Noyabrın 17-də Bakı Apelyasiya Məhkəməsində həbsdə olan bloger Mehman Hüseynovun növbəti iclası baş tutub.
Arannews-Meydan TV-nin xəbərinə görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi iclasda Hüseynovun vəkili Fuad Ağayev çıxış edib. O, M.Hüseynov saxlanılan zaman olan videogörüntülərə, Nəsimi rayon Polis İdarəsinin qarşısında olan videogörüntülərə baxılmasını istəyib. Bildirib ki, əgər videogörüntülər məhkəməyə təqdim edilsə və baxılsa, həqiqət üzə çıxar:
"Birinci instansiya məhkəməsi bizim vəsatətləri təmin etmədi. Həmin görüntülər maddi sübutdur və bizim ona müdaxilə etmək imkanımız yoxdur. Polis idarəsinin qarşısında kamera yaraşıq üçün qoyulub? Niyə məhkəməyə təqdim edilmir".
F.Ağayev çıxışının sonunda izahat vermək istəyib. Hakim buna icazə verməyib və xəbərdarlıq edərək protokola yazılmasını istəyib. Bildirib ki, mahiyyətdən kənar çıxış etmək olmaz.
F.Ağayev Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin də prosesə çağırılıb dindirilməsini istəyib.
Digər vəkil Fəxrəddin Mehdiyev isə deyib ki, maddi sübutlar araşdırılmadan hökm vermək olmaz:
"Ali Məhkəmə də araşdırma aparılmadığı üçün işi geri qaytarıb".
M.Hüseynov isə vəkilləri ilə razı olduğunu deyib.
Musa Musayevin nümayəndəsi Əlirza Həbilov isə vəsatətlərin təmin edilməməsini xahiş edib. Bildirib ki, vəsatətlər əsassızdır.
Məhkəmə fasilədən sonra qərarı elan edib. Qərara görə vəsatətlər təmin edilməyib və növbəti iclas dekabrın 1-nə təyin edilib.
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.
Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib.
Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apelyasiya Məhkəməsinə qaytarıb.