Arannews-İslaminSesi bildirir ki, 2017-ci ilin sentyabr ayında Penitensiar Xidmətin rəhbərliyi vəkil Yalçın İmanovla bağlı Vəkillər Kollegiyasına şikayət edib.
Qurum şikayət ərizəsində bildirib ki, vəkil Nardaran məhbusu Abbas Hüseynova işgəncə verilməsi barədə əsassız məlumat yayıb.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 20 noyabr 2017-ci il tarixdə keçirdiyi iclasda şikayətə baxılıb və vəkil Yalçın İmanovun fəaliyyətinin dayandırılması qərara alınıb.
Yalçın İmanov isə Toplum.Tv-yə bildirib ki, Vəkillər Kollegiyasının çıxardığı qərarı qanunsuz hesab edir: "Məhkəmə qərarı bəlli olduqdan sonra lazımi addımları atmaq fikrindəyəm. Bu qərar mənim üçün gözlənilən idi. Belə bir qərarın verilməsinə özümü psixoloji cəhətdən hazırlamışdım. Kollegiyanın bugünkü qərarı ilə bağlı məhkəməyə müraciət etmək nəzərdə tutulub. Mən özüm də məhkəmədə iştirak edəcəyəm. Bütün sübutları ortaya qoyaraq qərarın qanunsuz olduğunu bir daha məhkəmənin diqqətinə çatdıracağam. Mənim kollegiyadan uzaqlaşdırılmağım birbaşa vicdan məhbusu Abbas Hüseynin işgəncələrə məruz qalmasını barədə verdiyi məlumatı mətbuata çatdırmağımla bağlıdır”.
2016-cı idə Vəkillər Kollegiyasından çıxarılan Xalid Bağırov da məsələyə münasibət bildirib.
O, Yalçın İmanovla bağlı çıxarılan qərarı qanunsuz sayıb: "Hesab edirəm ki, məhkəmə də Vəkillər Kollegiyasının qərarını müdafiə edib, Yalçın İmanovun kollegiyadan çıxarılması barədə qərar qəbul edəcək. Bundan sonra ümid təkcə Avropa İnsan Haqları Məhkəməsinə qalır. Avropa Məhkəməsi də Azərbaycandakı durumu çox gözəl anlayır. Buna görə də Avropa Məhkəməsi tələb qoymur ki, şikayəti edən tərəfin vəkili mütləq şəkildə Vəkillər Kollegiyasının üzvü olsun”.
Vəkillər Kollegiyasının qərarında bildirilir ki, Y.İmanovun Vəkillər Kollegiyasının üzvülüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət ediləcək və həmin vaxta qədər isə o, heç bir işə çıxa bilməz.