Tarix : 2017 Nov 01
Kod 53241

Qiyas İbrahimov və atasının məhkəməsi başlayıb

Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan sonra həbs edilən “NİDA” Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimov və atası Həsən İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Arannews-Meydan.TV-nin məlumatına görə, oktyabrın 31-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən hazırlıq iclasında vəkil Elçin Sadıqov Qiyas İbrahimovun şüşə kabinədə yox,vəkilin yanında əyləşməsi barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin edib və o, vəkilin yanında əyləşib.
Daha sonra E.Sadıqov digər vəsatətlərlə çıxış edib. O, işə Yasamal Rayon Məhkəməsində baxılmasına etiraz edib. E.Sadıqov bildirib ki, Qiyas və Həsən İbrahimovlardan Bakı Apelyasiya Məhkəməsinin hakimləri Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramov şikayət edib.
“Onların üçünün də bu iş üzrə istintaqa ifadələri eynidir. Üçü də bəri başdan Qiyas və atasının cinayət törətdiyini iddia edir. Yasamal rayon Məhkəməsi də Bakı Apelyasiya Məhkəməsinin yurisdiksiyasına daxildir. Bu məhkəmənin çıxardığı hökm və qərarlardan verilən şikayətlərə onlar baxıb qiymət verir. Bu baxımdan, sizin hökm və qərarlarınızı sorğulamaq səlahiyyəti olan adamlarla bağlı işə obyektiv baxıb, ədalətli hökm çıxarmağınız şübhəlidir. Ona görə də biz bu işə Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olmayan məhkəmədə baxılmasını xahiş edirik”.
Hakim vəsaətlə bağlı qərar vermək üçün müşavirəyə gedib. Bu zaman o, Qiyas İbrahimovla bağlı da fikrini dəyişib. Müşavirə otağından göstəriş verib ki, Qiyas İbrahimov yenidən şüşə kabinəyə qaytarılsın. Vəsatət baxılmamış saxlanılıb.
Vəkilin digər vəsatəti isə cinayət işinə xitam verilməsi, onlara münasibətdə təqsirsizlik prezumpsiyası hüququnun pozulması haqda olub:
“Qiyas İbrahimov Heydər Əliyevin heykəlinə şüar yazdığına görə narkotiklə şərlənib, məhkəmədə prokuror ona 9 il həbs cəzası istədiyi halda, hakim 10 il verib. Həmin hökmdən verilmiş apelyasiya şikayətinə baxılarkən məhkəmə ədalətsiz keçirilib, müdafiə tərəfinin verdiyi 23 vəsatətin heç biri təmin olunmayıb. Vüqar Məmmədovun sədrliyi ilə, Əflatun Qasımov və Əmir Bayramovdan ibarət hakimlər heyəti bununla da kifayətlənmədi. Qiyas İbrahimov çıxış edərkən ona imkan vermədi. Şüşə kabinədə olan mikrofonu söndürdü, onun səsi eşidilmədi. Halbuki, həmin vaxt Qiyasın etiraz etməsi üçün kifayət qədər əsasları var idi. Hakimlər ədalətli olsaydı, vəsatətləri təmin etsəydi, onlara kim nə deyəcəkdi?”
Qiyas və atasından şikayətçi olan hakimlər ifadələrində deyiblər ki, gənc fəal onları “marionet” adlandırmaqla, təhqir edib. Azərbaycan məhkəmələrinin müstəqil olmadığını təkcə Qiyas söyləmir. Bu məsələlər çoxsaylı yerli və beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb”.
Həmin vəsatətlər də baxılmamış saxlanılıb.
İclasda iş üzrə məhkəmə istintaqının başlanması məsələsi müzakirəyə çıxarılıb. Prokuror Vüsal Abdullayev cinayət işinin məhkəmə baxışına verilməsi məsələsinə fikir bildirmək üçün bir həftə vaxt istəyib.
Proses noyabrın 7-də davam edəcək.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, narkotik saxlamaqda ittiham edilən Q.İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib. Q.İbrahimov ittihamı saxta adlandırır.
Qiyas İbrahimov və atası CM-nin 289.2 (məhkəməyə hörmətsizlik etmə) maddəsi ilə ittiham edilir. Onlara qarşı irəli sürülən ittiham üzrə 300 manatdan 500 manata qədər cərimə və ya 2 il islah işləri və ya 6 aya qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

  • Yazılıb
  • da (də) 2017 Nov 01
  • Göndərən مدير سايت Aran News