10-cu Beynəlxalq Teoloji elmi-təhsil konfransında İranın İslam Məzhəbləri Universitetlərinin rektoru çıxış edib.
Arannews-İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, 10-cu Beynəlxalq Teoloji elmi-təhsil konfransında - Qalimcan Barudi adına “İslam teologiyası və akademik islamşünaslıq: əməkdaşlıq və inkişaf perspektivləri” mühazirələrində İslam Məzhəbləri Universitetlərinin (Qum, İran) rektoru Məhəmməd Hüseyn Muxtari çıxış edib.O, öz universitetinin fəaliyyəti barədə danışıb və qeyd edib ki, onun əsas məqsədi İslamın bütün məzhəbləri və cərəyanları arasında vəhdətə nail olmaqdır.
“Bizim tələbələrimiz İslamdakı müxtəlif cərəyanları tədqiq edirlər. Əsas metod İslamdaxili müqayisəvi araşdırmalardır. Onlar, müxtəlif məzhəblərin nöqteti-nəzərindən fiqh, təfsir, hədisşünaslıq və digər İslam disiplinlərinin tədqiqini təmin edirlər, bütün baxışları gözdən keçirirlər.”, - deyə o bildirib.
Muxtarinin sözlərinə görə, bu cür yanaşma tərzinin bir neçə hədəfi var.
“1-cisi İslamdakı bütün cərəyanlar arasında dialoq qurmaqdır. 2-cisi İslamdaxili araşdırmalar İslam dinini zənginləşdirməyə kömək edəcək. 3-cüsü qardaşlığın bərqərar edilməsinə və bütün məzhəblərdən olan tələbələri yaxınlaşdırmağa imkan verir.”, -deyə o bildirib.