2015-ci il noyabrın 26-da Nardaranda keçirilən polis əməliyyatı zamanı şəhid edilən yerli sakinlərdən birinin - Rəfael Bünyadovun oğlu Hüseynağa deyir ki, onu həm də atasının məzarının şəklini yaydığına görə həbs ediblər. 17 yaşlı Hüseynağa Bünyadov vəkili Fəxrəddin Mehdiyevlə görüşündə belə deyib.
Arannews:nur-az.com istinadən xəbərə:Vəkil AzadlıqRadiosu-na bildirib ki, noyabrın 22-də Binəqədidə - inzibati həbs cəzası alanların saxlandığı təcridxanada onunla görüşüb. Müdafiəçinin sözlərinə görə, Hüseynağa deyib ki, məhkəmə qərarında yazılanlar yalandır, nə ictimai qaydanı pozub, nə də polisə müqavimət göstərib:
“Hüseynağa Bünyadov deyir ki, onu noyabrın 20-də, saat 16.00 radələrində evlərinin yanında, ikisi polis, biri mülki geyimdə olan üç nəfər tutaraq 42-ci polis bölməsinə aparıb. Orada ona deyiblər ki, saxlanmasının səbəbi “facebook” səhifəsindəki paylaşmalarıdır. Paylaşımlar da, əsasən, şəkillərdir. O, atasının və onunla birlikdə şəhid edilən digər sakinlərin məzarının şəkillərini, ilahiyyatçı Taleh Bağırovun, Abbas Hüseynovun fotolarını paylaşıb. Tələb ediblər ki, bu cür paylaşımlara son qoysun”, - vəkilin sözləridir.
F.Mehdiyev polis bölməsində H. Bünyadova polisə müqavimət göstərməsi haqda izahat yazdırıldığını, bununla bağlı inzibati xəta protokoluna qol çəkdirdiklərini də bildirib: “Onun qarşısında şərt qoyublar ki, belə izahata razılaşmasan, sənin üçün pis olar. Cinayət işi başladıb, uzunmüddətli həbsə göndərməklə hədələyiblər”.
Ardınca H. Bünyadov Sabunçu Rayon Məhkəməsinə aparılıb və ona 30 sutka inzibati həbs cəzası verilib.
Vəkil məhkəmənin bu qərarından apellyasiya şikayəti verib.