Arannews- Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Mayıl Bayramovun sədrlik edib.Rakurs TV-nin məlumatına görə, prosesdə müdafiə tərəfinin vəsatətinə əsasən, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Ekspertiza şöbəsinin əməkdaşları ifadə verib. İlk olaraq, şöbənin əməkdaşı Qəniyev Mahir sualları cavablandırıb. O, kitabın məzmununa rəy verdiyini, kitabda konstisuion quruluşu dəyişməyə yönəlik çağırışlar olduğunu deyib.
Ekspertin ifadəsinə münasibət bildirən Elçin Qasımov verilən rəylə razı olduğunu bildirib:
"Bu qardaşın kitabın məzmununa verdiyi rəy obyektivdir. O, öz işini yerinə yetirib. Amma bu kitabın müəllifi kimdir? -məsələ budur. Kitabın içində yazılanlar müəllifin biz olduğu iddiasını darmadağın edir. Orda "Nardaran hadisələri"ndən bəhs edilir. Necə ola bilər ki, bir hadisə haqqında, həmin hadisə baş verməmişdən məlumat verilsin? Orada Elman Ağazadəyə və mənə olan zülmlər haqqında yazı var. Mən noyabrın 6-ı, Hacı Tale 26-ı, Elman Ağazadə isə 30-u həbs olunub. Tale Bağırzadə öncəgörənlik edib? Ya da onda belə çıxır ki, həmin kitabı "Bandotdel"də yazıb, "Bandotdel" əməkdaşları da paylayıb. Mən isə ayın 6-ı tutulmuşam, bəs necə ola bilər ki, dekabrda mənim evimdən çıxsın? Demək özləri qoyublar. Bu kitab cinayət işinin materiallarından çıxarılmalıdır".
Təqsirləndirilən İsa İbrahimov isə "Bandotdel"in həqiqi terrorçuları həbs etmədiyini, günahsız insanları isə şərlədiyini söyləyib:
"Dünən yanımıza yeni dustaq verildi. Bu adam 2013-cü ildə Suriyaya gedib, vuruşub, sonra qayıdıb. "Bandotdel" burda onu tutub, sonra buraxıb. 4 ay əvvəl isə DTX yenidən həbs edib. Məlum olub ki, bu adam Əhraruş-Şam terror təşkilatında pulemyotçu olub. "Bandotdel" bizi günahsız ola-ola tutur, amma belələrini buraxır".
Daha sonra Ekspertiza şöbəsinin digər əməkdaşı Şəhriyar İsmiyev ifadə verib. O, suallara cavabında bildirib ki, "Tale Bağırzadənin müraciəti" kitabı və "Müqavimət hərəkatı 1" adlı disk barəsində rəy verib. Ekspert ona təqdim edilən materiallarda dövlət quruluşunu dəyişməyə, radikalizmə çağırışların olduğunu deyib.
Ekspertə sual verən Elçin Qasımov, ondan hansı əsasla Tale Bağırzadə barəsində "iranmeyilli Müsəlman Birliyi Hərəkatının lideri" rəyini verdiyini soruşub. Ekspert bu suala cavab verə bilməyib. Çoxsaylı suallardan sonra hakim Şəhriyar İsmiyevə məhkəmə zalından çıxmasını deyib. Bu, təqsirləndiirlənlərin narazılığı ilə qarşılanıb.
Növbəti proses noyabrın 23-ə təyin olunub.
Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir. Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.