İslam İnqilabının Böyük Rəhbəri: “İran və Azərbaycan Respublikası arasında yaxın qardaş münasibətlərin olmasını istəməyənlər vardır və onların təxribatçı hərəkətləri, pis niyyətləri qarşısında dayanmaq lazımdır.
AranNews – Ali Məqamlı Rəhbərin informasiya blokunun verdiyi məlumata görə, İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xamenei çərşənbə günü Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşündə iki ölkə arasında dərin bağlılıqlara və əməkdaşlıqların genişləndirilməsinin zəruriliyinə toxunaraq deyib: “İran və Azərbaycan Respublikası arasında yaxın qardaş münasibətlərin olmasını istəməyənlər vardır və onların təxribatçı hərəkətləri, pis niyyətləri qarşısında dayanmaq lazımdır”.
Həzrət Ayətullahül-üzma Xamenei Azərbaycan Respublikası xalqının böyük əksəriyyətinin İran və İraqda olduğu kimi Əhli-beyt (ə) davamçıları olduğunu vurğulayaraq bildirib: “Bu faydalı fürsət və Azərbaycanda şiələrin möhtəşəm əzadarlıq mərasimlərinin qədrini bilmək lazımdır. Çünki bu məsələlər sizin ölkənizin və xalqınızın kimliyini gücləndirir”.
İnqilabın Böyük Rəhbəri Sovet İttifaqının marksizmə rəvac verməkdə və dini unutdurmaqdakı səylərində uğursuz qalmasının səbəbinin Azərbaycan Respublikası xalqının möhkəm imanı olduğunu bildirərək deyib: “Bu il məhərrəm ayındakı möhtəşəm mərasimlər Azərbaycan xalqının sarsılmaz imanının nümunəsi idi”.
Bu görüşdə Azərbaycan Respublikası prezidenti İlham Əliyev özünü İranda öz evində olduğu kimi hesab etdiyini bildirib və son illər ərzində iki ölkə arasında əməkdaşlıqların gözə çarpacaq dərəcədə inkişaf etdiyini xatırladaraq deyib: Biz İranla əlaqələrimizdə tamamilə möhkəmik və kimsəyə iki ölkə münasibətlərinə müdaxilə etmək, yaxud təxribat yaratmaq icazəsi verməyəcəyik”.
Azərbaycan Respublikası prezidenti Tehran və Bakı arasında iqtisadiyyat, mədəniyyət, investisiya, enerji, nəqliyyat sahələrində əməkdaşlıq nümunələrinə toxunub, Azərbaycan dövlətinin ölkədə məscid inşası sahəsindəki təlaşlarından söz açıb. Prezident əlavə edib: “Biz İranla iqtisadi və mədəni əlaqələri möhkəmləndirməkdəyik və bu münasibətlərin davamlı olmasında ciddiyik”.