İmam Hüseynin (ə) buyurmuşdur: “Mən bu qiyamı ondan ötəri etdim ki, cəmiyyəti əmr be məruf və nəhy əz münkər vasitəsi ilə islah edim
Aranews-Əgər hansısa bir ölkədə İslam dövləti olmazsa, ya mövcud İslam dövləti zəifləyib əlindən bir iş gəlməzsə və xalq dinin ciddi təhlükə ilə üzləşdiyini hiss edərsə, belə yerdə həmin xalq münkər əleyhinə qiyama qalxmalıdır. Bu qiyam İslam həqiqətlərinin, İslam hökmlərinin qorunub saxlanması və insani dəyərlərin cəmiyyətdə dirçəldilməsi üçündür.Ola bilər ki, cəmiyyətdə istər əqidədə olsun, istərsə də əməldə zülmün qarşısını alacaq qədər güclü İslam dövləti olmasın. Və ya dövlət kafir və ya islami dövlət adı altında hökumət edənlər əslində münafiq olsunlar. Ya hakim qüvvəyə əmr be məruf və nəhy əz münkəri həyata keçirməyə maneə yaratsınlar. Həmçinin, cəmiyyətdə sağlam islahat aparıb, fəsadın qarşısını almaq istəyən bəzi insanların güclü təzyiqlər qarşısında mübarizə gücləri çatmasın. Belə şəraitdə mümkündür ki, bu vacib əməli həyata keçirmək üçün elə hərəkətə əl atsınlar ki, hərəkətləri onların məzlum şəkildə şəhadətə yetişib, islamın nicat tapması ilə nəticələnsin.
Bu hərəkətin bariz nümunəsi İmam Hüseynin (ə) etdiyi hərəkatdır. O həzrət buyurmuşdur: “Mən bu qiyamı ondan ötəri etdim ki, cəmiyyəti əmr be məruf və nəhy əz münkər vasitəsi ilə islah edim.”
İmam Hüseynin (ə) şəhadəti ilə nəticələnən belə bir hərəkat əmr be məruf və nəhy əz münkərin kamil bir nümunəsidir. Bu cür əmr be məruf və nəhy əz münkər ancaq qaş-qabaq sallamaq, öyüd-nəsihət etmək və ya məhdud fiziki güc göstərməklə olmayıb, əslində tarixdə dərin izlər qoymuş, yeni səhifələr açmış əzəmətli, şövkətli bir hərəkat idi. Bəşəriyyət durduqca bu izlər də duracaqdır. Əlbəttə, bu cür hadisələr tarixdə çox nadir hallarda baş verir.