Oktyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Nardaran işi-3” üzrə ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Arannews-Proses təqsirləndirilən şəxslərin – Zülfüqar Mikayılzadə, Mübariz İbarahimov və Cabir Əliyevin son söz çıxışları ilə davam edib.
Zülfüqar Mikayılzadə çıxışında verilən ittihamlarla bağlı məhkəmənin “araşdırdığı” sübutların heç bir əsasının olmadığını və əsasını tapmadığını bildirib:
“Verilən ittihamlarda ümumiyyətlə, qrup şəklində terrorçuluq, qanunsuz silah saxlama, dövlət əleyhinə çıxışlarla bağlı ittihamlarda ümumiyyətlə hər hansı bir əlaqə yoxdur. Qrup şəklində verirlərsə, ümumiyyətlə dövlət çevrilişindən söhbət gedirsə, bu sadə bir şey deyil. Bunun tərkibi olmalıdır ki, bu həmin dövlət çevrilişi edən şəxslərin məqsədləri, hansı üsullarla buna çatması hakimiyyətə olan ambisiyaları - bunların hamısı ortalığa qoyulmalıdır ki, bizi konkret olaraq hansı cinayətdə ittiham edirsiniz. Mən və həbs olunan şəxslərdən heç birimiz nə təşkilatı formada təşkilatlanmışıq, nə də hansısa bir partiya və qurumun üzvü deyilik. Kimsə dindarları ayırmaq fikrində deyil, lakin şiə məzhəbli şəxsləri dövlətə qarşı qoymaq istəyirlər”.
Mübariz İbarhimov və Cabir Əliyev da çıxışlarında ittiham olunduqları maddələrin heç bir hüquqi əsasının olmadığını və eləcə də sübutlara əsaslanmadığını bildirərək bəraət istədiklərini, ədalətli məhkəmə qərarı olmalı olduğunu deyiblər.
Hakim təqsirləndirilənlərin son söz çıxışının 6 noyabr saat 14:00-da davam edəcəyini elan edib.
Qeyd edək ki, Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir. Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.