili və ciddi tədbirlər görmək lazımdır. Ölkədə xarici təsirlərdən uzaq, gerçək İslama xidmət edən on minlərlə vətəndaş, o cümlədən gənclər var ki, onlardan qorxmaq lazım deyil. Əksinə, dini radikallığın qarşısının alınması üçün onların potensialından istifadə etmək gərəkdir. Çünki bəzi xarici güclər daxildə hakimiyyətə alternativ axtarırlar. Hazırda ölkədə gerçək müxalifət yoxdur. Bəs düşmənlər iqtidara alternativ ola biləcək kimdən, hansı gücdən yararlana bilərlər? Bu haqda ciddi düşünmək lazımdır. Ona görə mən daim deyirəm ki, Azərbaycan prezidenti və onun xanımının apardığı siyasəti dəstəkləmək gərəkdir. Birinci vitse-prezidentlik institutu əbəs yerə yaradılmadı. İndi  tədricən müəyyən olunur ki, kimlər bu haqda nə düşünür. Dini cameədə çox güman, elə qüvvələr ola bilər ki, bunun əleyhinədirlər. Ancaq biz anlayırıq ki, prezident İlham Əliyevin ətrafında  formalaşmış isteblişment bütün nöqsanlarına rəğmən uzun illər Azərbaycan mühitində mümkün olan islahatlar və digər dəyişikliklərin “dəyirman”ından keçmiş kadrlardır. Buna baxmayaraq biz təcili şəkiildə daxildə mötədil iqtisadi-siyasi durum yaratmalıyıq. Ona görə ki, xarici güclər daim daxildəki fikir ayılıqlarından, ziddiyyətlərdən yararlanmağa çalışırlar... 
Yeri gəlmişkən, hesab edirəm ki, Putin və Nazarbayev xarici təhlükəsizlik zolağı yaratmaq üçün doğru yol seçiblər. MDB ölkələri də bu işə dəstək verməlidir. Və hesab edirəm ki, Rusiyanın Avrasiya İttifaqı tərkibində heç bir ölkənin suverenliyinə müdaxilə etmək niyyəti olmayacaq...
- Əgər Rusiyanın tarixən (çar Rusiyası, SSRİ dövründə və konkret olaraq Qarabağ məsələsində və s.) Azərbaycana olan münasibətini nəzərə alsaq, buna necə inanmaq olar, Ayaz müəllim?
- Çox sadə. Əgər siz  ermənilərlə münaqişə məsələsini nəzərdə tutursuzsa, burada erməniləri  bir o qədər “günahlandırmaq” olmaz.  Bilmək lazımdır ki, bu alçaqları ruslar qızışdırıb ayağa qaldırdı.  Nəyə görə? Ona görə ki, 1990-cı illərin əvvəlində Kremlə aydın oldu ki, Azərbaycan bütün potensalı ilə o zaman Rusiyanın strateji düşməni olan Türkiyə ilə inteqrasiya kursunu götürüb. Bu ki, faktdır. Amma mən 1990-ci ildə Türkiyənin mərhum prezidenti Turqut Ozalla təkbətək görüşdə ona söylədim ki, biz bir “böyük qardaş”ı digər “böyük qardaş”la əvəzləmək istəmirik. Ona görə ki, əvvəla, bizim Qarabağ problemimiz var. Biz bunu edə bilmərik. Biz Qarabağla risk edə bilmərik. Amma biz qardaş ölkələri birləşdirən həlqə ola bilərik. Bizim Türkiyə ilə qardaşlığımız əbədidir. Buna rəğmən bizi harada nə gözlədiyini aydın dərk etməliyik. Və düşünməliyik ki, biz özümüzü necə müvazinətdə saxlaya və bu görünməz “sualtı maneələri” necə adlaya bilərik.  Turqut bəyə onu da dedim ki, siz bizə Avropa ilə əlaqə qurmaqda dəstək verə bilərsiz, biz isə sizə Rusiya ilə iqtisadi əlaqələr qurmaqda yardımçı ola bilərik. Bu gün(1990-cı il nəzərdə tutulur-S.L.) Rusiyanın sağlam iqtisadiyyata, sağlam tərəfdaşa ehtiyacı  var. Siz öz maraqlarınızı həyata keçirmək üçün nəhəng Rusiya bazarından yararlana bilərsiniz. Və s. Turqut Özalla görüşdən öncə isə mən Moskvada SSRİ xarici işlər naziri E.Şevardnadzenin müavini A. Besmertnıx ilə görüşümdə Türkiyə ilə əlaqələr qurmağın Moskva üçün faydasından ətraflı danışmışdım. Mən ona söylədim ki, bu gün Türkiyəyə Krım müharibəsi dövründəki kimi düşmən olaraq baxmaq olmaz. Hazırda Türkiyə gerçək iqtisadi partnyordur. O zaman bu işləri görmək alınmadı. SSRİ dağıldı, mən postumu itirdim, Turqut Özal vəfat etdi... Və bir dəfə 1990-cı illərdə Moskvada bir türkiyəli(çox güman ki,  xüsusi xidmət orqanlarının nümayəndəsi idi) mənimlə söhbətində bildirdi ki, bu gün Türkiyədə anlayırlar ki, hələ SSRİ zamanında siz bizim hökumətə necə faydalı məsləhətlər vermisiz. Yəni Türkiyədə sizin yeriniz yüksəkdədir...
Yaxşı ki, son illər Putin gözlənilməz gediş etdi və Türkiyəni- Ərdoğanı əməkdaşlığa çağırdı. Bu, Rusiya siyasətində bir yenilikdir. Allah eləsin, bu axıracan davam etsin. Belə bir əməkdaşlıq ilk növbədə Türkiyənin özü üçün faydalıdır...
- Siz hakimiyyətdə olanda Türkiyəyə getdiniz, sonra ABŞ dövlət katibi Ceyms  Beykeri Bakıya gəlməyə vadar etdiniz. Bütün bunlar Moskvanın təzyiqləriylə nəticələnmirdi ki?
- Xeyr. Mənim o vaxtkı ABŞ lideri ata Buşla da Qarabağ haqqında yazışmalarım olmuşdu. O zaman Bakıda  Mərkəzi Kəşfiyyat İdarəsinin bizneslə məşğul olmaq adıyla  bir neçə agenti fəaliyyət göstərirdi. Onlar işləri ilə əlaqədar mənim qəbuluma gəldikdən sonra hiss etdim və öyrəndim ki, bunlar MKİ-nin agentləridir. Onlardan Harri adlı biri bir dəfə  soruşdu ki, bəs sizin niyə cangüdəniniz yoxdur. Dedim ki, bizim əlimiz hələ belə məsələlərə çatmır. O cavab verdi ki, yox, lazımdırsa, biz sizə özəl mühafizə təşkil edə bilərik. Siz belə şeylə zarafat etməyin... Bir dəfə isə mən məlumat aldım ki, ABŞ dövlət katibi Ceyms Beyker İrəvana, oradan da Daşkəndə uçacaq, ancaq Bakıya gəlmək fikri yoxdur. Harrini çağırdım və ona dedim ki, Ağ Evə çatdırsın ki, rəsmi Bakı dövlət katibinin onları ziyarət etməməsindən narazıdır. Yarım saatdan sonra o gəldi ki, prezident Buş Beykerə göstəriş verib ki, İrəvandan Daşkəndə uçarkən Bakıya da dönsün. Ancaq onun cəmi 1 saat vaxtı olacaq. Dedim ki, sağ olun, bu da kifayətdir. Öz-özümə isə düşündüm ki,  ABŞ dövlət  katibini Bakıda azı 2 saat ləngidəcəm. Doğrudan da elə alındı ki, onunla iki saatdan çox təkbətək söhbət etdik.  Sonra o, təyyarənin göyərtəsindən Buşa zəng edib ki, Mütəllibovla danışıqlar uğurla keçdi...
- Bəs Qarabağ haqda nə danışdınız?
- Beykerə ətraflı məlumat verdim Qarabağ məsələsi haqda. Ancaq o da konkret bir söz demədi. Yalnız söylədi ki, məşğul olarıq...
- Belə anladıq ki, həmin MKİ agentləri sizinlə müəyyən informasiya mübadiləsi etməklə siyasətinizə təsir göstərmək istəyirdilər?
- Elə idi. Amma mən onların çox sözünə inanmırdım, özüm yoxladırdım… Bir dəfə  Moskvaya MDB ölkələrinin sammitinə yollanmamışdan öncə həmin  MKİ agenti Harri mənə dedi ki, eşitmişəm, siz Moskvaya uçmalısız. Dedim, bəli. O soruşdu ki, hansı təyyarə ilə uçursuz. Cavab verdim ki, xüsusi bir təyyarə ilə. Soruşdu ki, həmin təyyarə haradadır, ayrıca boksu var.  Dedim ki, xeyr, açıq anqardadır. Harri isə guya həyəcanla cavab verdi ki, siz nə danışırsız, ehtiyatlı olmalısız. Bizə İrandan adamlarımız  məlumat verib ki, həmin ölkənin ərazisindən  sizin təyyarəni vura bilərlər. Mən anladım ki, bu dezinformasiyadır və ABŞ kəşfiyyatı İranı mənim gözümdən salmaqla rəsmi Tehranla Azərbaycan arasındakı münasibətləri gərginləşdirməyə çalışır...
- Və sonra siz eyni təyyarə ilə uçdunuz Moskvaya?
- Bəli və heç bir terror-filan da olmadı... 
- Ayaz müəllim, Sizin Qarabağ danışıqlarıyla bağlı Moderator.az-a son açıqlamanız maraqla qarşılandı. Oxucularımız mövzu ilə əlaqədar sizə bir neçə sual ünvanlamağı xahiş ediblər. Suallardan biri belədir: “Bundan sonra Sərkisyanla görüşməyin mənası yoxdu” deməklə müharibənin yeganə alternativ yol olduğu qənaətindəsinizmi?
- Bunu məntiq özü diktə edir.  Əvvəllər də dediyim kimi, əgər  uzun illər siyasi danışıqlar fayda verməyibsə, deməli, buna alternativ axtarmaq gərəkdir.  Amma həmin alternativ də başqa ölkələrə müraciət, xahiş hesabına tapılmamalıdır...
- Bir çox təhlilçilər bu qənaətdədirlər ki, Qarabağ məsələsini həll etmək üçün ən yaxşı fürsət elə sizin prezidentlik dönəminə təsadüf etsə də, siz bu tarixi şansı qaçırmısınız...
- Belə düşünənlərə onu xatırlatmaq lazımdır ki, 1991-1992-ci illərdə Azərbaycan daxilində Mütəllibovun arxasında duran olmadı. Hakimiyyət uğrunda dəhşətli, amansız mübarizə getdi. Bunu indi də hamı etiraf edir. Heç kəs deyə bilməz ki, yox, belə şeylər olmayıb... Bu cür şəraitdə prezident kimi mənim qarşımda ilk növbədə Qarabağdakı separatçı ermənilər, ikincisi Ermənistan və xaricdəki erməni lobbisi, üçüncüsü də daxildəki amansız, dialoqa getməyən müxalifət və üstəlik, yenicə müstəqillik qazanmış respublikanın ümumi iqtisadi-siyasi çətinlikləri dayanırdı Yəni, 4-5 cəbhədə savaşırdım. Odur ki, mən Qarabağın azad edilməsi üçün əlimdən gələni etdim, ancaq  sadaladığım amillərin  yaratdığı gerçək durum bu işi sona çatdırmağa imkan vermədi...
- Hakimiyyətdə qalsaydınız, rus qoşunlarının Azərbaycanda qalması şərtilə Qarabağda Moskvanın diktə etdiyi nizamlanma variantına razılaşardınızmı?
- Biz bu mərhələni keçdik vaxtilə. O zaman erməni işğalına qarşı Çaykənd əməliyyatında Gəncədəki 104-cü diviziyanın gücündən istifadə etdik. O dövrdə biz MDB ölkələrinin kollektiv təhlükəsizliyi qurumuna qoşulmağa razı idik. Və ruslara dedik ki, biz Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyiniz təqdirdə MDB kollektiv təhlükəsizlik qurumuna girməyə hazırıq. Və istənilən vaxt çıxmaq şərti ilə. Yadınızdadırsa, Heydər Əliyev həmin qurumdan çıxdı, Yeltsinin Azərbaycana qarşı siyasətinə etiraz olaraq...  
Onu da deyim ki, məhz  bizim rus ordusuyla razılaşaraq  əldə etdiyimiz və keçmiş müttəfiq respublika kimi payımıza  düşən külli miqdarda hərbi texnika və silah-sursatın hesabına 1992-ci ilin yayında AXC hakimiyyəti Qarabağda müvəqqəti də olsa, uğurlu əməliyyatlar keçirdi...
- Rusiya nə dedi ki, etmədiniz və  sizin devrilmənizə imkan yaratdı?
- Belə bir məqam olmuşdu... 14 fevral 1992-ci ildə MDB birləşmiş hərbi qüvvələri yaradılarkən mən bir dövlət başçısı kimi ölkə daxilindəki duruma arxalanaraq bu haqda sazişi imzalamaqdan imtina etdim.  Bəlkə də biz həmin sazişə qol çəksəydik, vəziyyət tamam başqa cür olardı. Sual vermək olar ki, siz prezident kimi qol çəkməyi lazım bildiyiniz halda niyə, nədən çəkinib tərəddüd edirdiniz ki. Bilirsiz, hələ 1991-ci ilin payızından daxildə müxalifət belə bir rəy formalaşdırırdı ki, guya Ayaz Mütəllibov Azərbaycanda milli ordunun yaradılmasını istəmir. Və mən Moskvanın təklif etdiyi bu sazişi imzalasaydım, o saat hamını ayağa qaldıracaqdılar ki, biz ordu yaradırıq, prezident isə onu dərhal Rusiyanın tabeliyinə verir, xəyanət edir, filan və s.
Yaxşı , mən qol çəkmədim və az sonra da qan tökmədən hakimiyyətdən uzaqlaşdım. Bəs həmin AXC liderləri hakimiyyətə gəldi, niyə özləri Qarabağ məsələsini həll etmədilər... 
- Ayaz müəllim, Azərbaycan günortadan qabaq Qərbin, ABŞ-ın, günortadan sonra Rusiyanın və ya İranın gizli və açıq basqıları altında qalır. Bəs biz hansı istiqamətə inteqrasiya etməliyik ki, hamı bizdən razı qalsın? 
- Bu gün bilməliyik ki, Türkiyə öncə dediyim kimi, qardaş ölkə olaraq bizim üçün çox vacibdir. Amma Rusiyadan da üz döndərə bilmərik, çünki bizim böyük və qüdrətli həmsərhəd qonşumuzdur. Eyni zamanda düşünmək lazımdır ki, Rusiya ilə ikitərəfli əlaqələri genişləndirsək, ABŞ, Avropa, eləcə də Türkiyə buna necə baxacaq. Yəni xarici siyasəti yoluna qoymaq üçün ümumi bir düstur tapmaq mümkündür. Gerçəklik xarici siyasətdə bütün ölkə və güclərlə anlaşma şəraitində yaşamağı tələb edir. Bu günədək Heydər Əliyev və ardınca onun layiqli davamçısı İlham Əliyevin apardığı balanslaşdırılmış xarici siyasət uğurla nəticələnib.  Lakin bundan sonra həm xaricdə, həm daxildəki problemlərə daha incəliklə yanaşmaq lazımdır... 
Yeri gəlmişkən, regionçuluq, yerlibazlıq faktoru da çox narahatedicidir. Təəssüf ki, bu xəstəlik artıq insanların beyninə həkk olunub. Mən şəxsən xəcalət çəkirəm, kimdənsə soruşam ki, sən haralısan. Dilim gəlmir belə bir sual verməyə. Azərbaycanlıyıq hamımız... Bu günkü problemlərin yaşadığı bölgədən asılı olmayaraq hamıya dəxli var. Bu gün guya naxçıvanlıların əksəriyyəti yaxşı dolanır ki? Bütün regionlarda oxşar çatışmazlıqlar mövcuddur. Əgər hazırda kimlərsə Azərbaycanda regionçuluq, yerlibazlıq zəminində qarşıdurma yaratmaq istəyirsə, bilsinlər ki, çox da uzağa gedə bilməyəcəklər. Söhbət həm də ölkənin prezidenti İlham Əliyev və 1-ci vitse-prezidentin birgə  apardıqları siyasətə münasibətdən gedir. Bu birgəliyə kölgə salmaq olmaz...

  • Yazılıb
  • da (də) 2017 Oct 27
  • Göndərən مدير سايت Aran News
Açar sözlər