“Hazırda həbsdə olan ReAl-ın sədri İlqar Məmmədova yaxınlığı ilə seçilən məhbuslara qarşı son zamanlar təzyiqlər var. Məhbuslardan Renat Yusubov karserə salınıb. Buna etiraz olaraq Renat Yusubov artıq 19 gündür aclıq elan edib və vəziyyəti ağırdır”.
Aran Agentiliyi: ''İlqar Məmmədova yaxın olan məhbuslara təzyiqlər edilir''
“Hazırda həbsdə olan ReAl-ın sədri İlqar Məmmədova yaxınlığı ilə seçilən məhbuslara qarşı son zamanlar təzyiqlər var. Məhbuslardan Renat Yusubov karserə salınıb. Buna etiraz olaraq Renat Yusubov artıq 19 gündür aclıq elan edib və vəziyyəti ağırdır”.
Respublikaçı Alternativ Hərəkatının mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.
Bildirilir ki, baş verənlər dolayısı ilə İlqar Məmmədova təzyiqdir:
“Məsələnin ciddiliyini nəzərə alaraq İlqar Məmmədov ABŞ, Avropa Birliyi, Avropa Şurası və AB üzvü olan dövlətlərin səfirliklərinə məlumat vermiş və onlarla görüş istəyib”.
İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) artıq onun bir şikayətini təmin edib. Məhkəmə 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdi. 2016-cı il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.
Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.
Avropa Şurası Nazirlər Komitəsi oktyabrın 25-də qəbul etdiyi qərarda bildirib ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də AİHM-ə müraciət etmək niyyətindədir. Söhbət Avropa İnsan Hüquqları Məhkəməsinin İ.Məmmədovla bağlı qərarına Bakının əməl etməməsindən gedir.
Qərarda həmçinin deyilir ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini ən geci noyabrın 29-na kimi bildirə bilər.
Nazirlər Komitəsi Azərbaycana qarşı Avropa Konvensiyasının 46 maddəsi ilə öz öhdəliyini yerinə yetirməmə məsələsini qaldıra bilər. Bu, Azərbaycana bir növ xəbərdarlıqdır.
Avropa Şurasının 68 illik tarixində hələ heç bir ölkəyə 46-cı maddə ilə öz öhdəliyini yerinə yetirməmə məsələsi tətbiq olunmayıb. Ona görə həmin prosedurun başlamasının Azərbaycandan ötrü hansı nəticələri doğuracağını hələlik heç kəs konkret söyləyə bilmir.
2017-ci il noyabrın 16-də Avropa İnsan Haqları Məhkəməsi İlqar Məmmədovla bağlı yeni qərar qəbul edərək, ona qarşı ədalətli məhkəmə hüququnun pozulduğunu bildirib və 10 min avro məbləğində kompensasiya təyin edib.
Karserə salınan Renat Yusubovun xanımı Valeriya Yusubova Meydan TV-yə bildirib ki, o, həyat yoldaşı ilə noyabrın 18-də görüşüb:
“Onu möhkəm döymüşdülər. Oktyabrın 30-da isə kobud rəftara görə 14 günlük “kars”a salınmışdı. Etiraz olaraq aclıq aksiyasına başladı və hələ də aksiyanı davam etdirir”.
Renat Yusubov hərbçi olub, 2009-cu ildə Cinayət Məcəlləsinin mənimsəmə və israfçılıq maddəsi ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Məsələyə aydınlıq gətirmək üçün Meydan TV Penitensiar xidmətin mətbuat katibi Mehman Sadıqovla əlaqə saxlayıb. O, bildirib ki, heç kimi qanunsuz olaraq karsa salmırlar.
“Daxili qaydaları pozanlar karsa salınıb və Yusubovun döyülməsi barədə deyilənlər yalandır”.