Ölkə xaricindən yayımlanan "Turan TV"nin əməkdaşı Türkel Azərtürkün yaxın qohumunun həbs edildiyi bildirilir.
Arannews-Bu haqda T.Azərtürkün özü məlumat verib. Onun bildirdiyinə görə, Bakıda yaxın qohumunu uydurma ittihamla həbs ediblər.
""Bandotdel”in (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) əməkdaşları gəlib, dindar, heç siqaret belə çəkməyən bacanağım Emin Şaqiyevi evində həbs edib. Ona "sən xaricdəki qohumlarına məlumatlar ötürürsən” deyib, aparıblar. Ona qarşı Cinayət Məcəlləsinin 234.4-cü maddəsilə (narkotik vasitələrin külli miqdarda satışı) ittiham irəli sürüblər”, - deyən T.Azərtürk bacanağı barəsində Nərimanov Rayon Məhkəməsində həbs tədbirinin seçildiyini söyləyib.
T.Azərtürk bildirir ki, bacanağının həbsi məhz onun siyasi mövqeyi, hökuməti tənqid edən mediada çalışması ilə əlaqəlidir.
Nərimanov Rayon Məhkəməsindən "Turan” Agentliyinə E.Şaqiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildiyini təsdiqləyiblər. İşlə bağlı əlavə bilgi verilməyib.
T.Azərtürkün adını çəkdiyi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən isə hər hansı münasibət almaq mümkün olmayıb.
T.Azərtürk mühacirətdədir, hazırda Niderlandda yaşayır. Onun çalışdığı «Turan TV» telekanalı Avropada peykdən yayımlanır. Çapını dayandıran "Azadlıq” qəzetinin mühacirətdəki redaktoru Qənimət Zahidin rəhbərlik etdiyi həmin kanal Azərbaycan hökumətini sərt tənqidi ilə tanınır.