Tarix : 2017 Nov 17
Kod 53442

Mehman Hüseynov: Bütün təzyiqlər fəaliyyətimlə bağlıdır

''Cəza çəkməyə o halda razı olaram ki, həbs edilən zamankı görüntülərimi təqdim etsinlər''
Aran Agentiliyi: Noyabrın 16-da Bakı Apelyasiya Məhkəməsində həbsdə olan bloger Mehman Hüseynovun şikayəti üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Əflatun Qasımovun sədrlik etdiyi iclasda M.Hüseynov ifadəsini yazılı formada təqdim edib. Daha sonra ifadə verən M.Hüseynov bildirib ki, bundan əvvəl dəfələrlə polis bölməsinə çağırılıb, son zamanlar ona qarşı  təxribatlar olub və izlənilib: 
"Bütün təzyiqlər fəaliyyətimlə bağlıdır. Son zamanlar fəaliyyətimi genişləndirmişdim və nazirlərin villalarını çəkmişdim. Bundan sonra küçədə bir dəfə təxribat oldu və mən bir neçə gün evdən çıxmadım. Hadisə baş verən gün dostlarım Samir Əsədli, Məsud Əsgər, Ülvi Həsənli ilə şəhərə gəzməyə getdik. Onlar maşınla gəlib məni evdən götürdülər və şəhərə gedəndə hiss etdim ki, bizi başqa maşınla izləyirlər. Şəhərdə isə məni saxlayıb, başıma torba keçirib, cərəyan verib, maşınla bir saata yaxın şəhərdə gəzdirdilər, sonra Nəsimi rayon Polis İdarəsinə gətirdilər. Məni saxlayan mülki geyimlilər dedilər ki, görürsən adamı nə günə qoyurlar. İdarədə huşumu itirdim, sonra məni ayıldıb başqa otağa apardılar. Həmin vaxt başıma torba keçirmişdilər. Hiss edirdim ki, alçaldılmış formada şəkillərimi çəkirlər və kiməsə göndərirlər. Mənim halım növbəti dəfə pisləşdi və həkim çağırdılar. Növbəti gün isə məni məhkəməyə apardılar. Güya kiminləsə dalaşmışam. Məni məhkəməyə aparan polislər heç bilmirdilər niyə həbs edilmişəm. Lakin onlar gəlib üzümə durdular ki, guya məni onlar həbs edib. Mənə cərimə cəzası kəsdilər. Mən məhkəmədən çıxanda başıma gələnləri jurnalistlərə danışdım. O vaxta kimi Musa Musayevi tanımırdım. Mən cəza çəkməyə o halda razı olaram ki, dalaşmağımı sübut etsinlər və həbs edilən zamankı görüntülərimi təqdim etsinlər. Həmin görüntülərə baxsanız görəcəksiniz ki, şər-böhtana məruz qalan da, həbs edilən də mənəm".
Musa Musayevin nümayəndəsi Əlirza Həbilov isə apelyasiya şikayətinin təmin edilməməsini istəyib. Bildirib ki, M.Hüseynov inzibati xəta törətdiyi üçün cəzalandırılıb və bu, onun fəaliyyəti ilə bağlı deyil. Vəkil deyib ki, M.Hüseynovun polis idarəsində təzyiqə məruz qalması barədə dedikləri prokurorluq tərəfindən araşdırılıb, təsdiq edilməyib.
Proses noyabrın 17-də davam edəcək.
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.
Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib.
Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apelyasiya Məhkəməsinə qaytarıb.
  • Yazılıb
  • da (də) 2017 Nov 17
  • Göndərən مدير سايت Aran News
Açar sözlər