Arannews-Onlar bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət ediblər.Azadlıq Radiosu deputatların Azərbaycan prezidentinə ünvanladığı məktubu əldə edib. Deputatlar Avropa Parlamentinin 15 iyun 2017-ci il tarixli qətnaməsinə əsaslanaraq jurnalistin həbsini pisləyiblər.
Məktubda deyilir ki, onları xüsusilə də Muxtarlının vəkilləri Nemət Kərimi və Elçin Sadıqovun məhbusla görüşdən sonra verdikləri məlumat narahat edib.
Vəkillər oktyabrın 17-si və 20-də Muxtarlıya baş çəkərkən onunla pis rəfrat edildiyi və səhhətinin pisləşdiyi barədə məlumat alıblar.
Məktubda deyilir ki, Avropa millət vəkilləri habelə Muxtarlıya yaxınları ilə görüş verilməməsinə etiraz edirlər:
“Məhbus edildiyi birinci ayda ona ailəsinə bircə dəfə də zəng etmək icazəsi verilməyib. Ona yalnız məhbusluğunun üçüncü ayında qardaşı ilə görüşmək imkanı yaradılıb”.
Deputatlar onu da vurğulayıblar ki, diabet və ürək ağrılarından əzab çəkən Muxtarlıya təcili tibbi yardımın göstərilməsi zəruridir.
Məktub müəllifləri həmçinin xaricdə yaşayan və işləyən azərbaycanlı jurnalistlərinin təqibini və hədəflənməsini dayandırmağa çağırırlar.
Məktubun sonunda bildirirlər ki, hökumət və müxalifət arasında mehriban münasibətlər, habelə insan haqlarının müdafiəsi Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi üçün son dərəcə zəruridir.
“Əfqan Muxtarlının və bütün siyasi məhbusların azad edilməsi Azərbaycan hakimiyyətinin Avropa İttifaqı ilə əməkdaşlığa və partnyorluğa həqiqi sadiqliyini nümayiş etdirərdi”- məktubda vurğulanır.
Müraciət Avropa Parlamentinin 44 deputatı tərəfindən imzalanıb.
Jurnalist Ə.Muxtarlı mayın 29-da yaşadığı Tbilisi şəhərində yoxa çıxıb, səhərisi müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Ə.Muxtarlının bildirməsinə görə, Tbilisidə evinə gedərkən saxlanıb, zorla maşına mindirilərək sərhədə gətirilib. Orada isə Azərbaycana təhvil verilib. Həmçinin sərhəddə cibinə 10 min avro da qoyulub.
Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmə) ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Daha sonra onun həbs müddəti artırılıb.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının da müəllifidir.
Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.
Əfqan Muxtarlının işi istintaqın gedişi zamanı Meydan TV-nin fəaliyyəti ilə bağlı açılmış cinayət işinə birləşdirilsə də, sonradan ayrılıb.