Tarix : 2017 Nov 15
Kod 53419

Məhbus dindarlar həbsxana şəraitindən narazıdırlar

Noyabrın 13-də vəkil Cavad Cavadov Qobustan Qapalı Həbsxanasında Mövsüm Səmədov, Abbas Hüseynov və Taleh Bağırov ilə görüşüb.

Aeannews-Bu barədə o, “Facebook” səhifəsində yazıb. 
Vəkil bildirib ki, Abbas Hüseynovun əhvalı yaxşıdır, ancaq onun saxlanılma şəraitində müəyyən dəyişiklik olub:
“Onu tavanı tökülən və bərbad durumda olan kameradan nisbətən təmirli, lakin beş nəfərlik hücrəyə köçürüblər. Bununla belə, ümumən əvvəlki problemlər də qalmaqdadır. Əvvəlki hücrədə və həbsxanada olan digər kameralarda ayaqyolu hər hansı arakəsmə olmadan otağın daxilində yerləşir. Su sutkada üç dəfə, 2-3 saat verildiyindən və verilən andan bütün həbsxana sudan istifadə etməyə başladığından təzyiqi çox aşağı düşür. Su ehtiyatı yığmaqda ciddi çətinlik yaranır. Abbas Hüseynov bildirib ki, onun gündəlik bir saatlıq gəzintiyə çıxarılması konkret vaxtda deyil, pərakəndə, (bir gün bir vaxtda, növbəti gün başqa vaxtda) vaxtını qabaqcadan demədən edildiyindən buna etiraz edib. Etiraza görə ona əsassız töhmət verilib. Abbas Hüseynovun ailəsinə yaşadığı ünvana göndərdiyi üç məktub poçt tərəfindən geri qaytarılıb ki, evdə adam yoxdur. Halbuki, evlərində daimi kimsə olur”.
Cavad Cavadov Mövsüm Səmədovun da saxlanılma şəraitində dəyişiklik olmadığını və yuxarıda sadalanan problemləri onun da yaşadığını qeyd edib. 
Vəkil bildirib ki, Taleh Bağırov saxlanılma şəritindən yenə də danışmaq istəməyib:
“Mütaliə ilə məşğuldu. Bir gün öncə Henri Kissingerin “Diplomatiya”, ondan əvvəl Lev Trotskinin “Məktublar və gündəliklər” kitabını oxuyub. Son olaraq Qobustanda yerləşən həbsxanada məhkumların saxlanılma şəraitində olan problemlərlə bağlı müdiriyyət bildirir ki, bunlar binanın köhnə olması və infrastruktur problemlərinə bağlıdır. Hal hazırda Bakının Umbakı qəsəbəsində yeni həbsxana inşa olunur, lakin nə vaxta hazır olacağı ilə bağlı konkret vaxt deyilmir”.
2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.
Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.
M. Səmədov isə 2011-ci ildə dövlət çevrilişinə cəhddə və qanunsuz silah saxlamaqda təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
O, ittihamları qəbul etmir, saxta adlandırır

  • Yazılıb
  • da (də) 2017 Nov 15
  • Göndərən مدير سايت Aran News