Meydan TV-nin rəhbər işçiləri barəsində açılan cinayət işi jurnalist Əfqan Muxtarlının işindən ayrılıb.
Arannews-Məlumatı Əfqan Muxtarlının vəkili Elçin Sadıqov yayıb. O, noyabrın 1-də Əfqan Muxtarlı barəsində cinayət işinin ibtidai istintaqının sona yetdiyinin elan edildiyini söyləyib:
“Əfqan Muxtarlı barəsində açıqlan cinayət işi Meydan TV-nin vəzifəli şəxsləri barəsində açılan cinayət işindən ayrıldı. İbtidai istintaq bitdi. Cinayət işinin materialları ilə tanış olma mərhələsi başlayır. Əfqan Muxtarlı barəsində Cinayət Məcəlləsinin 206.1, 315.2 və 318-ci maddələrlə irəli sürülmüş ittihamlar saxlanıb. İş baxılması üçün Balakən rayon Məhkəməsinə göndəriləcək”.
Vəkil cinayət işinin materialları ilə tanış olma prosesinin Əfqan Muxtarlının iştirakı ilə həyata keçiriləcəyini söyləyib.
Jurnalist Əfqan Muxtarlı bu il mayın 29-u müəmmalı şəkildə yaşadığı Tbilisidən gətirilərək Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Bu zaman onun cibinə 10 min avro pul da qoyulub.
Rəsmi qurumların məlumatında isə bildirilir ki, o, sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanılıb. Bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərib.
Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.
Əfqan Muxtarlı son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifidir.
Bir neçə ay öncə jurnalist Əfqan Muxtarlıya açılan cinayət işi Meydan TV-nin rəhbər şəxslərinə qarşı açılan cinayət işi ilə birləşdirilmişdi.
Ə. Muxtarlı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir.
2016-cı ilin əvvəlində Meydan TV-nin rəhbər işçilərinə Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır.