Arannews-Vəkilin verdiyi məlumata görə, Tale Bağırzadə Milli Şuranın keçirdiyi mitinqlərlə maraqlanıb. "Bu hakimiyyətdən qurtulmaq üçün xalqın bütün təbəqlərindən olan insanların inanclı-inancsız fərq etmədən, bir yerdə mübarizə aparması lazımdır, əks halda ölkəmizi böyük təhlükələr gözləyir" - o, belə deyib. Abbas Hüseynov həbsxanada su probleminin olduğunu, gün ərzində fasilələrlə 2-3 saat su verildiyini bildirib. Nardaran mәhbusu qaldığı kameranın kosmetik təmir olunduğunu deyib:
"Abbas dedi ki, oktyabrın 27-i onu və onunla bir yerdə qalan digər dustağı otaqdan çıxardaraq, başqa kameraya köçürəcəklərini deyiblər. Lakin 6 saatdan sonra bidiriblər ki, başqa kameraya köçürülməyəcək, əvəzində qaldığı kamera təmir olunacaq. Sonra qaldığı otağın divarlarının yarısı rənglənib, kameranın tavanının uçmuş hissələri şpaklovka ilə doldurulub və kameradakı tualetin hündürlüyü bir daş artırılıb".
Vəkilin sözlərinə görə, Abbas Hüseynov bu təmirin qaneedici olmadığını, həbsxana şəraitinin hələ də dözülməz olduğunu bildirib.
"Saxlanıldığı kamerada kiçik hərəkət tavanın alçısının (ştukaturkasının) tökülməsinə səbəb olur. Ayaq yolu kameranın daxilində açıq vəziyyətdə olduğundan və su sutkada fasilələrlə cəmi 2-3 saat verildiyindən daimi üfünət iyi olur. Bundan əlavə ümümiyyətlə kanalizasiya tez-tez tutulur. Döşəmədən böyük böcəklər çıxır, kamerada siçovullar vardır. Həbsxanın müdriyyəti kameranın təmir olunacağına və ya onu başqa kameraya keçiriləcəyinə söz versədə bunu etməmişdir. Abbas Hüseynov həmçinin bildirdi ki, onun abunə olaraq yazıldığı qəzetlər ona verilmir Bununla belə müsbət hal odur ki, bütün həbsxanaya istilik vaxtından əvvəl verilibdir" - bu sözləri oktyabrın 24-ü Abbas Hüseynovla görüşən vəkil Cavad Cavadov Rakurs TV-ə açıqlamasında demişdi.
AİP lideri Mövsüm Səmədov isə Yalçın İmanova kamerasının tavan hissəsinin kosmetik təmir edildiyini, tavandakı boşluqların doldurulduğunu deyib. O, bütün mübarizə yoldaşlarına salamının çatdırılmasını istəyib.
Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və Abbas Hüseynov Nardaran hadisələri ilə bağlı həbs edilib.
2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.
Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Müsəlman Birliyi" Hərəkatının sədri Tale Bağırzadə və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırzadə və Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.
Daha iki qrupun məhkəməsi davam edir. Bir müddət öncə, əlavə iki nəfərin məhkəməsi başlanıb.
Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.
Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.
Bu yaxınlarda "Nardaran məhbusları”ndan 18-i vaxtından əvvəl azadlığa buraxılıb. Onların bəzilərinin azadlığa çıxmasına sayılı günlər qalmışdı.
Abbas Hüseynov ayrıcı Qobustan Qapalı Həbsxanasına köçürüldükdən sonra ağır işgəncələrə məruz qaldığını, sərt şəkildə döyüldüyünü bildirib.
Penitensiar Xidmətdən isə işgəncə iddialarını təkzib ediblər.
Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov isə 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla saxlanıb.
O, 12 il həbs cəzası alıb. Avropa Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.