Tarix : 2017 Nov 20
Kod 53474

Bu ölkədə hüququn, seçkinin, azadlığın kitabı bağlanıb

Bu ölkədə minlərlə arzuların kitabı, talelərin kitabı bağlanıb
Arannews-Son günlərin əsas müzakirə mövzularından biri də ölkə başçısının müxalifəti “yad” etməsi oldu. Məlum çıxışda müxalifətin ünvanına xeyli “tərif”lər deyildi. Təbii ki, səslənən fikirlərə cavab gecikmədi, yüzlərlə status yazıldı, İlham Əliyevə suallar ünvanlandı. Amma ölkə başçısının “müxalifətin kitabı bağlanıb” deməsi, xüsusi diqqətə layiqdi.
Əvvəla, bir ölkədə müxalifətin kitabı bağlanıbsa, deməli, həmin ölkədə azad sözün, fərqli fikrin, şəffaf seçkinin, sağlam tənqidin də kitabı bağlanıb. Yəni, “müxalifətin kitabı bağlanıb” demək, “avtoritarizmin kitabı açılıb” etirafını etməkdi. Normalda hökumətlər müxalifətə geniş imkanlar tanıdıqları üçün öyünürlər. Bizdə isə müxalifətin kitabını bağlamaq qəhrəmanlıq sayılır.
Amma diqqətinizə çatdırmaq istədiyim əsas məqam tamam başqadır. Məsələ burasındadır ki, bu ölkədə kitabı bağlanmayan elə müxalifətdi. Yəni, bu ölkədə hüququn, seçkinin, təhsilin, səhiyyənin, ədalətin, azadlığın kitabı bağlanıb. Bu ölkədə minlərlə arzuların kitabı, talelərin kitabı bağlanıb. Müxalifətin isə kitabını bağlaya bilmədiklərinə görə narahatdılar. Siyasi məhbuslar, ölkədəki korrupsiyanın ifşası, minlərlə insanın meydanlarda etiraz etməsi göstərir ki, bu ölkədə müxalifət kitab yazmaqla məşğuldu. Bəli, normal hökumət “jurnal”ı buraxa bilməyənlər, müxalifətin kitabını bağlaya bilməz. Müxalifətçinin iş yerini bağlayırlar, azadlığını bağlayırlar amma kitabını bağlaya bilmirlər. Çünki, şərəfli yolun canı bir kitablıq olmur, kitabxanalıq olur. Birdə ki, müxalifətçilərin kitabı ürəyində, niyyətində, məqsədində olduğuna görə onu açıb-bağlamaq da özünə məxsusdu.
Müxalifət Azərbaycanda bağlanmış kitabları açmaq uğrunda mübarizə aparır. İnşallah, qopardılmış səhifələr yerinə qoyulacaq, örtülü vərəqlər açılacaq.
Bu ölkə kitabı bağlanmayanların sayəsində azad olacaq./azadlıq/


  • Yazılıb
  • da (də) 2017 Nov 20
  • Göndərən مدير سايت Aran News