Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi bu həftənin cümə namazı xütbələrində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İrana səfərinə və Ali Məqamlı Rəhbərlə görüşünə işarə edərək deyib: “Azərbaycan dövlətinin xeyir və məsləhəti xalqın dini hisslərinə hörmətlə yanaşmasındadır”.
AranNews – Ərdəbildə cümə namazına rəhbərlik edən həzrət Ayətullah Amili böyük Ərbəin toplantısından söz açaraq deyib: “Araşdırmalar göstərir ki, İslam dünyanın ən cazibəli dini, Əhli-beyt (ə) məzhəbi dünyanın ən canlı məzhəbidir. İndiyədək heç bir din və məzhəb 20 milyon nəfəri dünyanın bir yerinə toplaya bilməyib. Bu möhtəşəm toplantı müsəlmanların qüdrətinin nümayişi, dünya imperializminin, sionizmin və onların koalisiyalarının bir kabusudur və göstərir ki, onlar müsəlmanların vəhdətini pozmaq üçün nə qədər xərc çəksələr də, bütün planları puç olmuşdur.
Bu möhtəşəm toplantı ən böyük vəhdət və yaxınlaşma amilidir, öz heybət və əzəməti ilə düşmənin bütün proqramlarını puç edir”.
Ərdəbilin imam cüməsi xütbəsinin davamında deyib: “Ərbəin toplantısı, məhərrəm ayının əzadarlığı, Tasua və Aşura toplantıları İslam ölkələrinin salındığı zillətdən qurtuluşu üçün böyük sərvət, müqəddəs kimlik, nicat gəmisi və hidayət çırağıdır. Ona görə də İnqilabın Böyük Rəhbəri Azərbaycan Respublikasının prezidentinə dedi: “Bu faydalı fürsət və Azərbaycanda şiələrin möhtəşəm əzadarlıq mərasimlərinin qədrini bilmək lazımdır. Çünki bu məsələlər sizin ölkənizin və xalqınızın kimliyini gücləndirir”. Bundan əvvəlki görüşdə də ona demişdi: “Azərbaycan dövlətinin xeyir və məsləhəti xalqın dini hisslərinə hörmətlə yanaşmaqdadır. Belə ki, onlar dövlət tərəfdən dini məsələlərə qarşı heç bir narahatlıq hiss etməməlidir”.
Ayətullah Amili daha sonra deyib: “Ərbəin toplantısı təkcə şiələrə aid deyil. Çünki Hüseyn (ə) təkcə şiələrin deyil və İmam Hüseynin (ə) şüarları bütün dünyaya aiddir. Ona görə də bu möhtəşəm toplantıda həm şiə, həm də əhli-sünnə iştirak edir”.