Tarix : 2017 Nov 07
Kod 53325

Eldar Mahmudov 5 saat dindirilib

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov bu günlərdə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə dindirilməsi üçün Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.

Arannews-MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq Eldar Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudova dövlət əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə əməllərinə görə ittihamlar elan edilməklə barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Keçmiş MTN şefi bu gün yenidən sözügedən cinayət işi üzrə dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.
Məlumatda qeyd olunur ki, Eldar Mahmudov nə az, nə çox düz 5 saatdan artıq dindirildikdən sonra sərbəst buraxılıb.
Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, keçmiş MTN şefi bu gün səhər saat 10 radələrində xüsusi müşahidə altında Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib. “Eldar Mahmudov səhər saat 10 radələrində dindirilmək üçün idarəyə çağırılıb və 5 saatdan sonra oranı tərk edib”, deyə mənbə qeyd edib.
Həmçinin o da bildirilir ki, keçmiş milli təhlükəsizlik naziri yaxın günlərdə yenidən Baş Prokurorluğa çağırıla bilər.

  • Yazılıb
  • da (də) 2017 Nov 07
  • Göndərən مدير سايت Aran News