Oktyabrın 23-də Bakıda xüsusi təyinatlı vaqondan 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin köməkçiləri Fuad Hacıyev və Tural Platxanov hüquqlarını müdafiə etmək üçün təklif edilən vəkildən imtina ediblər.
Arannews-İslamınSəsi Trend-ə istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər məhkəmə prosesinə vəkilsiz çıxıb. Məhkəmədə onlara dövlət tərəfindən vəkillə təmin edilmələri təklif olunub. Lakin təqsirləndirilən şəxslər bildiriblər ki, onlar ixtisasca hüquqşünasdırlar və dövlət tərəfindən vəkillə təmin edilməyə ehtiyacları yoxdur.
Məlumata görə, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilərkən də onlar müdafiəçisiz olublar.
Qeyd edək ki, 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.
Oktyabrın 26-da Ə.Ağami Salyan rayonu ərazisində saxlanılıb, noyabrın 1-də isə E.Məmmədov saxlanılarkən Ələt qəsəbəsi ərazisində polisə silahlı müqavimət göstərdiyi üçün öldürülüb.
Faktla bağlı Baş prokuror yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb. Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı B.Abdullayev, qarovul rəisi C.Səmədov, qarovul rəisinin köməkçiləri F.Hacıyev və T.Platxanov saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.