Arannews-Onun ulu babası Qəbələdə rus müstəmləkə idarəçiliyi məmurunu öldürdüyü üçün ata-babaları Sibirə sürgün edilib. Sadəcə 1917-ci ildə, Bolşevik İnqilabından sonra ailəsinin Azərbaycana qayıtmasına icazə verilib. Digər bir qohumu da 1937-ci ilin ortalarında Sovet repressiyaları zamanı məşhur Bolşevik inqilabçısı və yazıçı Nəriman Nərimanovun müdafiəsinə açıq şəkildə qalxdığı üçün Sibirə sürgün edilib.
Cavadov qeyd edib ki, o, ədalətsizliyə qarşı mübarizə ideyası ilə böyüyüb.
52 yaşlı Cavadov Qəbələdə İnşaat işçiləri Birliyinin təsisçisi və sədri olub. 2000-ə yaxın üzvü olan bu təşkilat, Azərbaycanda ən böyük qeyri-hökumət təşkilatlarından biridir.
Son bir neçə il ərzində Azərbaycan hökuməti ölkənin vətəndaş cəmiyyəti institutlarına mütamadi olaraq təzyiq göstərib. Xüsusən də xaricdən maliyyələşməni məhdudlaşdırmaqla, ölkənin ən tanınmış QHT-lərinin bir qisminin bağlanmasına səbəb olub. Avqust ayında “Transparency İnternational” təşkilatının yerli filialı elan edib ki, bütün bu QHT-lərin bağlanması, mühasirəyə alınmış QHT-lərin maddi sərvətlərinin yenidən yoxlanılması beynəlxalq maliyyə qruplarının Azərbaycanda əhəmiyyətli dəyişiklik etməməsi üçündür.
Cavadov vətəndaş cəmiyyətinin fəaliyyətinin fərqli bir növünü təmsil edir: kök salmış, könüllü, yerli. İttifaq əsasən əmək hüquqları sahəsində fokuslanıb və işəgötürən tərəfindən əmək haqqı ödənilməyən işçiləri müdafiə edir. Eyni zamanda tikinti layihələri üçün yerli işçilər əvəzinə xaricdən işçi qüvvəsinin gətirilməsinə qarşı lobbiçilik edir. O, 2011-ci ildən etibarən yerli özünüidarəetmə orqanları və milli hökumət tərəfindən yürüdülən siyasət və korrupsiya mövzularını işıqlandıran “Qızıl Alma” adlı 6 səhifəlik, aylıq qəzet nəşr edib. Cavadov və digər könüllülər qəzeti küçələrdə, çayxanalarda və digər ictimai yerlərdə paylayırlar.
"İnsanlar hələ də mənim yanıma gəlir və problemlərini bölüşürlər. Mən də vasitəçi kimi onları müvafiq orqanlara yönəltməyə çalışıram" - Cavadov bildirib.
"Ən başlıcası odur ki, öz hüquqlarını tələb etmələri və mübarizələrini davam etdirmələri üçün sıravi insanlar həmrəy olsunlar”.
Müxtəlif beynəlxalq təşkilatlar üçün hüquq eksperti kimi çalışan Cabir Əliyev qeyd edib ki, əksər hallarda QHT-lər Azərbaycana səthi təsir göstərib. Çünki onlar adi vətəndaşlar tərəfindən yaradılmayıb, beynəlxalq donorlar tərəfindən təşkil olunub.
"Şahin Cavadov istisna haldır" - Əliyev bildirib. “Donor tərəfindən maliyyələşən QHT-lər Cavadovun etdiyi kimi cəmiyyət üçün nə isə etməkdən daha çox necə qrant almağı öyrənirlər".
Əliyev bildirib ki, Cavadov da Azərbaycanda vətəndaş cəmiyyətinin laqeyd mövqeyini əks etdirir.
"QHT-lərin olub-olmamasının mənim üçün heç bir fərqi yoxdur. Onların əksəriyyəti bu hökumətə oxşayır. Əgər bir QHT adi vətəndaşlarla işləmək istəyirsə, onlar adi vətəndaşlar tərəfindən təşkil olunmalı və onlar kimi yaşamalıdır".
"Bəlkə də çox bədbinəm, ancaq həyatım boyunca görmüşəm ki, demokratiya və azadlıq üçün mübarizə aparanların əksəriyyəti satılıb”. Əliyev əlavə edib ki, buna görə də Azərbaycanda sadə insanlar siyasi cəhətdən fəal insanlara etibar etmir.
Hökumət Azərbaycanı potensial xarici təsirlərdən və təhdidlərdən müdafiə etmək üçün xaricdən maaliyələşən QHT-lərə təzyiq göstərməyi doğru hesab edir.
Qəbələ İnşaat İşçiləri Birliyi xarici və ya yerli maliyyə mənbəyi olmamasına və tamamilə könüllü olaraq çalışmasına baxmayaraq, daha yaxşı fəaliyyət göstərib. Lakin onun da qeydiyyata alınmasından imtina edilib.
Cavadov 2011-ci ildə saxta zor tətbiqetmə ittihamı ilə 5 gün müddətində həbs edilib. O, hesab edir ki, həbs olunmasının əsl səbəbi uzun müddət ərzində prezident İlham Əliyevin baş məsləhətçi kimi çalışan Ramiz Mehdiyevi tənqid edən məqalə yazması olub.
Cavadov bildirib ki, hökumət cəmiyyətdən gələn ən kiçik etiraza qarşı belə tolerant ola bilmir.
“Bu hökumətə bağlı olan hər bir şəxs şübhəcildir və təhdid kimi gördüyü hər bir müstəqil quruluşa, şəxsə və təşəbbüsə hücum edir. Bütün avtoritar rejimlər eynidir. Onlar düşünürlər ki, kiçik bir məsələdə kompramisə getmək böyük, qarşısıalınmaz üsyanlara yol aça bilər".
Hərçənd ki, rəsmi olaraq, hakimiyyət Cavadovu tərifləyir. Qəbələ rayon İcra hakimiyyətinin nümayəndəsi Dəmir Bağırov bildirib ki, Cavadov Qəbələdə tanınmış və hörmətli şəxsdir.
"O cəmiyyətimizə töhfələr verən çox aktiv bir vətəndaşdır" – Bağırov belə deyib.
Qəbələ şimali Azərbaycanda yerləşən eyniadlı rayonun inzibati mərkəzidir.
Cavadovun vətəndaş cəmiyyətindəki fəallığı ona az gəlir gətirib. O, iki il yarım işsiz qalıb, ailəsi, 8 və 10 yaşlı iki uşağı onun həyat yoldaşının müəllim maaşı ilə yaşayıb. Ailənin özləri üçün məhsul yetişdirdiyi böyük bir bağı var. Cavadov tezliklə bir neçə qoyun satın almağı planlaşdırır.
Cavadov qeyd edib ki, Azərbaycanda dəyişikliklər ediləcəyi haqda ümidlərindən əl çəkməyib, ancaq bədbindir.
"Normal demokratik ölkələrdə gördüyümüz bütün mübarizə yollarının Azərbaycanda qarşısı alınıb. Seçkilər, qanunun aliliyi, ictimai mövqe yoxdur. Hökumət öz xalqından asılı deyil. Buna görə də konstitusiya hüquqlarımızdan istifadə etmək və fəaliyyət göstərmək işə yaramır. Reallıq budur".
Yenə də, o, bir fəal kimi həyatını sürdürməyə və “Qızıl Alma”nı dərc etməyə davam etməyi planlaşdırır.
"Hər hansı bir iş tapmaq mümkün olmayacaq. Mənim qazandığım tək şey insanların etibarıdır" – Cavadov qeyd edib.