Arannews-Bu qırğın Misirdə ölü sayına görə 2013-cü ildən sonra baş verən ən dəhşətli hadisədir. Hələlik hər hansı terror qruplaşması məsuliyyəti üzərinə götürməyib. Lakin son zamanlar Sinay vilayətində baş verən hücumları İŞİD təşkil edib. Onlar, əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşlarını və kilsələri hədəf alıblar.
Hadisə necə baş verib?
Şahidlərin dediyinə görə, onlarla silahlı şəxs "off-road" avtomobilləri ilə məscidin qarşısına gəlib, sonra da içərisi müsəlmanlarla dolu olan məscidi partladıblar. Silahlı şəxslər məsciddən qaçmağa çalışanları isə avtomatla öldürüblər. Hücumçular məscidin girişini bağlamaq üçün avtomobillərini onun qarşısında saxlayıblar.
Hadisə yerindən çəkilən fotolardan göründüyü kimi, məscidin içərisi qanlı cəsədlərlə doludur. 100 nəfərdən çox yaralının olduğu bildirilir.
"Terrorçular məsciddən qaçmağa çalışanlara da atəş açırdılar", - deyə məsciddə ölən şəxslərdən birinin qohumu Reuters agentliyinin müxbirinə söyləyib.
Hədəf kimlərdir?
Ölənlərin çoxu hərbiçilərdir. Sakinlər bu məsciddən daha çox sufilərin istifadə etdiklərini bildiriblər. İŞİD də daxil olmaqla, bəzi cihadçı qruplar sufizmə bidətçilik kimi baxırlar. Qeyd edək ki, ötən ilin dekabr ayında İŞİD-in Sinay yarımadasındakı polis rəisi tövbə etməyən sufilərin öldürüldüyünü açıqlamışdı.
Hücumun arxasında kim dayanıb?
İslamçı militantların Sinay yarımadasındakı üsyançı fəaliyyətləri Məhəmməd Murisnin 2013-cü ildə edilən etirazlar nəticəsində devrilməsindən sonra daha da artıb. Həmin hadisədən sonra Sinay yarımadasında İŞİD-lə əlaqəsi olan qruplar tərəfindən yüzlərlə polis, hərbiçi və sıravi vətəndaş öldürülüb.
Sentyabr ayında Əl - Əriş yaxınlığında terrorçuların polis konvoyuna hücum zamanı 18 polis əməkdaşı həlak olub. Həmçinin 2015-ci ildə Sinay yarımadasında 224 sərnişinin olduğu Rusiyaya məxsus təyyarə də qəzaya uğrayıb.
Bunlar Sinay yarımadasının şimalında fövqəladə vəziyyət elan edildikdən sonra törədilib. Belə ki, İŞİD Sinay əyalətini Sinay yarımadasında idarə etdiyi islamçı vilayətə çevirmək istəyir.
Görünməmiş hücum
İslamçı militantlar uzun müddətdir ki, Misirin şimalında hüquq mühafizə orqanlarının əməkdaşlarını və hərbçiləri hədəf alıblar. Lakin terror aktının məsciddə, üstəlik də cümə namazı zamanı törədilməsi dəhşətli hadisənin miqyasını daha da genişləndirir.
Uzun müddətdir ki, Sinay vilayətinin şimalına jurnalistlər buraxılmır. Hətta dövlət tərəfindən mailiyyələşdirilənlər belə...
Hücumların belə tez-tez baş verməsi sözügedən ərazidə anti-terror əməliyyatlarının aparıldığına şübhə doğurur. Dəfələrlə terrorçuların zərərsizləşdirilməsi barədə məlumatlar verilsə də, görünür ki, militantlarla ordu arasındakı savaş bitməyib.
Faciəyə dünyanın münasibəti necə oldu?
Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkədə üç günlük matəm elan edib. Ötən gecə Parisdə Eyfel qülləsinin işıqları terror aktının qurbanlarının xatirəsinə söndürülüb.
Ərəb Dövlətləri Liqasının rəhbəri Ahmed Aboul Gheit hücumu şiddətlə qınayıb.
Britaniyanın baş naziri Tereza Mey və Fransa XİN rəhbəri Jan-İv Le Drian hadisənin dəhşətli olduğunu qeyd edib və qurbanların ailələrinə başsağlığı verib. Amerika prezidenti Donald Tramp isə terroru lənətləyib və hər kəsi terrora qarşı birləşməyə səsləyib.