Noyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə Mehman Hüseynovun CM-nin 147.2-ci maddəsilə təqsirli bilinib 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunması ilə bağlı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi keçirilib.
Arannews- Məhkəmə prosesində M. Hüseynovun özü və vəkilləri Fuad Ağayev, Şəhla Hümbətova və Fəxrəddin Mehdiyev, eləcə də media və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Müdafiə tərəfi iş üzrə halların sübut olunması üzrə bir neçə vəsatətlə - video görüntülərin əldə olunması, zərərçəkmiş və xüsusi ittihamçı Musa Musayevin özünün məhkəməyə çağırılaraq dindirilməsi, şahidlərin dindirilməsi barədə vəsatətlər veriblər. Hakim Ə. Qasımov gələn məhkəmə iclasında bu vəsatətlərin müzakirə olunacağını bildirib.
Daha sonra Mehman Hüseynova ifadə verməsi üçün söz verilib. Hüseynov çıxışında Nəsimi rayon Polis İdarəsinin ərazisində baş verən qanun pozuntuları ilə bağlı məlumat verib. Bu zaman məhkəmə kollegiyası onun sözünü kəsərək çıxışa imkan verməyib və məhkəmə prosesinin 10 noyabr saat 15:00-a qədər təxirə salındığını elan edib.
Xatırladaq ki, 9 yanvar 2017-ci il tarixində saat 19:30- radələrində jurnalist, blogger Mehman Hüseynov oğurlanaraq naməlum istiqamətə aparılmış və ondan heç bir xəbər alınmamışdı. Daha sonra jurnalistin Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparıldığı və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə təqsirli bilindiyi məlum olmuşdu. 10 yanvar 2017-ci il tarixdə Nəsimi rayon Məhkəməsi bloggerin 200 manat cərimə cəzasına məhkum edərək onu azadlığa buraxmışdı. Həmin vaxt orada mediaya açıqlama verən jurnalist işgəncəyə məruz qalması barədə açıqlama verib. Bundan sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onu xüsusi ittiham qaydasında məhkəməyə verərək Mehman Hüseynovun Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. 3 mart 2017-ci il tarixdə Suraxanı rayon Məhkəməsi Hüseynovun 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.