Livanın Hizbullah hərəkatının baş katibi bildirib ki, ölkənin baş naziri öz postunu tərk etmək üçün təzyiqlə üzləşib.
Arannews-Hizbullah baş katibi Seyid Həsən Nəsrullah ölkənin baş naziri Səad Həririnin Səudiyyədə olarkən öz istefasını elan etməsinə münasibət bidirib. Nəsrullah qeyd edib ki, Həririnin Səudiyyə Ərəbistanına bir neçə dəfə səfər etməsindən sonra istefa verməsi və onun bu formada (ölkə hüdudlarından kənarda - red.) istefasını bəyan etməsi açıq-aşkar göstərir ki, bu onun hazırladığı bir mətn deyil, o sadəcə Səudiyyə tərəfindən diktə olunanı icra etməli olub.
"İndiyə qədər Livanda bütün tərəflərin yekdil şəkildə gəldiyi qənaət budur ki, Həririnin istefasının səbəbi müəmmalı olaraq qalır və bizim hamımız üçün bu, gözlənilməz oldu. Livanda bəziləri deyir ki, baş nazir bəzilərinə qarşı acıqlı olduğu üçün bu addımı atıb, lakin, bu şərhlər dəqiq deyil, Həririnin istefasının əsas səbəbini Səudiyyədə axtarmaq lazımdır.
Hizbullah baş katibi qeyd edib ki, Həririnin istefası Səudiyyədə hakimiyyət uğrunda mübarizənin nəticəsi, həmçinin ər-Riyadın artıq onun rolunu ifadə etməsindən razı olmaması və onu digər şəxslə əvəzləmək istəməsi ilə bağlı ola bilər.
"Həmçinin mümkündür ki, Səudiyyə Livanda təhlükəsiziyi pozmaq və bu ölkədə Yəməndəki kimi müharibə aparmaq istəyir", - deyə Nəsrullah bildirib.
Bütün bu faktları nəzərə alaraq Nəsrullah qeyd edib ki, Hizbullah ilk növbədə bütün tərəfləri Həririnin istefasının real səbəbi bilinənə qədər təmkinli davranmağa çağırır.
İkinci tərəfdən, o qeyd edib ki, Hizbullah Livan xalqı üçün əmin-amanlıq istəyir, amma Livan xalqı ölkədə yeni müharibədən qorxmamalıdır. "Hizbullah bütün məsuliyyəti öz üzərində daşıyır və biz bütün tərəfləri təmkinli davranmağa, Livanda təhlükəsizliyi və əmin-amanlığı qoruyub saxlamağa çağırırıq", - deyə Nəsrullah bildirib.
Nəsrullah vurğulayıb ki, Livanın hüquqi institutları və qaydaları Livanı bu böhrandan çıxarmaq gücünə malikdir. O, bütün siyasi qruplara ölkədə qarşıdurma yaradacaq istənilən addımdan çəkinməyi tövsiyə edib. Nəsrullah əlavə edib ki, heç bir təzyiq Hizbullahı tutduğu yoldan döndərə bilməz.
Hizbullah baş katibi bildirib ki, prezident Mişel Aun və Milli Məclisin spikeri problemsiz öz vəzifələrinin öhdəsindən gəlir və əgər Həririyə ölkəyə qayıtmağa icazə versələr, onun gəlib izahat verməsini gözləyir.
"Biz qanun çərçivəsində təmkinliliyi qoruyub saxlamalıyıq. Mən düşünmürəm ki, Livanda əvvəlki xaos dövrünə qayıdılmasını istəyən hər hansı qrup və cərəyan var", - deyə Nəsrullah bildirib./deyerler/