Tarix : 2017 Nov 10
Kod 53363

Azərbaycanda borca görə növbəti qanunsuz həbs: Avropa Məhkəməsinə şikayət edildi

“Hazırda Avropa İnsan Haqları Məhkəməsi verdiyim 3 şikayət üzrə borcunu ödəyə bilməyən vətəndaşların qanunsuz inzibati həbsi məsələsinə baxır. Bu günlərdə 4-cü şikayəti də göndərəcəyəm”.
Aran Agentiliyi:  Bu barədə maliyyə sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib. Hüquqşünas qeyd edib ki, həbs avqust ayında baş verib: “60 yaşlı Qədir Mahmudov bildirdiyinə görə, Yeganə Məmmədova adlı sələmçidən (formal isə onun əri Ramiz Məmmədovdan) borc alıb, ödədiyi faizlərin hesablanması şərtilə borcu çoxdan qaytarıb, amma sələmçi 7440 manat borcun ödənilmədiyini məhkəmədə sübut edə bilib (aldığı faizlərdən vergi ödəyib-ödəməməsi məsələsi isə açıqdır!). İşsiz olan Mahmudov bu məbləği yalnız qismən (720 manat) ödəyə bilib. Xətai rayon məhkəməsinin hakimi Habil Məmmədov icra məmuru Əli Hacıyevin təqdimatı əsasında 28 avqust tarixdə Mahmudovu 10 gün müddətinə həbs edib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədov 30 avqust tarixində apellyasiya şikayətini təmin etməyərək həbsi qüvvədə saxlayıb. Təəssüf ki, əvvəla, işə baxan aidiyyəti qurumlar borcun sələmçi tərəfindən verilməsinə qiymət verməyib. Ümid edirəm ki, heç olmasa bundan sonra vergi orqanları sələmçinin fəaliyyəti ilə yaxından maraqlanacaq. Mahmudovun bildirdiyinə görə bu sələmçinin başqa qurbanları da var və onlar danışmağa hazırdır.
Daha sonra isə borclunun işsiz ola-ola borcu qismən ödəməsi də nəzərə alınmayıb. Nəhayət, borclunun borcu məhz imkansızlıqdan ödəməməsi nəzərə alınmayıb. Bu baxımdan çıxarılan həbs qərarı qanunsuzdur və İnsan Haqları üzrə Avropa Konvensiyasının 4-cü Protokolunun 1-ci maddəsinə (“Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz”) ziddir. Buna görə də bu günlərdə Avropa İnsan Haqları Məhkəməsinə növbəti şikayəti göndərəcəyəm. Artıq 4-cü olacaq və hazırda baxılan 3 şikayətin nəticəsi ona da aid olacaq. Yəni böyük ehtimalla həbs qanunsuz hesab olunacaq və dövlətimiz qanunsuz həbs edilmiş bu vətəndaşa da kompensasiya ödəməli olacaq”.
“Mən ümid edirəm ki, icra məmurları və hakimlər heç olmasa dövlət büdcəmizin xərclərinin artmaması naminə bankların və sələmçilərin sifarişi ilə həyata keçirdikləri bu qanunsuz həbslərə son qoyacaq”, – deyə Əkrəm Həsənov qeyd edib.

  • Yazılıb
  • da (də) 2017 Nov 10
  • Göndərən مدير سايت Aran News
Açar sözlər