Tarix : 2017 Nov 14
Kod 53408

Dərmanların qanunsuz satışı ilə bağlı cinayət işi başlanıb

Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsi paytaxtda fəaliyyət göstərən apteklərdə reyd keçirib.
Arannews-Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsinin birgə məlumatında deyilir ki, məqsəd güclü təsir edən dərmanların qanunsuz satılmasına dair kütləvi informasiya vasitələrində yayılmış məlumatları yoxlamaq olub. 
Nəticədə noyabrın 11-də Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 240.2.2-ci (təkrarən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma) maddələri ilə cinayət işi başlanıb.
Məlumatda deyilir ki, onun həkim resepti olmadan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən “Tramadol” 225 mq-lik tərkibli “Royal” adlı və preqobalin tərkibli “Paden” adlı 7 ədəd həbi qanunsuz satmasında əsaslı şübhələr müəyyən edilib.
“Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri zamanı qeyd edilən aptekə baxış keçirilərkən 42 ədəd, hər biri 300 mq olan “Lyrica pfizer” həbləri, güclü təsir edən dərmanların dövriyyəsi ilə bağlı qeydiyyat dəftərləri, təhlükəsizlik kamerasının yaddaş qurğusu aşkar edilərək maddi sübut kimi götürülüb.
İstintaqla həmçinin, aptekdə güclü təsir edən dərman vasitələrinin ayrıca satıldığı, həmin dərmanların pulunun ayrıca yığılması, qeyd olunan dərman vasitələrinin aptekdə xüsusi hazırlanmış gizli yerdə saxlanılması müəyyən olunub və həmin yerdən 40 min manatdan artıq dəyəri olan müxtəlif tərkibli güclü təsir edən maddələr aşkar edilərək götürülüb” – məlumatda deyilir.
Bildirilir ki, “Best Pharma” MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 148 ünvanında fəaliyyət göstərən aptekdə işləyən Natiq İsmayılovun barəsində Cinayət Məcəlləsinin 240.3.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Bundan başqa, aptekin faktiki rəhbəri İlham Yusifovun Cinayət Məcəlləsinin 308.1 və 240.3.2-ci maddələri ilə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib, lakin sonuncu istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub.
“Hazırda güclü təsir edən maddələrin qanunsuz dövriyyəsində iştirak edən digər şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir” – qeyd olunur.
Xatırlatma...
Oktyabrın 22-də Meydan TV “Facebook” səhifəsində 20 Yanvar metrosu yaxınlığında olan apteklərin birində güclü təsiri olan dərman satılması ilə bağlı video paylaşmışdı. Videonu “Kanal 13”-ə narkotik dərman istifadəçisinin anası gizli çəkib göndərmişdi. Çəkiliş zamanı aptek işçisi də etiraf edirdi ki, “burda açıq satışdır, sizin oğlunuz almasın”.
Daha sonra Noyabrın 3-də çəkiliş edilən aptekin sahibi Tural Famil oğlu Abiyev barəsində Cinayət Məcəlləsinin 240.2.1 və 240.2.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.


  • Yazılıb
  • da (də) 2017 Nov 14
  • Göndərən مدير سايت Aran News