Arannews- Meydan TV-yə Seymur Namazov özü məlumat verib.
O, Müsavat Partiyasının Abşeron rayon təşkilatının üzvüdür.
Seymur Namazov noyabrın 4-də işdən çıxarıldığını söyləyib:
"Musiqili Komediya Teatrında rəqs (balet) truppasında çalışırdım. Səhər işə çatan kimi şöbə rəisi dedi ki, işdən çıxarılmısan. Qərar mənim üçün gözlənilməz oldu. O, mənə dünənki piketdə çəkilən şəkillərimi göstərdi və aksiyada iştirakıma görə bu cür qərar qəbul edildiyini dedi. Halbuki, elə noyabrın 4-də tamaşam var idi. Əslində, burada şöbə rəisinə aid bir iş yoxdur. Mənim işdən çıxarılmağım barədə göstərişi teatrın direktoru Əliqismət Lalayev verib”.
Seymur Namazov məhkəməyə müraciət edəcəyi barədə hələ qərar vermədiyini söyləyir:
“Bu məsələni partiyada müzakirə edəcəyəm, sonra addımlar atacağam. Amma işdən çıxarılacağımı heç gözləmirdim".
Seymur Namazov son aylarda mitinqdə iştirakına görə işdən çıxarılan ilk insan deyil. Daha öncə Milli Şuranın “Talana yox” mitinqinə görə də işdən çıxarılanlar, mitinqöncəsi həbs edilənlər olub.
Bakının Zirə qəsəbəsində yerləşən 120 saylı poçt şöbəsinin poçtalyonu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mehriban Hüseynli Meydan TV-yə 7 oktyabr mitinqində iştirak etdiyinə görə işdən çıxarıldığını bildirmişdi:
“Sonuncu mitinqdən sonra düşdülər üstümə. Bilirəm, mitinqə getdiyim üçün işdən çıxardılar. Bütün bunlar sadəcə insanları yormaq üçündür”.
Ondan əlavə, Bakı Şəhər Təcili Yardım Stansiyasında həkim işləyən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri müavini Həsrət Rüstəmov da oktyabrın 6-da işdən uzaqlaşdırılıb.
O, səbəb kimi sonuncu mitinqlərdə iştirak etməsi olduğunu söyləyib.
“Dekabrda stansiyada işləməyimin 5 ili tamam olacaqdı. İmkan vermədilər, çıxardılar. Özü də Bakı Şəhər Təcili Yardım Stansiyasına imtahanla qəbul olmuşdum”
AXCP-nin Ağsu rayon şöbəsinin üzvü Mirdamət Həsənov da oktyabrın 2-də işlədiyi Kommunal Təsərrüfat İdarəsindən çıxarılıb. O da səbəb kimi Milli Şuranın 23 sentyabr mitinqində iştirak etməsini deyib.
AXCP-nin Rəyasət Heyətinin üzvü Eldar Hüseynov Dövlət İqtisad Universiteti İnformasiya və İqtisadi Texnologiyalar kafedrasından, cəbhəçi Elmi Usubov isə həkim işlədiyi tibb müəssisəsindən çıxarılıb. Onlar da eyni səbəbi göstəriblər.
Milli Şuranın ilk "Talana yox" mitinqi sentyabrın 23-də keçirilib. Növbəti aksiya isə oktyabrın 7-də və 28-də olub. Aksiyalarda Milli Şura rəhbərliyi hökumətin neft siyasətini kəskin tənqid edib. Bildirilib ki, Azərbaycanın neft siyasəti xalqın yox, Əliyevlər ailəsinin maraqlarına xidmət edir. Milli Şura rəhbərliyinin fikrincə, Azərbaycanda korrupsiyanın başında birbaşa prezident İlham Əliyev durur.
Demokratik Qüvvələrin Milli Şurası 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılıb.
Müsavat Partiyası isə noyabrın 3-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısında aksiya keçirib.
Təxminən 40-50 nəfərin iştirak etdiyi aksiyada partiyanın 9 üzvü, başqan müavinləri Tofiq Yaqublu, Səxavət Soltanlı, Elman Fəttah, jurnalist Mustafa Hacıbəyli, partiyanın gənclər təşkilatının sədri Əbülfəz Sadıqbəyli və digər üzvləri Zeynal Zeynalov, Vidadi Zamanov, Əziz Məmiyev, Rəhim Yaqublu saxlanılıb.
Onlar təxminən 1 saat sonra polisin şifahi xəbərdarlığı ilə sərbəst buraxılıblar.
Müsavat Partiyası oktyabrın 21-də Bakıda yürüş keçirmək barədə şəhər icra hakimiyyətindən (BŞİH) razılıq almadıqdan sonra BŞİH binası önündə piket keçirmək istəyini bildirmişdi. Oktyabrın 30-da BŞİH partiyaya “yox” cavabı verilib və qeyd edilib ki, piketin keçirilməsi məqsədəuyğun hesab edilmir.
“Ümumiyyətlə, Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının inzibati binalarının ətrafında 200 metr radius çərçivəsində toplantıların keçirilməsi məhdudlaşdırılır”, - deyə icra hakimiyyətindən bildirilib.