“Mən Heydər Əliyevin, İlham Əliyevin vəkili olmuşam. Adımı terrorçu qoyublar. Nə vaxt terrorla məşğul olmağa imkan tapdım? Terrorçu adı məni narahat edir”.
Arannews-Nardaran hadisələrindən sonra həbs edilən ilahiyyatçı Eldar Bünyadovun sözləridir.
Noyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra həbs edilən ilahiyyatçı Zülfüqar Mikayılov və digərlərinin məhkəməsi davam edib.
“Oğluma “atan terrorçudur, dövlət çevrilişinə cəhd edib”, - dedilər”
Hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda təqsirləndirilən Eldar Bünyadov son sözünü deyib. O, özünü təqsirli bilmədiyini söyləyib:
“Nardaranda böyük ambulatoriya düzəltmişəm. Orada xəstələrə tibbi yardım göstərilir. Kəndə su, işıq çəkdirmişəm. Bir çox tanınmışların yubileyini keçirmişəm. Səkkiz il Sabunçuda Ağsaqqallar Şurasının sədri olmuşam. Həmişə ictimai işlərdə iştirak etmişəm. Mən tutulanda oğlum DSX-da işləyirdi. Mənə görə işdən çıxartdılar. Ona “atan terrorçudur, dövlət çevrilişinə cəhd edib”, - dedilər”.
Heç bilmirəm ki, mitinq harada keçirilir
Eldar Bünyadov deyib ki, çevirilişi pulu, vəzifəsi olan şəxs edər:
“Göyərti satan kənd adamları nə vaxtdan dövlət çevrilişi edən olub? Bizə böhtan atıblar. Biz elmli, ibadətli insanlarıq. Bizə atılan böhtanları Allah götürməz. Bizi ittiham edən adamlar ölkə başçısına da xəyanət edirlər. Mənim 66 yaşım var, ömrümə az qalıb, 5-6 ilə öləcəm. Dövlət çevirilişində ittiham olunmağım məni qəbirdə də narahat edəcək. Deyirlər, mitinqdə iştirak etmisən. Amma ortaya bir fakt qoymurlar. Mən heç bilmirəm ki, mitinq harada keçirilir”.
Bizə, ailələrimizə, şəxsiyyətimizə qarşı terror etdilər
Təqsirləndirilən Ramil Seyfullayev də son sözlə çıxış edib. Terrora cəhddə ittiham edildiyini söyləyib:
“Terrorun mənası qorxu yaratmaqdırsa, bunu etdilər. Amma evlərimizə silah atmaq, insanları hədələməklə, qorxunu biz yox, özləri yaratdılar. Kənd camaatı arasında qadınlar, uşaqlar var ki, hələ də kəkələyə-kəkələyə danışırlar, qorxudan dilləri tutulub. Adamların evlərinə zorla basqın etdilər. Bizə, ailələrimizə, şəxsiyyətimizə qarşı terror etdilər. Biz din adamıyıq. Bizə atılan böhtanları, vurulan ləkəni Allah da götürməz. Götürməyəcək də. Biz terrorçu deyilik”.
Birinci Allahın, sonra isə siz hakimlərin ədalətinə sığınıram
Təqsirləndirilən Ruzi İsmayılov isə son sözündə məhkəmələrin əslində onların xeyrinə olduğunu deyib:
“Burada dindirilən polislərin ifadələri ziddiyyətli oldu. İstintaqdakı ifadələrini təkzib etdilər. Təəssüf ki, bununla belə, prokuror bizə 14 ildən 16 ilə qədər cəza istədi. Biz peyğəmbərimizin davamçılarıyıq. Terror bizə aid ola bilməz. Terror cahil insanların işidir. Bizim məktəbimizdə terrora yer yoxdur. Bizə bu böhtanı atanların heç Allahdan qorxusu yoxdur? Mən son sözümdə də birinci Allahın, sonra isə siz hakimlərin ədalətinə sığınıram. Bilirəm ki, buradakı hakim də dindardır, oruc tutur. İnanıram ki, bizim haqqımızda doğru, ədalətli qərar verəcəklər”.
Proses noyabrın 13-də davam edəcək.
2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.
Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.
Daha iki qrupun məhkəməsi davam edir.
Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.
Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.