Arannews-Hakim Mayıl Bayramovun sədrlik etdiyi iclasda ötən proses zamanı vəkillər tərəfindən verilən vəsatətlərə məhkəmə münasibət bildirib. Məhkəmə qərarına görə, təqsirləndirilən şəxslərin evlərində aparılan axtarışlarda iştirak edən hal şahidlərinin dindirilməsi barədə vəsatət təmin edilməyib. Lənkəranın icra başçısı Taleh Qaraşovun dindirilməsi barədə vəsatət də təmin edilməyib. Lakin onun təqsirləndirilən İsa İbrahimov barədə verdiyi xasiyyətnamə sübutlar siyahısından çıxarılıb.
Hal şahidi olmuş Zamiq Məlikovun ifadəsi isə sübutlar siyahısından çıxarılıb. Bundan əlavə, məhkəmə Taleh Bağırzadənin müraciət kitabçası olduğu iddia edilən kitabçanın məhkəməyə gətirilib tədqiq edilməsi barədə vəsatəti təmin edib.
2015-ci il 5 noyabr tarixində Sabunçu rayon Polis İdarəsinin qarşısındakı aksiyanın videogörüntüsünə baxış keçirilməsi haqda vəsatət də təmin olunub.
Müraciət kitabçası haqqında rəy vermiş Dini İşlər üzrə Dövlət Komitəsinin iki ekspertindən birinin dindirilməsi haqqında olan vəsatət də təmin olunub.
Sabunçu prokuroru Ceyhun Şirinovun dindirilməsi barədə vəsatət isə məhkəmə tərəfindən təmin edilməyib. O, 5 noyabr aksiyasına görə həbs olunanların inzibati həbsindən verdiyi protestdə Elçin Qasımovun da adını yazıb. Bildirib ki, o da həmin aksiyada iştirak edib.
Təqsirləndirilən Əmirəli Əliyevin dövlət hesabına vəkili olmuş Aytən Əliyevanın dindirilməsi barədə vəsatət isə təmin edilməyib.
Elgün Axundovun vəkili vəsatət verib ki, işi aparan müstəntiq dindirilsin. Vəkil deyib ki, evdə aparılan axtarış zamanı 20 mindən çox pul götürülüb. Vəkil bununla əlaqədar müstəntiqin dindirilməsi və pulun qaytarılmasını istəyib. Hakim bildirib ki, pul maddi sübutdur, sonda hökmdə bu haqda qərar veriləcək. Müstəntiqlə bağlı vəsatət isə gələn iclasda müzakirə olunacaq.
2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə və bir neçə nəfər saxlanılıb. Onlar silah saxlama, terrora hazırlıq və digər ağır maddələrdə ittiham ediliblər. Əməliyyat zamanı 2 polis əməkdaşı və 4 kənd sakini ölüb.
E.Qasımov həmin əməliyyatdan bir neçə gün əvvəl saxlanılıb. O, inzibati azadlıqdan məhrum edilib. Sonradan barəsində cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir, istintaq dövründə təzyiqə məruz qaldıqlarını deyirlər.