Tarix : 2017 Nov 20
Kod 53463

''Turan TV'' əməkdaşının qohumu həbs edilib

Azərbaycandan kənarda yayımlanan "Turan TV"-nin əməkdaşı Türkel Azərtürk qohumunun həbs edildiyini bildirir.

Arannews-Bu barədə Azadlıq Radiosuna məlumat verən T.Azərtürk deyib ki, bacanağı uydurma ittihamla həbs edilib. 
Jurnalistin sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel” kimi tanınır-red) əməkdaşları evinə gələrək, ona “sən xaricdəki qohumlarına məlumatlar ötürürsən” deyib, aparıblar. T.Azərtürk yaxın qohumunu “dindar, heç siqaret belə çəkməyən” kimi xarakterizə edir:
“Ona qarşı Cinayət Məcəlləsinin 234.4-cü maddəsilə (narkotik vasitələrin külli miqdarda satışı) ittiham irəli sürüblər. Nərimanov Rayon Məhkəməsi barəsində həbs tədbiri seçib”.
T.Azərtürk bildirir ki, bacanağının həbsi məhz onun siyasi mövqeyi, hökuməti tənqid edən mediada çalışması ilə əlaqəlidir.
Nərimanov Rayon Məhkəməsindən “Turan” Agentliyinə E.Şaqiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildiyini təsdiqləyiblər. İşlə bağlı əlavə bilgi verilməyib.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən isə hər hansı münasibət almaq mümkün olmayıb.
T.Azərtürk mühacirətdədir, hazırda Niderlandda yaşayır. Onun çalışdığı «Turan TV» telekanalı Avropada peykdən yayımlanır. Çapını dayandıran “Azadlıq” qəzetinin mühacirətdəki redaktoru Qənimət Zahidin rəhbərlik etdiyi həmin kanal Azərbaycan hökumətini sərt tənqidi ilə tanınır. “Turan TV” də Azərbaycana girişi əngəllənən saytlar sırasındadır. Bundan başqa, onun rəhbəri Qənimət Zahid yaxın günlərdə ölüm hədəsi aldığını bəyan edib.

  • Yazılıb
  • da (də) 2017 Nov 20
  • Göndərən مدير سايت Aran News