26 dekabr - Yuxarı Qarabağın mərkəzi olan Xankəndi şəhərinin işğal günü kimi xatırlanır. Şəhər 26 dekabr 1991-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və orada separatçı rejim yaradılıb. Bu tarixdə Xankəndidən sonuncu azərbaycanlı ailə qovulub və 1989-cu ildən soydaşlarımıza qarşı aparılan etnik təmizləmə başa çatıb.
Arannews-Nədənsə bəzi dövlət qurumlarının stendlərində digər işğal olunmuş rayonların adları qeyd olunsa da, bu siyahıda Xankəndinin adı əks olunmur. Əsasən təhsil və səhiyyə təşkilatlarında belə situasiyanın yer alması əslən Xankəndidən olan insanların narazılığına səbəb olub. Axı Xankəndidə də işğala məruz qalmış şəhərlərimizdən biridir.Modern.az saytı mövzuya münasibət öyrənməyə çalışıb.
Milli Məclisdə Xankəndini təmsil edən deputat Flora Qasımova bu cür halla rastlaşdığını təəssüflə qeyd edib.
“Ümumiyyətlə, istər ali, istərsə də orta məktəb müəssisələri olsun, heç birinin stendində əks olunan işğal rayonları arasında Xankəndi ilə bağlı məlumat yoxdur. Düzdü, ayrıca yaradılan guşədə işğal olunan rayonlarımızın adları qeyd olunub. Amma heç birində Xankəndinin adına rast gəlməmişəm. Eyni halı səhiyyə müəssisələrində də görmüşəm. Xankəndi işğal olunmuş rayonlar arasında yazılmır. Halbuki, Xankəndi ilk etnik təmizləməyə məruz qalan, işğal olunan keçmiş vilayətin mərkəzidir. İlk işğal olunan şəhərdir. Separatizmin, azərbaycanlılara qənim kəsilənlərin yuvasıdır. Dəfələrlə Xankəndidə separatizm baş qaldırıb. Bunun qarşısı alınsa da, sonda ölkə rəhbərliyinin yarıtmazlığı ucbatından Xankəndi işğal olundu. Cənab prezidentimiz də dəfələrlə deyib ki, işğal olunmuş Xankəndidə, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Niyə bunu eşitmirlər?! Bütün planlar Xankəndidə başlamayıbmı?!”.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov mövzuya ətraflı şərh vermək istəməyib.
“Bu cür məsələləri həmin qurumların rəhbərlərindən soruşmaq lazımdır. Mən cavab versəm, kəskin etiraz kimi səslənəcək. Həmin qurumların rəhbərləri bunu çoxdan bilməli idilər. Torpağımıza laqeyd münasibət bəsləməməliyik. Bütün işğal altında olan rayonlarımızdan tutmuş kəndlərimizə qədər hamısı qeyd olunmalıdır. Biz o torpaqlara qayıdacağıq. Ona görə də unuda bilmərik”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı vaxtilə belə məsələləri gündəmə gətirdiklərini deyir.
“Hardasa 15 il bundan qabaq bu cür məsələləri gündəmə gətirmişdik. O vaxta qədər işğal olunmuş rayonlarımızla bağlı hər kəs müxtəlif tarixlər yazırdı. O vaxtlar təbliğat işi aparıb mənbələrin hamısını ümumiləşdirib ortaya çıxardıq. Hamısı üçün ümumi tarixlər çıxartdıq. Bu məsələ həm də subyektiv məsələdir. Kimsə deyir ki, “Şuşadan, yaxud da Kəlbəcərdən ən axırıncı mən çıxmışam, ona görə də filan tarix işğal günü kimi göstərilməlidir” və sairə. Biz həmin tarixləri Şəhidlər Xiyabanında əks elətdirdik. O vaxt həmin siyahıya nə Xankəndini, nə də Xocavəndi daxil etdik. Çünki həm Xankəndi, həm də Xocavənd hadisələr başlamamışdan öncə ermənilərin əlində idi. Ermənilər Xankəndidə oturmuşdu. İndi biz bunun işğal tarixini necə müəyyənləşdirək ki, onun işğal tarixini də götürək. İndi hər yerdə Xankəndinin işğal günü 26 dekabrda göstərilir. Əslində, Xankəndinin işğal tarixi 1992-ci ilin 10 yanvarından götürülə bilər. Çünki həmin tarixə qədər Azərbaycan Kəşfiyyat Komitəsi fəaliyyət göstərib. Bu tarixdə Azərbaycan Kəşfiyyat Komitəsi Xankəndini tərk edir. Amma elə yerlər var ki, Xankəndinin adı işğal olunmuş rayonlarla bir göstərilir. Şəhidlər Xiyabanına çıxanda bunu görmək olar. Sadəcə olaraq, bir çox qurumlar bunları nəzərə almalıdır”.