Arannews-Soruşula bilər ki, imam Hüseynin səhabələri şəhadət məqamı baxımından hansı dərəcədə olublar? İynə ucu qədər şübhə etməməliyik ki, Kərbəla şəhidləri ən uca şəhadət məqamında olublar. İmam Hüseyn özü şəhidlər ağası olan şəhidlər zümrəsinin seyyididir. Bu şəhidlər şəhadət məqamı baxımından şəhidliyin zirvəsindədirlər. Hətta Aşura sübhünə qədər düşmən qoşununun komandanlarından olan, bir ömür Bəni-Üməyyəyə xidmət etmiş Hürr şəhidlik məqamı baxımından o birilərlə eynidir. Amma şücaət baxımından şəhidlərin biri o birindən üstün ola bilər.
İlahi hidayət və vilayət Hürrün qəlbini işıqlandırmışdı. O özü ilə danışır, özünü behiştlə cəhənnəm, küfrlə iman arasında görürdü. Qəfildən təhlükəli bir qərara gəldi. İmam Hüseyn gördü ki, bir şəxs ona doğru gəlir. Kimliyini soruşdu. Səhabələr dedilər ki, Hürdür, amma savaş halında deyil. Hürr başı aşağı yaxınlaşıb, səs çatacaq bir yaxınlıqda dayandı. İmam “başını yuxarı qaldır, kimsən” deyə soruşdu. Hürr peşiman olub, tövbə qıldığını bildirdi və tövbəsinin qəbul olub-olmaması barədə soruşdu. İmam buyurdu: “Allah sənin tövbəni qəbul etdi. Gəl, atdan düş.” Hürr dedi: “İcazə ver süvari qalım. Olsun ki, süvari qalmağım sizin üçün daha yaxşı ola.” Zənnimcə, Hürr əhli-beytdən xəcalət çəkdiyi üçün hərəmə yaxınlaşmaq istəmirdi. O Zəhra övladlarını qorxuya salmış birinci şəxs idi. Hürr meydana getdi. O, qarşı tərəfə moizə-nəsihətdən sonra rəcəz oxudu və savaşa başladı. Bir dəstəni öldürdü və nəhayət onu mühasirəyə aldılar. Yerə yıxıldığı vaxt imam Hüseynə (ə) salam verdi. İmam Hüseyn (ə) sürətlə ona yaxınlaşdı və buyurdu: “Anan sənə yaxşı ad qoyub, sən həqiqətən, dünya və axirətdə Hürr-azadsan.”
Mərhum Mühəddis Qummi “Nəfsul-məhmum” kitabında nəql edir ki, şah İsmayıl Xətai Kərbəlaya çatdığı vaxt ona dedilər: “Bilinmir ki, Hürrün tövbəsi qəbul olunub, yoxsa yox!” Şah İsmayıl göstəriş verdi ki, Hürrün qəbrini açsınlar və vəziyyətin nə yerdə olduğunu görsünlər. Qəbri açdılar və Hürrün şəhadət vaxtı basdırıldığı halda qaldığını gördülər. Onun alnında dəsmal vardı. O sanki torpağın qoynunda yatmışdı. Şah İsmayıl dedi: “Bu dəsmal nədir?” Alimlərdən biri dedi: “Bu dəsmalı qan gözünə tökülməsin deyə imam Hüseyn (ə) onun yarasına bağlayıb. Şah dedi: “Bu dəsmal bizim üçün qələbə rəmzi ola bilər, onu açın.” Dəsmalı açdıqları vaxt yaradan qan gəlməyə başladı. Dəsmalı bağladılar, qan dayandı. Başqa bir dəsmal gətirdilər ki, imam Hüseynin (ə) dəsmalını götürə bilsinlər. Amma gətirilən dəsmal qanı saxlamadı. Şah İsmayıl dedi: “Bəli, imamın dəsmalı onun alnında qalmalıdır. (Rəvayətə görə şəhidlərin cəsədi çürümür. Şah İsmayıl Hürrün cənazəsinin hansı vəziyyətdə qaldığını bilmək və onun yüksək məqama nail olduğunu sübut etmək üçün qəbri açdırmışdı).
İmam Hüseynin (ə) yoldaşlarından hansı şəhid olurdusa, imam onun yanına gəlirdi. Qardaşı Əbül-Fəzl də yerə yıxılanda imam onun yanında idi. Yalnız bir şəhidin başı üstündə dayanan olmadı. O da imam Hüseyn (ə) özü idi. Bəzi rəvayətlərdə nəql olunur ki, babası Peyğəmbər (s) onun başı üzərində dayanmışdı. Çox keçmədi ki, imamın məzlum bacısı Ömər Sədin dayanıb tamaşa etdiyini gördü. Ona xitabən dedi: “Ey Səd oğlu, qardaşımın necə öldürülməsinəmi baxırsan?” İbn Səd üzünü çevirdi. Zeynəb kimsənin yardım etmədiyini görüb əllərini başına qaldıraraq fəryad çəkdi: “Ey insanlar, sizin aranızda bir müsəlman yoxdurmu?!” (“Məqtəlil-Hüsəyni-müqərrəm”, s. 284)