Baş prokurorun birinci müavini Rüstəm Usubovun vəkil Nemət Kərimli barəsində tədbir görülməsindən ötrü Vəkillər Kollegiyasına təqdimat göndərdiyi bildirilir. Vəkil bununla bağlı noyabrın 16-da kollegiyada olduğunu söyləyir.
Aran Agentiliyi: N.Kərimli AzadlıqRadiosuna deyib ki, Baş prokurorun birinci müavini təqdimatında onu «ictimaiyyəti çaşdıran» məlumatlar yaymaqda günahlandırır. Vəkilin deməsinə görə, təqdimat həbsdəki jurnalist Əfqan Muxtarlının və Müsavat Partiyası başqanının müşaviri Tofiq Yaqublunun cinayət işi ilə bağlıdır. N.Kərimlinin jurnalistin və siyasətçinin vəkilidir. T.Yaqublu bir neçə il əvvəl mühakimə olunub, hazırda azadlıqdadır.
N.Kərimlinin bildirməsinə görə, prokurorluq hesab edir ki, vəkilin müdafiə etdiyi şəxslərin işləri ilə bağlı açıqlamaları çaşdırıcı məzmunlu olub.
"Baş prokurorun birinci müavininin təqdimatında qeyd olunur ki, mən internetdə, sosial şəbəkələrdə ictimaiyyəti çaşdıran məlumatlar yaymışam. Ancaq bununla bağlı hər hansı fakt və ya məlumat təqdim edilməyib", – deyən vəkil əlavə edib ki, bu gün, noyabrın 16-sı Vəkillər Kollegiyasının İntizam Komissiyasında olub. Ondan təqdimatla bağlı izahat istəyiblər.
Təqdimatdakı iddiaları rədd etdiyini bildirən vəkil vurğulayıb ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür:
"Ona görə də İntizam Komissiyasına qısa izahat verdim və bildirdim ki, sübut təqdim edilmədiyi üçün bu məsələyə münasibət bildirməyi artıq hesab edirəm".
N.Kərimli həmçinin, Baş Prokurorluğun Kollegiyaya təkcə ondan şikayətçi olmadığını deyib. Onun bildirməsinə görə, vəkillər Asabəli Mustafayev, Fəxrəddin Mehdiyev və Aqil Layıcov barəsində də tədbir görülməsi istənilir. Sözügedən şəxslər daha çox siyasi fəalların müdafiəsi sahəsində tanınan vəkillərdir.